Keçid linkləri

Təcili xəbərlər

Ağır xəstələri yuxuda müalicə edəcəklər


Alimlər xərçəngin yeni müalicə üsulunu təklif ediblər. Onlar xəstələrin bədən temperaturunu 13-15 dərəcəyə qədər azaldaraq onları hibernasiya (yuxu) vəziyyətinə gətirmək istəyirlər. Bu vəziyyətdə bədəndə ürək və tənəffüs fəaliyyəti, maddələr mübadiləsi və oksigen qəbulu kimi bütün proseslərin yavaşıdığı bildirilir. Bu zaman molekulyar səviyyədə gen fəaliyyəticə protein sintezi də çox yavaş gedir. Orqanizm yuxuda olanda həkimlər rahatca xərçənglə məşğul ola bilərlər.

Bundan başqa, bu vəziyyətdə aparılan terapiyanın daha effektiv, daha az travmatik ola biləcəyi deyilir. İdeyanın müəllifi, İtaliyadakı Trento Universitetindən doktor Marco Durante deyir: "insanların anomal temperatur düşüşü yaşaması ilə bağlı bir neçə hal məlumdur. Bu, dərman vasitəsilə yuxu vəziyyətinin yaradılmasının mümkünlüyü ideyasına yol açır.

Metastaz zamanı həkimlər xəstəni bütün şişlərdən qurtara bilmirlər. Çox böyük həcmdə şuanın köməyilə həyata keçirilən şüa terapiyası isə xəstəni sadəcə öldürə bilər. Yuxu vəziyyətində isə (söhbət ən azı bir həftədən gedir) xərçəngin böyüməsi tormozlanacaq, orqanizm şüalanmanı daha yaxşı keçirəcək. Xəstə isə yuxudan daha sağlam oyanacaq. Yuxuya vermə üsulunu artlq siçanların üzərində uğurla sınaqdan keçiriblər. Bu üsulun yaxın 5-10 il ərzində insanlara tətbiq ediləcəyi gözlənilir.

Doktor Duarte deyir ki, bu üsul işləsə dördüncü dərəcəli (ağırlaşmış) xərçəngi də müalicə etmək olar.

“Xərçəng xəstələrinin 50 faizində xəstəliyin ağırlaşmış növünü görürük. Bu, böyük rəqəmdir. Hamımız bu xəstəlikdən əziyyət çəkən adamlar tanıyırıq. Əlimizdən heç bir şey gəlmir. Onların bədənində çoxsaylı metastaz (şişlərin yaylması) baş verir.

“Bütün metastazı müalicə edə bilmərik. Xərçəng şişlərini təmizləmək üçün bədənin hər yerini əməliyyat edə bilmərik. Yaxud da, bədənin xəstəlik yayılmış bütün hissələrini şüalandıra bilmərik. Xərçəngi məhv etməyə çalışarkən xəstəni öldürə bilərik. Ancaq əgər xəstəni sintetik yuxuya versək, şişin böyüməsini dayandıra bilərik. Bu bizə daha çox vaxt verir", - o deyir.

İsveç radioloqu Anna Bagenholm buzda açılmış dəliyə düşüb və bir saatdan çox orada qalıb. Onun bədən temperaturu 13,7 C-yə düşüb. Bu, canlı insanda qeydə alınmış ən aşağı temperaturdur.

Cüzi sinir zədələnməsinə baxmayaraq, o, tamamilə sağalıb və iş fəaliyyətinə qayıdıb.

Erika Nordby adlı 13 aylıq kanadalı körpə isə əynində yalnız uşaq bezi evdən çıxıb və -24 dərəcə temperaturda uzun müddət bayırda qalıb. Uşaq tapılanda həkimlər onu kliniki ölü hesab ediblər. Çünki onun qeydə alınacaq ürək ritmi yox idi.

Körpə isti yorğanın altına yerləşdirilib və normal vəziyyətə qayıdıb. O, heç bir ciddi zədə almayıb. Həkimlər ehtimal edirlər ki, o, hibernasiyaya bənzər vəziyyətdə olub.

XS
SM
MD
LG