“Azərbaycan xalqı yatıb” ifadəsini tez-tez eşidirik. Bəzən sual yaranır: nəyə görə bu ifadə bu qədər geniş yayılıb? Əgər hər bir normal insan yatmağa məcburdursa, bəs onda nəyə görə bütövlükdə xalq yatanda bu qədər səs-küyə səbəb olur?
Elm də hələ ki, Azərbaycan xalqının nəyə görə bu qədər çox yatmasının səbəbini tapa bilmir...
Elm də hələ ki, Azərbaycan xalqının nəyə görə bu qədər çox yatmasının səbəbini tapa bilmir. Hər bir insan həyatının 36%-ni, yəni təxminən 3/1 hissəsindən daha çoxunu yataraq keçirir. Amma heç bir alim tam olaraq, insanın niyə bu qədər yatdığının sirrini tapa bilməyib.
İnsan yer üzündə yeganə canlı varlıq deyil, heyvan, quş, balıq, həşarat və s. çoxlu canlılar var. Bütün bu canlılar da eyni ilə insan kimi həyatının bir qismini yataraq keçirir. Amma nədənsə insan aralarında ən çox yatağanıdır. Nə isə alimlər nə vaxt bizim nəyə görə bu qədər yatmağımızın sirrini çözsə, onda danışarıq…
Hələlik elmə məlum olan, cavabları tapılan suallara üz tutaq. İnsan yatanda onun əzələləri daha çox inkişaf edir, yaraları daha tez sağalır, həmçinin protein sintezi proseduru da sürətlənir. Başqa sözlə, desək, yatmaq insanı gücləndirir, gün ərzində itirdiyi enerjini bərpa edir, beyin sakitləşir…
Yeri gəlmişkən, yeni tədqiqatlar sübut edib ki, insan yatan zaman beyin toksinlərdən təmizlənir.
Baxın məhz bu səbəbdən Azərbaycan xalqı çox və həm də uzun yatır…
Amma yatmayanlara baxın. Başdan ayağa problemin içində çabalayırlar. Kimi görürsən, səhhəti ilə bağlı problemləri var...
Amma yatmayanlara baxın. Başdan ayağa problemin içində çabalayırlar. Kimi görürsən, səhhəti ilə bağlı problemləri var: xəstəliklərindən şikayətlənir, yaddaş probleminin olduğunu deyir, dərman almağa pul çatdırmır və hər yeni gün yeni xəstəliklərlə tanış olur…
İqtisadi böhrandır deyə hər kəsin pul sıxıntısı var, bütün gün hamı çalışır daha çox pul qazansın və təbii olaraq bütün gün ora qaç, bura qaç, o məsələni həll et, bu işi gör… Beləcə normadan daha tez yorulur, daha çox aqressivləşir insanlar.
Gün ərzində normal qidalanmadığı üçün daxili orqanlarında cürbəcür problemlər yaranır, irəlidə isə xəstəliklərə, bəzən isə çox ciddi, təhlükəli xəstəliklərə çevirilir bütün bunlar…
Belə olan halda, yatanları niyə qınayırsınız? Qınaqlar yersiz və absurddur, çünki yuxu varsa, problem yoxdur…
Diqqət edin, insan oyananda nə ilə qarşılaşır, nəyə ehtiyac yaranır: uşaq dərsə getməlidir – pul, evdə yemək bişirilməlidir – pul, dərman alınmalıdır – pul…
Ona görə də yatanlarla işiniz olmasın. Onsuz da heç özlərinə də xeyirləri yoxdur, imkan verin oyanıb əlavə problem yaratmasınlar.
Sabir necə deyirdi:
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyansın…
Şair, yəqin ki, bu şeirini yazanda mənimlə eyni fikirdə olub.
Bu arada yuxun şirin olsun, mənim əziz xalqım…
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.