Keçid linkləri

Təcili xəbərlər

“Karvan” – Xoş bir təsadüfün nəticəsi


Professional musiqimizin böyük banisi, dahi yaradıcı Üzeyir Hacıbəyli bütöv bir musiqiçi nəsli yetişdirib. Onların arasında sonralar öz məktəbini yaratmış bəstəkar və musiqiçilər olub, Üzeyir bəyin soyadını daşıyan bəstəkarlar, dirijorlar da musiqimizin inkişafına layiqli töhfələrini veriblər: Zülfüqar Hacıbəyov, Niyazi, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov.

Bu musiqinin daxilində elə bir məlahət və təsir gücü var ki, onu sakit ürəklə dinləmək mümkün deyil. Həmin simfonik sərlövhə ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.

Görkəmli bəstəkar, pedaqoq, xalq artisti, Dövlət mükafatı laureatı Soltan Hacıbəyovun Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri var. Amma gəlin etiraf edək ki, Soltan Hacıbəyovun adı çəkiləndə ilkin yada onun məşhur "Karvan" simfonik lövhəsi düşür. Bu musiqinin daxilində elə bir məlahət və təsir gücü var ki, onu sakit ürəklə dinləmək mümkün deyil. Həmin simfonik sərlövhə ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir. Soltan Hacıbəyov əsərə elə bir intonasiya, ritmik vüsət verib ki, ona qulaq asanda özünü təbiətin sonsuzluğunda - xüsusilə, hüdudsuz səhrada hiss edir, dəvə karvanlarının zınqırovlu səslərini eşidir, sanki bütün mənzərələri gözünlə görürsən. İnsanın qəlbinə, ruhuna sakitlik, rahatlıq və ifadə etməkdə çətinlik çəkdiyimiz xoş duyğular axır.

Bəstəkarın sağlığında bu əsər, demək olar ki, dünyanın çox möhtəşəm salonlarında səsləndirilib. Amerikanın məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı: "Sizin "Karvan"ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir".

Mütəxəssislər təsdiqləyirlər ki, "Karvan"ın kompozisiyası və quruluşu özünün həmahəngliyi və ifadənin vəhdəti ilə seçilir. Hər dəfə qulaq asdıqca onun ahənginə qoşulub uzaqlara qanadlanmaq istəyirsən.

Mütəxəssislər təsdiqləyirlər ki, "Karvan"ın kompozisiyası və quruluşu özünün həmahəngliyi və ifadənin vəhdəti ilə seçilir. Hər dəfə qulaq asdıqca onun ahənginə qoşulub uzaqlara qanadlanmaq istəyirsən. Soltan Hacıbəyov 1930-cu ildə Bakıya köçərək məhz Üzeyir Hacıbəyovun ailəsində yaşayaraq təhsil almışdır. Ömrünün hər günü, hər anı böyük bəstəkarla bağlı olan Soltan Hacıbəyov musiqiyə bütün varlığı ilə bağlanmışdı. Bu səbəbdən də orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olaraq orada truba sinfində oxumuşdur. Hələ tələbə ikən Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışan Soltan Hacıbəyov yaradıcılıq fəaliyyətinə də elə o illərdən başlamışdır. İlk əsəri xor və simfonik orkestr üçün yazdığı "Pioner" kantatası və "Qızılgül" adlı musiqili komediyadır. 1940-cı ildə Musiqili Komediya Teatrında tamaşaya qoyulan bu əsərin qazandığı uğur müəllifi daha da həvəsləndirdi. Əmisi Üzeyir bəyin məsləhəti ilə 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olan Soltan Hacıbəyov Üzeyir Hacıbəyovdan və başqa tanınmış müəllimlərdən dərs alırdı.

Soltan Hacıbəyovun bəxti çox gətirmişdi. Şuşada doğulmuşdu, qanında, ruhunda musiqi istedadı var idi, Üzeyir Hacıbəyov kimi dahi bəstəkarın ailəsində böyümüş və ondan dərs almışdı. Digər tərəfdən isə yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin ən səmərəli və intibah dövrünə düşmüşdü. Opera və Balet Teatrında Müslüm Maqomayevin "Nərgiz", Üzeyir Hacıbəyovun "Koroğlu" operaları göstərilir, eləcə də digər bəstəkarların simfonik və kamera instrumental musiqiləri yaranırdı. Bu dövrdə bir çox musiqi əsərlərinin əsasları qoyulurdu. Konservatoriyada təhsil aldığı illərdə Soltan Hacıbəyov müxtəlif janrlarda əsərlər yaradaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verirdi. "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnıları, "Quşcuğaz", "Tənha yelkən ağarır" romansları və bir sıra simli kvarteti və simfonik əsərləri mədəniyyət tariximizə həkk olunurdu. İkinci dünya müharibəsi illərində Soltan Hacıbəyov həmkarları kimi, vətənpərvərlik ruhunda yazılmış sözlərə musiqi yozumu verirdi. Onun "Döyüşçülər" nəğməsi və bir sıra əsgər marşları o dövrdə çox məşhur idi.

Bəstəkarın istedadı hamının diqqətini çəkirdi. Görkəmli rus bəstəkarı R.Qliyer 1944-cü ildə Tiflisdə keçirilən musiqi ongünlüyündə Soltan Hacıbəyovun əsərlərinə qulaq asarkən öz fikrini belə dilə gətirmişdi:...

Bəstəkarın istedadı hamının diqqətini çəkirdi. Görkəmli rus bəstəkarı R.Qliyer 1944-cü ildə Tiflisdə keçirilən musiqi ongünlüyündə Soltan Hacıbəyovun əsərlərinə qulaq asarkən öz fikrini belə dilə gətirmişdi: "Bu simfoniyalar tez yadda qalan, parlaq, maraqlı tematik materiala, yaxşı simfonik inkişafa malik bir əsərdir. Bunların hamısı onu göstərir ki, Soltan Hacıbəyov tezliklə böyük bəstəkar olacaqdır. Onun istedadlı olması şübhəsizdir, xüsusi məziyyətləri var, texniki biliyi aydındır. Ən başlıcası isə o, musiqinin milli mənbələri ilə sıx surətdə bağlıdır". Soltan Hacıbəyovu keçmiş Sovetlər İttifaqının, demək olar ki, bütün müttəfiq respublikalarında tanıyırdılar. Hətta ona müraciət də edirdilər. Məsələn, 1945-ci ildə Türkmənistan Dövlət Opera və Balet Teatrı Soltan Hacıbəyova "Kəminə və qazı" operasını yazmağı sifariş edib. Bəlkə də bu əsər üzərində işləyərkən bəstəkar karvan haqqında çox düşündüyündən sonralar "Karvan" simfonik lövhəsini yaratdı və bu əsəri də dahi Üzeyir Hacıbəyova ithaf etdi. "Karvan"ın da qədəmləri çox uğurlu oldu. Demək olar ki, dünyanın ən möhtəşəm konsert salonlarına səyahət etdi.

Soltan Hacıbəyovun yaradıcılığında uşaqlar üçün yazdığı əsərlər xüsusi yer tutur. O, "İsgəndər və çoban" adlı uşaq operası yazdı. Balacalar üçün nəzərdə tutulmuş mahnılar, demək olar ki, hər gün ifa olunurdu. "Oynaq topum", "Layla", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı". Bu əsərlər əslində milli uşaq musiqi ədəbiyyatının ən gözəl nümunələridir.

Soltan Hacıbəyov çox məhsuldar bəstəkar olub. 1950-ci ildə yaratdığı "Gülşən" baleti bu sahədə ilk əsərlərdən sayılır. Əsər ilk dəfə 1950-ci ildə tamaşaya qoyuldu, iki il sonra isə Dövlət mükafatına layiq görüldü. Onun musiqi dili, melodiyası, təravəti, ritm müxtəlifliyi, coşqunluğu, milli səciyyənin dərin və parlaq ifadəliyi haqqında o dövrün mətbuatında dəyərli fikirlər söylənildi. Soltan Hacıbəyov xalq musiqisindən istifadə edərək maraqlı bir əsər yaratmışdı. Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Gülşən"dən müəyyən parçalar da göstərilmiş, müəllifin başqa simfonik əsərləri səslənmişdir. Demək olar ki, Soltan Hacıbəyovun müəllifi olduğu əsərlər istər tamaşaçılar, istərsə də mütəxəssislər tərəfindən maraqla qarşılanırdı. Onun haqqında düşünəndə heyrətlənirsən ki, gecə-gündüz bilmədən çalışıb. Yoxsa bu boyda gözəl əsərləri yazmağa necə vaxt tapıb?! "Vətən" süitası, "Məzəli rəqs", "Yumoristik səhnəcik" kimi əsərləri mahnı və rəqs ansamblları üçün nəzərdə tutulmuşdur.

Əslində, Soltan Hacıbəyovun bu əsərində xalq ruhu çox güclü idi. Onun musiqisi mövzuya deyil, xalqa və onun milli ruhlu həyat köklərinə söykənirdi.

Ötən əsrin ortalarında simfonik orkestr üçün yazdığı "Üvertüra"sı Soltan Hacıbəyov yaradıcılığının əsas mahiyyətini səciyyələndirirdi. Çox güman ki, onun bu janrda belə maraqlı əsər yaratmasına səbəb Üzeyir Hacıbəyovun məşhur "Koroğlu" operasının üvertürası böyük təsir göstərmişdir. Əlbəttə, o dövrdə Niyazi, Qara Qarayev, Cövdət Hacıyev tərəfindən müxtəlif süitalar yaradılırdı. Dövrün məşhur bəstəkarı D.Şostakoviç Soltan Hacıbəyovun bu əsəri ilə bağlı demişdir: "Əsərdə nurlu bir nikbinlik, ritm, məqsədəuyğunluq Motsartın bəzi opera uvertüralarını və ya Qlinkanın "Ruslan" uvertürasını xatırladır". Əslində, Soltan Hacıbəyovun bu əsərində xalq ruhu çox güclü idi. Onun musiqisi mövzuya deyil, xalqa və onun milli ruhlu həyat köklərinə söykənirdi.

Ötən əsrdə yaşayıb-yaratmış Soltan Hacıbəyovun sorağı müxtəlif ölkələrdən gəlirdi. Bolqarıstanda, Çexoslovakiyada olması onu bu ölkələrlə bağlı əsərlər yazmağa səsləyirdi. 1957-ci ildə musiqi dünyasına bəxş etdiyi "Bolqar" süitası belə maraqlı əsərlərdən biri oldu. Əsərlərindəki cazibə və təsirə görə bəstəkarı tez-tez xarici ölkələrə dəvət edirdilər. Hindistana səfəri də onun yaradıcılığında xüsusi bir mərhələ təşkil edib. 1965-ci ildə simli kvartet üçün bəstələdiyi "Hind mövzuları üzərində süita"sı ona böyük şöhrət gətirdi. Bəstəkarın gözəl əsərlərindən biri də "Konsert" adlanır. Bu janr təqribən XVI-XVII əsrlərdə meydana çıxmışdır. Soltan Hacıbəyovun "Konsert"i isə daha müasir və obrazlı idi. Elə bu yaradıcılıq üslubuna görə də ona "ustad" deyirdilər. Haqqında, demək olar ki, o dövrün bütün musiqişünasları, nəzəriyyəçiləri, məşhur bəstəkarları xoş sözlər söyləyirdilər. Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan Soltan Hacıbəyovun yaradıcılığında teatr həyatı da xüsusi yer tutur. Uzun illər Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan əsərlər üçün musiqi bəstələmişdir. C.Cabbarlının, S.Vurğunun, S.Axundovun, M.İbrahimovun, S.Rəhmanın, M.Hüseynin və başqa ədiblərin pyeslərinin musiqisini unudulmaz bəstəkarımız bəstələmişdir. Yaradıcılığının çiçəklənmə dövrü Azərbaycan musiqisinin inkişaf etdiyi zamanla üst-üstə düşdüyündən onun yazdığı əsərlər nəinki Azərbaycanın, eləcə də dünya musiqisinin nailiyyətləri idi.

Harmonik melodiyanın ifadə vasitələrindən istifadə edərək muğam cərgəsi üzərində pillələr quran Soltan Hacıbəyov "Şüştər" muğamını çox sevirdi və bir çox mahnı və operettalarında, simfoniyalarında ondan məharətlə istifadə edirdi. Bütün bunlardan sonra Soltan Hacıbəyov heç nə yazmasaydı, təkcə "Karvan" simfonik lövhəsi ilə musiqi tariximizdə əbədi qalası idi. "Karvan"da bəstəkar orkestr rəssamı kimi özünü göstərir. "Uvertüra"da isə alətlərin yüksək registrindən istifadə edərək, simli və ağac-nəfəs alətlər qrupuna fövri-cəld passajları, fiqurasiyaları tapşırıb bayramsayağı, gözqamaşdırıcı parlaq orkestr səslənməsi əldə edir."

"Karvan"ın qəlbi körvəldən sədası gəldikcə göz önündə nələr canlanmır?! Adama elə gəlir ki, "Karvan" həmişə yolda olacaq, hər gələn nəslin ürəyinə yol tapacaq, ilk və əbədi sarvanının nurlu simasını həmişə göz önünə gətirəcək.

Cəsarətlə demək olar ki, S.Hacıbəyovun yüksək peşəkarlıqla yaratdığı əsərlər sırasında "Karvan" simfonik süitasının ayrıca yeri var. Bu bir sənət incisidir. "Karvan" xoş bir təsadüfün nəticəsində yaranıb…

XS
SM
MD
LG