Salam, hörmətli vəkil Elçin Sadıqov müəllim. Ümid edirəm yaxşısız. Mən də yaxşıyam, amma hələlik gözlərim haqqında bunu deyə bilmirəm. Lakin bir müddət sonra yəqin ki, deyəcəyəm. Elə sizə məktub yazmağıma səbəb də bununla bağlıdır. Daha doğrusu, bir müddət sonra görməylə bağlı problemimin aradan qalxacağı üçün sizə təşəkkür etmək istəyimlə bağlı.
...gözlərimi müayinə edib, uzaqgörmə eynəyi yazması üçün etdiyim göz həkimi tələbimi ən tez üç aylıq intizardan sonra təmin edən cənablara təşəkkür etmək üçün adam gərək Stokholm sindromuna tutulmuş olsun.
Ola bilər ki, Penitensiar Xidmət deyilən hörmətli orqan, təşəkkürü ona yox, sizə etdiyim üçün məndən incisin. Ancaq, gözlərimi müayinə edib, uzaqgörmə eynəyi yazması üçün etdiyim göz həkimi tələbimi ən tez üç aylıq intizardan sonra təmin edən cənablara təşəkkür etmək üçün adam gərək Stokholm sindromuna tutulmuş olsun. Mənsə bu sindromdan yox, sadəcə miyopiyadan, uzaqgörməzlikdən əziyyət çəkirəm.
Penetensiarın cənablarına təşəkkür borcum olmadığını deməklə mən heç də dövlətimizin norveçli cani Adres Breyviki – hə, o 70-dən artıq insanı bir neçə dəqiqəyə qırıb, cəmi 21 ilə məhkum edilən və oyun konsolu üçün yeni oyunların verilmədiyindən şikayətlənən həmin şovinisti – belə qısqandıracaq humanizminə kölgə salmaq niyyətində deyiləm, əsla. Belə nankorluğa görə Kürdəxanı türməsinin qara kərpic çörəyi adamın burnundan gələr.
...burda rahat və isti hücrəmin yaşatdığı xoşbəxtlik nə qədər qaneedici olsa da, bir müddət sonra milli ruhdan yoxsun olub, həqiqətləri, gözəllikləri görə bilməyib, bunları mədh etməkdən uzaqlaşmaq və beləcə dövlətə-millətə yararsız biri halına düşmək qorxusu məni dəhşətə salır.
Məsələ belədir ki, burda rahat və isti hücrəmin yaşatdığı xoşbəxtlik nə qədər qaneedici olsa da, bir müddət sonra milli ruhdan yoxsun olub, həqiqətləri, gözəllikləri görə bilməyib, bunları mədh etməkdən uzaqlaşmaq və beləcə dövlətə-millətə yararsız biri halına düşmək qorxusu məni dəhşətə salır.
Belə bir yaramaza çevrilməyin uzaqgörmə eynəyi ilə, dioptri ilə nə əlaqəsi var deyə soruşa bilərsiz. İş belədir ki, başda dövlətimizin ya da dünyanın xoşbəxti olan millət vəkilimizin hələ bir neçə il əvvəlki coşan humanizminin naticəsi olaraq kamera divarına bərkidilmiş teleekran, altı kvadratmetrlik hücrəmin rahatlığına elə bir humanist rəng qatır ki, bura üçün türmə kamerası sözünü işlədən insafsız adama, yüz əlli il əvvələ qayıdıb, Petro-Pavlovsk qalasında dövrünün dəlisi Mixail Bakuninlə dusdaq yoldaşı olmaq kimi anaxronik bir qarğış etmək lazımdır vallah!
Qısası, bu ekran mənim uzaqgörməz gözlərimçün xeyli uzaq olduğundan, ‘1984’-ün teleekranını çatladacaq qədər həqiqətcilliyə sahib xəbərləri göstərən telekanallarımızı dövlətə sadiq bir vətəndaş kimi izləməyə çətinlik çəkirəm. Düzdür, TV deyilən icadın səsi də çıxır və mən milli televiziyalarımızım səsinə şübhə edəcək qədər yolumu azmamışam, amma siz də, yüz eşitmə, bir gör deyən ataları bu məsələ görə bekar hesab edəcək qədər antimilli olmayın da! Odur ki, teleekranın göstərdiklərini əksiksiz görməliyəm ki, milli-mənəvi, vətənpərvər, dövlətçi ruhdan yaxınlaşmaq kimi bir dəhşətdən qurtulum.
...Nardaran sakinlərinin Kürdəxanıya köçürülməsinin İslam ümmətinə qarşı ən böyük dövlət qayğısı olduğunu necə başa düşə bilər və bunu qanmadan dövlətə, dinə sevgisi necə hifz oluna bilər?
Eynək də mənə bu fəlakətə uğramamaqdan ötrü teleekranı görə bilməkçün lazımdır, bununçün uzaqgörən olamlıyam! Axı bir fikirləşin, Avropa faşizminin müsəlmanlara necə zülm etdiyini, az qala XXI əsrin Rekonkistasını həyata keçirdiyini teleekrandan görə bilməyən Nardaran sakinlərinin Kürdəxanıya köçürülməsinin İslam ümmətinə qarşı ən böyük dövlət qayğısı olduğunu necə başa düşə bilər və bunu qanmadan dövlətə, dinə (din böyük hərflərlə oxunur) sevgisi necə hifz oluna bilər? Yaxud düşünün, fransız polisinin Paris küşələrindən yığışmaq bilməyən anarxiyaçıları vəhşicəsinə döydüyünü görmədən – bunu görmək lazımdı, görmək və ölmək! – dövlətimin şərəfli, namuslu polisinə şər atan yaramazlara, milli ruhlu bir vətəndaş olaraq nifrət hissi əskik qala bilər...
Hələ Türk qardaşlarımızı itinə-köpəyinə yem edən hollandları TV-də görə bilməsək, onların ekranlarımızdan daha mavi olduqlarına şübhə duyub da milli mənəviyyətımızı ləkələyəməzmiyik? Özü-sözü azad üçbucaq kanalının özü turançı, sözü azərbaycançı səhər müjdəçisinin, axşambazarı elədiyi politoloqluğunu görməsən, bu küçə zehniyyətli hollandlara bənd olub özümüzdəki küçə uşaqlarını qəhrəman elan edəcək qədər antimilli olasan əlbəttə ki.
Yaxud, teleekrandan Cocuq Mərcanlı kəndinə qayıdışı, orda yeni həyatın başlanmasını görə bilməyən ən odlu vətənpərvərin belə ürəyində bir il əvvəl baş verənlərin böyük böyük qələbə olduğuna cıqqılı da olsa şübhə qala bilər.
Bu özü gənc, ruhu qocanın dediyi kimi, belə küçə uşaqlarını adıyla çağırmaq lazımdır, daha qəhrəman elan etmək yox. Belə də, Böyük Turanı olmasa da, irəlidə özünə Milli Məclisdə kreslo, yaşamaqçün babat şərait qurmaq olur. Tenqri xeyir versin! Yaxud, teleekrandan Cocuq Mərcanlı kəndinə qayıdışı, orda yeni həyatın başlanmasını görə bilməyən ən odlu vətənpərvərin belə ürəyində bir il əvvəl baş verənlərin böyük böyük qələbə olduğuna cıqqılı da olsa şübhə qala bilər.
Bu məşum cıqqılı şübhəni körükləməyə can atan antimilli cocuqlar azdırmı? Azdırmı bu qələbənin hərbi dərsliklərə salınmalı, Von Klausvitzin sümüklərinin sızlamalı olduğunu inkar edəcək, düşməndən konfet alan cocuqlar? Belə yaramaz coluq-cocuğun, o kəndin iyirmi üç il əvvəl ötürüldüyünü hər addımbaşı təkrarlayıb, ancaq ‘orda, bir kənd var uzaqda, o kənd bizim kəndimizdir’ mahnısını oxumağa gəlməyən cocuq dillərini qırmızı lent kəsən qayçıyla kəsmək lazımdır.
Belələrinin, C.Mərcanlını Potyomkin kəndi qanan cocuq başlarına özüuçan pilotsuz təyyarələrimiz düşsün! Bax belə coluq-cocuqlardan birinə çevrilməməkçün görə bilməliyəm teleekranı. Yoxsa uzaqgörməzlik ucbatından məcburən ancaq yaxına baxıb, hansısa boş-bekar cizma-qaraçının uydurduğu ‘Müharibə elan edən tərəflər bunu gərək biletli tamaşa kimi təşkil edələr. Meydanasa hər iki tərəfdən əyinlərində ancaq tuman, əllərində çomaq olan yalnız nazirlər və generallar buraxıla və onların bir-birinin əngini əzməsində salamat qalan tərəf qalib sayıla. Belədə hansısa müharibədə qalibiyyətə sevinmək olar bəlkə. Hətta elə məğlubiyyətə də.’ sözlərini görə bilir, belə gic-gic söhbətlərlə milli-mənəvi, dövlətçi, vətənpərvər hisslərini olmazın zədələmiş olursan. Bundan sonra onlarla əsgər itirməyin əvəzində, düşmənin yüzlərcəsini itirdiyinə Ura! qışqırıb, bu qələbədən coşaraq, İslamiadaya, Formula 1-ə alqış tutacaq, qəlbi fərəhlə dolu halda gəzərək şoppinq festivalında vitrinləri boşaldacaq vətənpərvərliyə sahib ol görüm necə olursan.
Çətindi… Hər şey bir yana, həyatın hər sahəsində səfalətin hökm sürdüyü, camaatın ancaq sarı rəngli PAZ avtobusuna minə bildiyi üzdəniraq, könüldənuzaq, kürküyırtıq qonşumuz Ermənistanın keçdiyi pazdan qurtulmaqçün mitinqlərlə filan dağıldığını ekrandan görə bilməsən.
Çətindi… Hər şey bir yana, həyatın hər sahəsində səfalətin hökm sürdüyü, camaatın ancaq sarı rəngli PAZ avtobusuna minə bildiyi üzdəniraq, könüldənuzaq, kürküyırtıq qonşumuz Ermənistanın keçdiyi pazdan qurtulmaqçün mitinqlərlə filan dağıldığını ekrandan görə bilməsən. Parlamentar respublikanın necə bir sarsaqlıq olduğunu qanmaz, cəbhə xəttinə gedib həyatını riskə atan prezidentdən ikincisini, üçüncüsünü də istəməyəcək qədər antimilli nankor olmayacağına inandıra bilməzsən.
Amerikadakı erməni Tankiyanın basa-basa Gümrüyə seçki müşahidə etməyə gəldiyini, seçkilərdə saxtakarlıq aşkarladığını görməsən, onu Sarkisyanın ətrafında sıx birləşə bilməyəcək qədər bədbəxt olduğuna inanmazsan. Tankiyanın yazıqlığını teleekranda görə bilmək, görüb də prezident sevgisindən yoxsunluğuna gülmək və ‘Tanrım Əfruz xalamızı qoru!’ hayqırmağı gərəkdir ki, milli ruhun göylərə qalxsın, gözlərdən, qulaqlardan vətənpərvərlik fısqırsın. Bütün bunlarçün, bununla da milli ruhu hifz edə bilmək, antimilli olmamaqçün hücrənin divarındakı teleekranı görə bilməliyəm. Bax buna görə uzaqgörən olamlıyam!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.