Bizim Statkom-un hesabatlarından ölkə və rayonlar üzrə mənzillərin sayı barədə sadə bir məlumatı tapmaq olmur. Amma görün Avropa Birliyinin statistika orqanı mənzil təminatı ilə bağlı hansı göstəriciləri hesablayır və ictimailəşdirir:
AB statistika qurumu üzv ölkələrdə əhalinin mənzil şəratini qiymətləndirmək üçün bir neçə maraqlı indikatordan istifadə edir:
Mənzil xərclərini qarşılaya bilmə səviyyəsi
Əgər mənzil xərcləri (mənzil üçün verilən subsidiyalar çıxılmaqla - "net" xərclər) ev təsərrüfatının sərəncamda olan gəlirlərin 40%-dən çoxdursa, bu "aşırı mənzil xərci" (housing cost overburden rate) kimi statistikada uçota alınır. Son statistikaya görə, AB əhalisinin 11%-nin aylıq sərəncamda qalan gəlirlərinin 40%-dən çoxu mənzil xərclərinə gedib. Mənzil xərcləri dedikdə kirayə haqqı+kommunal xərclər+əmlak vergisi+ipoteka krediti və s. kimi bütün xərclər daxildir.
Mənzillərdə "yüksək sakin sıxlığı" (overcrowding rate)
"Yüksək sıxlıqlı mənzil" üçün AB statistikasının çox konkret meyarları var. Məsələn, yalnız ər-arvaddan ibarət ailə təsərrüfatı 1 otaqlı mənzilə malikdirsə, 18 və yuxarı yaşda övladlarının hər birinin ayrıca otağı yoxdursa, eyni cinsdən (oğlan və ya qız) 12-17 yaşlı uşaqların hər birinin ayrı otağı, eyni cinsdən olduqda isə 2-si üçün ayrıca bir otağı olmayan ev təsərrüfatları "yüksək sıxlıqlı mənzil" kateqoriyasına daxil edilir. Hazırda AB üzrə ev təsərrüfatlarının 16%-i "yüksək sıxlıqlı mənzil"lərdə yaşayır.
"Kəskin mənzil məhrumiyyəti"
Bu göstərici yuxarıda göstərilən "yüksək sıxlıqlı mənzil" göstərici əsasında hesablanır. "Yüksək sıxlıqlı mənzil"lər 3 meyara cavab vermədikdə, həmin mənzildə yaşayan ev təsərrüfatı "kəskin mənzil məhrumiyyəti" statistikasına daxil edilir: a) "yüksək sıxlıqlı mənzil"in fiziki durumu yaxşı vəziyyətdə deyilsə və damırsa; b) sanitar qovşağa malik deyilsə; 3) mənzil zəruri işıqlanma imkanına malik deyil və qaranlıqdır. Ən son statistikaya görə, AB üzrə 4.9% mənzil "kəskin mənzil məhrumiyyəti" statistikasına uyğun gəlir.
Özünüzü test edin, görün özünüzü AB vətəndaşı hiss etmək imkanımız varmı - ən azı mənzil standartları baxımından?..
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.