Keçən il İranda yayılan şok edici xəbərlərdən biri 6 yaşlı əfqan bir qızın İranın Vəramin şəhərində qonşunun oğlu tərəfindən oğurlanıb qətlə yetirilməsi oldu. Bu hadisə İran siyasətçiləri ilə yanaşı ictimai fəalların da ciddi reaksiyasına səbəb oldu. Mənim diqqətimi çəkən həm də İran feministlərinin göstərdikləri reaksiya idi.
İran feministlərinin belə yanaşması bir tərəfdən onların gender bərabərsizliyi məsələsinə olan həssaslığını göstərsə də, digər tərəfdən cəmiyyətdəki digər bərabərsizlikləri gözardı etmələrini də yansıdırdı.
İran feministləri, Setayeş Qoreyşi adlı əfqan qız uşağının iranlı bir gənc tərəfindən təcavüzə məruz qalıb sonra da qətlə yetirilməsini, haqlı olaraq, gender kontekstində analiz edirdilər. Onlara görə gender bərabərsizliyi qadınların zorakılıq, təcavüz və qətlə məruz qalmalarına yol açır. İran feministlərinin belə yanaşması bir tərəfdən onların gender bərabərsizliyi məsələsinə olan həssaslığını göstərsə də, digər tərəfdən cəmiyyətdəki digər bərabərsizlikləri gözardı etmələrini də yansıdırdı.
Cəmiyyətdə bərabərsizliklər bir-birinə hörülmüş vəziyyətdə olduğu halda gender məsələsini tam müstəqil bir problem kimi təqdim etmək olduqca mübahisəlidir. Hətta qadınlara qarşı olan zorakılıq məsələsində də bu öz əksini tapır. Fərqli ictimai statuslara sahib olan qadınlar eyni dərəcədə zorakılığa məruz qalmırlar. Təcavüzçü şəxs hər qarşısına çıxan qadını ov kimi seçmir. İstər-istəməz təcavüzə məruz qala biləcək şəxs haqqında bəlli anlayışa sahib olur. Bir çox halda bu anlayışı cəmiyyət insanlara aşılayır. Bu anlayışda qadının müqavimət göstərə biləcəyi fiziki gücündən tutmuş, qadının mənsub olduğu sinif və etnik qrup kimi faktorlar rol oynaya bilər.
O üzdən təcavüz və qətlə məruz qalan əfqan qız uşağı haqqında fikirlərində də ailənin yoxsul, əfqan və mühacir olması nəzərə alınmadan sadəcə gender kimliyini nəzərə alaraq analiz etməyə üstünlük verirlər.
İran feministləri təhlillərində digər bərabərsizliklərə yer vermədiklərindən onların fikirləri daha çox İranda hakim olan fars etnikinin bəlli sinfinə mənsub olan qadınlar haqqında keçərli sayıla bilər. O üzdən təcavüz və qətlə məruz qalan əfqan qız uşağı haqqında fikirlərində də ailənin yoxsul, əfqan və mühacir olması nəzərə alınmadan sadəcə gender kimliyini nəzərə alaraq analiz etməyə üstünlük verirlər. Əslində Setayeş Qoreyşinin qətli yalnız gender məsələsi ilə deyil, əfqan, mühacir və yoxsul olmaq kimi sosial faktorların da təsirini nəzərə alaraq analiz etmək olar. Kəsişmə nəzəriyyəsi ətrafında birləşən Qərb feministləri, qadınlara qarşı olan zorakılığı fərqli sosial faktorları nəzərə alaraq doğru təhlil etmənin mümkünlüyünə inanırlar.
İranda əfqanlara qarşı olduqca açıq və sistematik irqçilik vardır. Sistematik irqçilik hər fürsətdə cəmiyyətdə özünü göstərir. İranın Yəzd şəhərində əfqan mühacirlərin evlərini oda çəkməkdən tutmuş mediada əfqanların İran qızlarını oğurlayıb qətlə yetirmələri ilə bağlı yayılan və sonra İran polisi tərəfindən təkzib olunan yanlış xəbərin arxasında irqçiliyin izi var. İrqçilik cəmiyyətdə yayğın olan ciddi sosial problem kimi cəmiyyətin üzvü olan feministlərdən də yan keçməyə bilər. Bu məsələ, fars olmayan qadınlara qarşı olan təcavüz və qətl ilə cəmiyyətdəki digər ədalətsizliklər arasındakı bağlılığı görməzdən gəlməklə nəticələnə bilər. Bu üzdən, İran cəmiyyətində əfqan mühacirlərin evini oda çəkən zehniyyətlə əfqan qıza olan təcavüz arasında olan əlaqəni görmək üçün öncə İrandakı irqçiliyi görmək lazımdır.
İran feministlərinin mövqelərində sadəcə əfqanlar haqqında olan yanaşmaları problemli deyil. Bu feministlərin diskursları İranda fars olmayan qadınların vəziyyətini də olduğu kimi əks etdirmir. İranda fars olmayanlara qarşı irqçilik məsələsində susan feministlər, irqçiliyin qadınların həyatındakı rolunu da görməzdən gəlmələri gözləniləndir. Məsələn, iqtisadi ayrıseçkiliklər səbəbi ilə Güney azərbaycanlılar İranın mərkəzi vilayətlərinə köçmək məcburiyyətində qalırlar. Bunun nəticəsində Güney azərbaycanlı mühacir, yoxsul, fars dilini yaxşı bilmək kimi sosial investisiyalardan məhrum edilmiş qadınların sayı get-gedə bu vilayətlərdə artır. Bu problemlər azərbaycanlılara qarşı olan irqçiliklə də birləşdiyində Güney azərbaycanlı qadınların statusları daha da ağırlaşır. Bütün bunlara baxmayaraq İran feministləri fars olmayan qadınların şəraitini nəzərə ala biləcək hər hansı bir perspektivi ortaya qoymuş deyillər.
Milli hökümət dönəmi (1945-1946) İran coğrafiyasında ilk dəfə Azərbaycanlı qadınlara səs haqqı verilsə də, İran feministləri Məhəmməd Rza Şahın 1963-cü ildə qadınlara verdiyi səs haqqını bir ilk olaraq vurğulamağa üstünlük verirlər.
Bəzən İran feministlərinin radikal millətçi yanaşmaları hətta tarix məsələsində də onların obyektivliklərinə zərər yetirir. Hətta akademik fəaliyyətlə məşğul olan İran feministləri, İranda qadınların səs haqqı əldə etmələri ilə bağlı yazılar yazdıqda millətçi mövqe sərgiləyirlər. Milli hökümət dönəmi (1945-1946) İran coğrafiyasında ilk dəfə Azərbaycanlı qadınlara səs haqqı verilsə də, İran feministləri Məhəmməd Rza Şahın 1963-cü ildə qadınlara verdiyi səs haqqını bir ilk olaraq vurğulamağa üstünlük verirlər.
Sosial faktorlar bir-birinə qarşılıqlı təsir buraxdıqları üçün cəmiyyətdəki bərabərsizliklər də, imtiyazlar da bir-birindən müstəqil deyillər. Bu üzdən də ayrıseçkiliklər və bərabərsizlikləri anlamaq üçün hər şeydən öncə bütüncül bir yanaşma lazımdır. İran feministləri gender bərabərsizliyindən danışarkən sırf bəlli etnikə mənsub olduqları üçün onlara verilmiş statusları da görmələri lazımdır. Əyər bir kişi sadəcə kişi olduğu üçün patriarxal sistemdə imtiyazlara sahibdirsə, İran cəmiyyətində də fars insanı cinsiyyətindən aslı olmayaraq sadəcə fars olduğu üçün bəlli imtiyazlara sahibdir. Feminizm bir bərabərlik istəyi hərəkatı olduğu üçün İran feministləri gender bərabərliyi tələbi ilə birgə fars etnikinə verilmiş imtiyazlara qarşı etiraz etmələri lazım görünür. Davam edən susqunluq feminizmin ədalət və bərabərlik üzərində qurulmuş fəlsəfəsinə uyğun deyil.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.