Turizm Nazirliyinin sektor müdiri Mahir Qənbərov açıqlama verib ki, “2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib”.
Birinci rəqəmləri şişirdirlər, şişirdə bilməyəndə, yəni onun üstünü açmaq asan olanda, başlayırlar rəqəmləri gizlədib, əhəmiyyətsiz, təsiri az olan göstəriciləri “dəfə” ilə ifadə etməyə.
Bilmirəm o açıqlamadakı lazımlı məlumatları dövlət rəsmisi “gizlədib”, yəni açıqlamayıb, yoxsa jurnalist. Amma daha çox ona inanıram ki, nazirliyin məsul şəxsi rəqəmləri deməyib. Çünki bu hökumət rəsmilərinə xas taktikadır. Birinci rəqəmləri şişirdirlər, əgər rəqəmləri lazım olan dərəcədə şişirdə, saxtalaşdıra bilməyəndə, yəni onun üstünü açmaq asan olanda, başlayırlar rəqəmləri gizlədib, əhəmiyyətsiz, təsiri az olan göstəriciləri “dəfə” ilə ifadə etməyə.
Bu məsələ də ondan qaynaqlanır ki, dövlət strukturlarında şəffaflıq, ictimai nəzarət yoxdur. Olsaydı, bir çox dövlət məmurları “filan göstərici neçə dəfə qalxdı” yox, “filan göstərici filan qədər artı, yaxud azaldı” kimi daha dəqiq açıqlamalar verərdilər. Amma burda heç bir dəqiq say, neçə nəfərin gəldiyi ilə bağlı göstəricilər yoxdur. Statistika Komitəsi də turizm sahəsi üzrə göstəriciləri saytda yerləşdirməyib. Yəni nazirlik nümayəndəsinin açıqlamasının adı, insanları aldatmaq üçün verilən statistikadır. Hətta azad mətbuatın demək olar tam susdurulduğu, bloklandığı ölkədə hakimiyyət real statistikaları açıqlamaqdan qorxur. Çünki ümumi fəaliyyət qeyri-şəffafdır, korrupsiyaya bulaşıb və üstəlik inkişaf yoxdur.
Hökumət və hakimiyyət mediası elə təqdim edir ki, guya Azərbaycana gələn turistlərin sayında dəhşətli artım var. Birincisi, ümumi rəqəmi açıqlamırlar ki, cəmiyyət ümumi mənzərəni aydın görsün. İkincisi, bu az sayda turist gələn ölkələrin “dəfələrini” deməklə Turizm Nazirliyi insanları aldadır. Məsələn, 2-3 ölkənin rəqəmini açıqlayım: 2015-də rəsmi statistikaya görə İordaniyadan 464, Küveytdən 528, İraq və BƏƏ-dən isə təxminən 2000 (İraq 2147, BƏƏ 2379) nəfər gəlib. Amma adları çəkilən Omman, Qətər kimi ölkələrin 2015-ci ildəki göstəriciləri belə Statistika Komitəsinin saytında, yaxud Turizm Nazirliyinin məlumatlarında yoxdur.
Çünki hakimiyyət istəmir real mənzərə ortaya çıxsın. Rəqəmlər ortaya çıxsa bilinəcən ki, ölkəyə gələn turistlərin sayında hansı dəyişiklik baş verib. Bu hələ şəffaflığın ən adi elementidir.
Adı çəkilən ölkələrin artımını hesablayanda uzağı 100 min nəfər (hökumətin açıqladığı məhdud rəqəmlər əsasında bu rəqəmi çıxarmaq mümkün oldu) artımdan söhbət gedir. Amma bu yuvarlaq artım “dəfələri” də şübhəlidir. Ona görə dəqiq rəqəmlər çox vacibdir. Amma digər ölkələrdən gələnlərin rəqəmlərini bilmirik deyə müqayisə aparmaq, araşdırma etmək olmur. Çünki hakimiyyət istəmir real mənzərə ortaya çıxsın. Rəqəmlər ortaya çıxsa bilinəcən ki, ölkəyə gələn turistlərin sayında hansı dəyişiklik baş verib. Bu hələ şəffaflığın ən adi elementidir.
Başqa ölkələri hələ qoyuram bir kənara. Məsələn, ötən il Gürcüstana gələn turistlərin sayında 460 min nəfərlik artım olub və ümumi turistlərin sayı 6.3 milyona çatıb. Bu da Azərbaycanla (2015-ci ilə görə 2 milyon) müqayisədə təxminən 3 dəfə çoxdur. Qonşu ölkəyə 2016-cı ildə sırf turizmdən gələn xarici valyuta isə 2.2 milyard dollardır. Amma Azərbaycanda bu cür məlumatlar açıqlanmır.
2016-cı ilin statistikaları Azərbaycan tərəfindən açıqlanmadığı halda, Gürcüstan hakimiyyəti hər ayın statistikasını açıqlayır. Çünki şəffaflıq var, Azərbaycan hakimiyyəti kimi ilin yekunları ilə bağlı şişirdilmiş rəqəmlər düzəldirmir. İlin sonunu gözləmədən hər ay rəqəmləri elan edirlər.
Azərbaycanda niyə bu rəqəmlər əl çatan deyil, gizlədilir? Çünki sistemdə ciddi korrupsiya var, bu sahənin inkişafı indiki idarəçiləri heç maraqlandırmır. Gürcüstanda isə turizm idarəçilərinin yanaşması düzgün istiqamətdədir.
Statistikaları hər detalına qədər açıqlayırlar, şəffafdırlar, QHT-lərlə əməkdaşlıq edirlər, turizm şirkətlərinə dəstək olurlar, düzgün siyasət qururlar, araşdırmalar aparırlar, bu da yekunda turizmin hər il təxminən 7-10 faiz inkişafına səbəb olur. Bizim hökumət isə neçə illərdi ölkəni inkişafdan saxlamaqla məşğuldur.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.