TƏHSİLSİZLƏRİN CƏMİYYƏT ÜÇÜN TƏHLÜKƏSİ
İnsan övladı hər zaman iki cəbhəyə ayrılıb: cahillər və ariflər. Cahil insanların dünyanın başına nə oyunlar açdığını bir çoxumuz bilirik. Şübhəsiz ki, elə şəxslər var ki, cəhaləti özünə qibləgah seçib, bütün mənəvi sistemini bunun üzərində qurur.
Cəmiyyətin mənəvi və əxlaqi dəyərləri getdikcə aşağı düşür. Pul, hakimiyyət və güc mənəviyyatı və insani kefiyyətləri üstələyir...
Ən qorxulusu isə odur ki, bu qəbildən olan insanlar hər necə yolla da olsa, əlinə hakim gücü keçirib, iqtidar xalatını əyninə geyəndə, istənilən cəmiyyətin qara günləri başlayır. Cəmiyyətin mənəvi və əxlaqi dəyərləri getdikcə aşağı düşür. Pul, hakimiyyət və güc mənəviyyatı və insani kefiyyətləri üstələyir, dominantlıq təşkil edir. Bəs bunun səbəbi nədir? Niyə bu tipli insanlar meydana gəlir və böyük bir kütləni hakimiyyəti altına alır? Səbəbi bir çoxları üçün aydındır: təhsilin zəif olması. Bəs necə etmək olar ki, belə şəxslərin qol-budağını əvvəlcədən kəsəsən? Şübhəsiz ki, təhsili güclü etməklə.
TƏHSİLİN KEYFIYYƏTINI NECƏ QALDIRMALI?
Bu barədə inkişaf etmiş ölkələri nümunə götürmək olar. Onlar daim təhsildə islahat aparıb, sistemi təkmilləşdirirlər. Nəticəsini isə nəninki hazırki nəsil, hətta bir neçə onillik belə sözün yaxşı mənasında görür. İndiki halda Azərbaycanın təhsil sisteminə nəzər salanda, “bərbaddır” sözü belə çox yumşaq görünür. Sanki Azərbaycanda hər kəs məktəbə oxumaq və yazmaq üçün gedir, öyrənmək üçün deyil.
Uşaq beyni “ağ kağız”dır. Nə yazsan, şübhəsiz ki, ömrünün sonuna qədər o “kağıza” istinad edərək yaşayacaq.
Kitabda yazılan mətni evdə əzbərləyib, onun məntiqini və mənasını başa düşə bilməyən şagirdlər gələcəkdə, təhsilsiz olduqlarından dolayı, cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilirlər. Bir baxaq: “Salam uşaqlar. Sabah 8 Mart gəlir”. Budur, valideyn üçün mesaj var. Pul kisəsinin ağzı açılmalı və maliyyə vəsaiti “Bayram sovqatı” adı altında transfer olmalıdır bir neçə şəxsin cibinə. Ordan isə yüksək instansiyaların payına mütləq çatmalıdır. İndi bu aspektdən yanaşanda, gözünü açandan, rüşvət, əzbərçilik və lövhədə bir təbaşir və partada bir dəftərdən başqa bir şey görməyən şagird gələcəkdə necə yaradıcı və cəmiyyət üçün xeyirli biri olsun. Uşaq beyni “ağ kağız”dır. Nə yazsan, şübhəsiz ki, ömrünün sonuna qədər o “kağıza” istinad edərək yaşayacaq.
Təbii ki, istisnalar da olur. Lakin işi istisnaların həll edəcəyini düşünməyin özü bir cəhalətdir. Arif insanların dominantlıq təşkil etmədiyi bir cəmiyyətdə, hansı islahat, hansı əsl elm ocaqları fəaliyyət göstərə bilər axı? Deməli təhsili keyfiyyətli etmək üçün ən əsas faktor: rüşvət və o rüşvət sistemindən böyüyüb “mənəvi pay” alan təhsil sisteminin “aparıcı kadrlarını” sözün əsl mənasında təmizləmək və bir daha təhsilə yaxın buraxmamaq lazımdır. Yalnız bu yolla həqiqi təhsilə və arif insanların dominant olduğu bir cəmiyyətə sahib olmaq olar.
TƏHSİLDƏ İNNOVASİYA VƏ ƏYLƏNCƏ ÇATIŞMIR
Yuxarıdada qeyd etdiyim kimi təhsilimiz yalnız iki məqamdan ibarətdir: əzbərçilik və rüşvət. Bu məqamı nəzərə alaraq, bizə daha çoxu lazımdır. Bizə daha çox innovasiya və əyləncə lazımdır. Adını xatırlamadığım bir alim, “Fizikanı maraqsız keçən bir müəllim təhsilin qatilidir” demişdi. Əlbəttə ki, bu fikir düzgündür. Azərbaycanın istənilən məktəbinə daxil olduqda, parta və lövhədən başqa heç nə tapmaq mümkün deyil. Sovet dövründən qalma ləvazimatlar belə istifadə edilmir. Heç olmasa rezistor, kondesator və kimyəvi elementin nə olduğu şagirdlərə göstərilmir.
Azərbaycanın istənilən məktəbinə daxil olduqda, parta və lövhədən başqa heç nə tapmaq mümkün deyil. Sovet dövründən qalma ləvazimatlar belə istifadə edilmir.
Axı insan beyni vizual yaddaş üzərində qurulub. O görür və götürür. Görməyən biri, necə götürsün? Məhz buna görədir ki, biz bir çox hallarda şagirdlərin, “Bu mənim nəyimə gərəkdir axı? Bunu mən harada və necə istifadə edəcəm?” deyə gileyləndiklərini eşidirik. Əslində haqlıdırlar. Vizual təsəvvür yoxdur. Şagird bir düsturla necə elektrik sistemini öyrənsin ki?
Müəllimlərin bu məntiqli şikayətə cavabı isə, gülünc olmaqdan əlavə faciəvidir: “Nəsrəddin Tusi-nin vaxtında elektron lövhə var idi?” İlahi bu nə məntiqdir axı? Nəsrəddin Tusinin vaxtında elektron lövhəyə tələbat yox idi və əslində bu cavabı vermək bir cinayətdir. Müasir dövrdə innovativ ləvzimatların: elektron lövhələrin, proyektorların və digər şeylərin rolu inkar edilməz dərəcədə əhəmiyyətlidir.
Digər bir faktor isə əyləncədir. Bildiyim qədəri ilə, Azərbaycanda sosializm dövründə şagirdlər arasında rəqabət o qədər böyük idi ki, kim birinci qalib gəlsə, sanki Reyxstaqa “qələbə bayrağını” asmış kimi sevinirdi. Şübhəsiz ki, bu onları həm əyləndirir həm də daha çox öyrənməyə sövq edirdi. İndiki vəziyyətə baxdıqda isə heç olmasa uşaqların yay tətilini səmərəli keçirməsi üçün düşərgələr belə qalmayıb.
Məhz buna görədir ki, uşaqlar yay gələndə yalnız yatmaq və küçəyə çıxaraq oynamaq barədə düşünürlər. Məhz buna görədir ki, yay tətili bitəndə, uşaqların beyni sıfırlanmış kimi olur. Bunu həll etmək üçün isə, təhsildə islahat, innovasiya, əyləncə və davamlılıq təmin edilməlidir. Dərs planında nələrin dəyişməsini isə növbəti yazımda oxuyun.
Təhsil cahillərin sinəsinə saplanan nizə, ariflərin isə əyinlərinə geydiyi əbadır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.