Tarix həvəskarı olduğumdan hər zaman tarixi romanlara, tarixi kitablara, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən kitabları oxumağa xüsusi həvəs göstərmişəm. İşin qəribə tərəfi ondadır ki, həyatını oxuduğum görkəmli şəxsiyyətlərin demək olar ki hamısı şərqdən – daha doğrusu, türk-müsəlman aləmindən çıxıb. Bir az da dərinə getsək, şərq bu məqamda insanın ağlına gələn ilk coğrafi məkan olur.
...biləndə ki, sən məhz bu insanların qanından gəlirsən, qürur hissin aşıb daşır. Di gəl ki, indiki halımıza baxanda qürur hissi qalsın bir kənara, oxuduqlarının həqiqət olması belə səndə şübhə oyadır.
Oxuyursan, öyrənirsən ki, bəs kiçik bir ordu və resursla insanlar nələr ediblər. Üstəlik biləndə ki, sən məhz bu insanların qanından gəlirsən, qürur hissin aşıb daşır. Di gəl ki, indiki halımıza baxanda qürur hissi qalsın bir kənara, oxuduqlarının həqiqət olması belə səndə şübhə oyadır. Öz-özünə deyirsən ki, “Bəs hanı o möhtəşəmliklər, xariqələr yaradıb, imperiya qurub imperiya dağıdan insanların yaşadığı Şərq?” Doğurdan da, tarixi inkar etməyə bəhanə axtaran biri üçün bu günkü Şərqin mənzərəsi əla fürsətdir. Hər tərəfdə qan, hər tərəfdə silah, barıt, qopmuş ayaqlar, məhv olmuş həyatlar. Və bütün bunların kulminasiya nöqtəsi olan əlahəzrət-cəhaləti də yaddan çıxarmaq olmaz.
Qərb nə zaman yüksəlişə keçdi, bəlkə elə əzəldən yüksəlişdə idi?
...avropalılar idarəçilikdə daha ustaca davranıb, üstə çıxmağı bacarırdılar. Onlarda görünməz etik davranış telləri əzəldən var idi.
Özümü az-çox dərk edəndən həmişə bu sualı özümə verirəm: Görəsən Qərb doğrudanmı XIX əsrdən yüksəlişə keçdi? Bəlkə elə əvvəldən onlar yüksəlişdə idilər? Bunu sübut etmək üçün tarixdən bir misal çəkmək yerinə düşər. Osmanlı imperiyası Qərbdə hökmranlıq edəndə, işğal etdiyi ərazilərə heç də imperiya ərazisindən birini, ya da saray əhlindən hansısa paşanı idarəçi kimi göndərmirdi. Əksinə tutduğu ərazidə yerli xalqdan bir nümayəndə seçirdi. Nəyə görə? Çünki Avropalılar idarəçilikdə daha ustaca davranıb, üstə çıxmağı bacarırdılar. Onlarda görünməz etik davranış telləri əzəldən var idi. Düzdür onların da barbarca davrandığı, durub Fransadan tez-çaparaq nə az nə çox düz iki dəfə Qüdsə yürüş etdiyi vaxtlar olub. Amma sonradan resurları və cəsarətləri azalıb geri çəkiliblər. Amma yatmayıblar. Çalışıb, özlərini inkişaf etdiriblər. Və bu gün biz bunun nəticəsini görürük. Qərb mükəmməl deyil. Amma ən azından mükəmməlliyə can atır.
Şərq nə zamandan tənbəl oldu? Yoxsa elə əzəldən tənbəl idi?
Bu suala cavab vermək bir o qədər də asan deyil. Şərq deyəndə mən şübhəsiz ki, uzaq Yapon elini nəzərdə tutmuram. Mənim nəzərdə tutduğum, Yaxın Şərq, Şimali Afrika, Kiçik Asiya, Qafqazlar, İran və Mərkəzi Asiya coğrafiyasıdır ki, resursu bol, amma cəhaləti çox olan kəslərin yaşadığı yerlərdir. Bu yerlərin tarixdə silinməz iz buraxdığını və necə kəşflərə imza atdığını bilirik. Barıt ərəblərin, kompas, kağız, ipək Çinin kəşf etdiyi şeylərdir. Mən hələ Hindistan, Qafqaz və İranda təbiblərin tapdığı müalicə üsullarından danışmıram.
Bax beləcə Qərb dövlətləri əvvəlcə şərqdə bazar savaşını qazandı. Daha sonra isə iş hərbi sferaya keçdi və Şərq dövlətləri bir-bir Qərbin qarşısında sındı, parçalandı, məhv oldu.
Ancaq bir məsələ var ki, ardı gəlmədi bunların. Səbəb bəlkə də qloballaşma oldu. Əvvəllər nə ərəbin fransızdan, nə almanın çinlidən xəbəri yox idi. Hamı başını aşağı salıb işini görürdü. Kəşflər edir, gündəlik tələbatdan tutmuş müxtəlif ehtiyacları ödəməyə kömək edən əşyaları, alətləri yaradırdı. İşləmək tənbəlliyə güc gəlirdi. Ancaq sonradan ingilis Atlantikdən tutmuş, Sakit okeana qədər öz məhsullarını yaymağa başladı. Və ərəb də dedi ki, “Hazır məhsul olan yerdə, özümü niyə əziyyətə verim ki? Hazıra nazir kimi bir şey dura-dura kim işləmək istəyər ki?”. Bax beləcə Qərb dövlətləri əvvəlcə şərqdə bazar savaşını qazandı. Daha sonra isə iş hərbi sferaya keçdi və Şərq dövlətləri bir-bir Qərbin qarşısında sındı, parçalandı, məhv oldu. İndi də biz bunun canlı şahidi oluruq. Qərb silahlar istehsal edir. Düzdür demək olar ki, heç bir ölkə bir məhsulun bütün komponentlərini özü istehsal etmir. Amma heç olmasa ortaq istehsal deyə mükəmməl bir sistem qurulub.
Araşdırma aparılır. Təcrübə mübadiləsi baş verir. Və bir də görürsən ki, hansısa bir Qərb ya da varisi olduğu Amerika mükəmməl bir şey ərsəyə gətirib. Aha budur fürsət. Şərq qapını döyür ki, sat bunu mənə. Halbuki, keçmişdəki kimi özləri çalışıb, ortaq layihələrə imza atsalar, bəlkə də Qərbdən də irəli gedərlər. Amma bu gün reallıq tamam başqadır. Bütün bunları nəzərə alaraq, Şərq əzəldən tənbəl idi demək olmur. Amma şərq hal-hazırda tənbəldir. Bu tənbəlliyin kökünü isə yalnız bir yolla qurutmaq olar – elmlə məşğul olmaq.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.