Kütlələrin və toplumların birləşməsi, kütlə, toplum fərdlərinin bir-birinə daha sağlam və möhkəm inteqrasiyası üçün iki şey gərəkdir. İdeya (məqsəd) və Qorxu (düşmən və təhlükə).
İdeya mahiyyət etibarı ilə kütlə və toplum üçün funksioner məhfumdur. O kütləni irəli çəkib aparan lokomotivdir. İdeyalar həm də fədlərin bir-birinə inteqrasiyası ilə kütləni yaradan fundamental səbəbdir. Fərdlər ideyalara bürünəndə onların MƏN’i (subyekti) ölür və onlar subyektləşən ideyanın obyekti olaraq çıxış edirlər.
İdeyanın maraqlarına (obrazlı şəkildə) uyğun olaraq yarananlar kütlənin xammalı olurlar.
Fərdlər, qeyri-ixtiyari bir formada bu prinsipə uyğun xarakterik səciyyə sərgiləyirlər. Onların mərkəzdənqaçma (kütlədən) meyilləri yaradılan funksionallıq qəliblərinə əks olaraq disfunksionallıq yaratdığından, bu heç də fərdin özü üçün də qıraqdan müşahidə edənlərin nəzəri üçün də azuolunan deyil.
Bir də var qorxu ilə birləşmə, qorxu mənşəli yaranan kütlə.
Burada şərtlər ideya əsaslı kütlədə olduğu kimi olmayacaq. Bu bir növ məcburi sıxlaşma, birləşmə ilə yaranan kütlədir. Qorxudan yaranan kütlənin tarixi çox qədimlərə gedib çıxır. İlk insan sürüləri (bütün canlı sürülərində olduğu kimi) hansısa təhlükə önündə yaranan qorxunun məcburetmə aktı sayəsində birləşməyə doğru addım atmışlar.
Həmin bu qorxu onları birləşdirən tək dəyərdir və kütlənin varolma müddəti bu qorxunun davametmə müddəti ilə (yəni, təhlükənin ömrü qədər) düz mütənasibdir.
Bu bir növ müasir dövrdə dövlətlərin hansısa bir təhlükə önündə konfederasiya yaratması kimi yaranan birlikdir. Hər iki birliyin yaranma mənşəyi, səbəbi qorxudur, təhlükədir.
Ona görə də müəyyən zamanlarda idarəedicilər var olan insan qalabalığını kütlə halına gətirib rahat idarə etmək və kütlənin potensiallarından maksimum istifadə etmək üçün insan çoxluqlarından kütlələr yaratmışlar. Bu da ya ideoloji əsaslı, ya da qorxu əsaslı kütlə olub.
Kütlə potensialının realizasiya edilməsində ideoloji kütlələr daha qalıcı, daha bəhrəlidir Çünki bunlar həm məcburi deyil(məcburetmə iş keyfiyyətini öldürür, entuziazm(həvəs) olmadığıdan), həm də müəyyən bir hədəfə yönəlikdir, yəni kütlənin aktiv dinamikliyi qaçınılmazdır.
Ancaq bunun əksi olan qorxudan yaranan məcburi kütlə, hansısa irəlilədici, tərəqqiyə hesablanmış hədəfə malik deyil. O, sadəcə təhlükədən qorunmaq naminə qorxudan yaranan birlikdəliyin təzahürüdür. Qorxu əsaslı bu kütlənin maksimal prinsipialığı, potensialığını davam etdirməyə yetərlidir.
Bir növ ideyalı kütlə müəyyən hədəfə yönəlik olduğundan hücumçu kütlə saymaq olar, digəi isə müdaiəçi kütlədir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.