Keçid linkləri

Təcili xəbərlər

ABŞ-da döyüş lazeri sınaqdan keçirilib


ABŞ-ın "Lockheed Martin" şirkəti gücü 60 kilovat olan yeni döyüş lazerini uğurla sınaqdan keçirib. Bu sınaq ABŞ ordusu üçün yaradılmış lazer silahı layihəsinin yekun sınağı idi.

N+1 yazır ki, "Lockheed Martin"in 2014-cü ildən bəri üzərində işlədiyi döyüş qurğusu lifli lazerlərin spektral yerdəyişməsi prinsipu ilə işləyir. Bu silahda bir neçə lazer şüalandırıcısı quraşdırılıb. Onlardan qaynaqlanan şüalar optik liflər vasitəsilə xüsusi kombinasiya qurğusuna ötürülür. Nəticədə bir neçə az güclü şüalandırıcının köməyilə yekunda yüksək güclü şüa əldə edilir. Şirkət bildirir ki, bu yeni qurğuda istifadə olunan texnologiya enerji sərfinə orta hesabla 50 faiz qənaət etmək imkanı verir.

ABŞ hərbçiləri hesab edir ki, lazer silahı bir neçə növ hədəflə effektiv mübarizə aparmağa imkan verəcək. Bu hədəflər arasında pilotsuz uçan aparatlar, yüngül təyyarələr və helikopterlər, habelə minaatan minaları və mərmiləri var. Bununla yanaşı, lazer silahının mühüm üstünlüyü onun hər hansı bir sursat olmadan işləməsidir. Bu qurğu sadəcə generatordan alınan enerji hesabına atəş açmağa qadirdir. Bundan başqa, lazer qurğusundan açılan bir atəş artilleriya qurğusundan açılan atəşdən bir neçə dəfə ucuz başa gələcək..

2015-ci ildə şirkət ATHENA adlı 30 kilovatlıq qurğunun köməyilə 1,6 kilometr məsafədə yerləşən yük maşınının məhv edilməsinin mümkün olduğunu nümayiş etdirmişdi.

2015-ci ilin avqust ayında ABŞ-ın "Boeing" konserni pilotsuz uçan aparatların məhvi üçün nəzərdə tutulmuş səyyar lazer qurğusunu təqdim etmişdi. Sökülmüş vəziyyətdə dörd kiçik çamadana yerləşən bu qurğu cəmi bir neçə dəqiqə ərzində yığılaraq istifadə üçün hazır hala gətirilə bilir. Kompleksə sistem üçayaqlının üzərində qurulan, yönləndiricisi olan lazer modulu, idarəedici və qeydedici proqram təminatı olan noutbuk və Xbox oyun qoşmasının kontrolleri daxildir.

"Lockheed Martin" hazırda yeni lazer qurğusunu Alabamadakı ABŞ Ordu Komandanlığına göndərməyə hazırlaşdığını bildirib.

Müdafiə şirkəti bildirib ki, sözügedən lazer qurğusu quruda, suda və havada olan taktiki maşınlara yerləşdirilə bilər.

Şirkət rəsmisi Robert Afzalın cümə günü yaydığı relizdə deyilir ki, bu ilin sonuna doğru qurğunun soyuducu sistemi, sensorları və hədəfi izləmə alqoritmləri təkmilləşdiriləcək.

Ən son yazılan

XS
SM
MD
LG