Keçid linkləri

Təcili xəbərlər

Üç “Rekviyem“in hekayəsi


Wolfgang Amadeus Mozart
Wolfgang Amadeus Mozart

Rekviyemlər... Onların dünyadan gəlib keçmiş ən şöhrətli bəstəkarların yaradıcılığında önəmli yer tutmasının səbəbi nədir? Əsrlərdir onları klassik musiqinin ən təsirli nümunələri olaraq repertuarlarda saxlayan hansı sirdir? Bəlkə hekayələri, bəlkə öz ölümünün ayaq səslərini duyan musiqi dühalarının onları öz duaları kimi nota alması, bəlkə tarixin önəmli bir xatirəsini yaşatması? Əslində, bu gün məşhur orkestrlərin repertuarından düşməyən bütün rekviyemlərin bir yazılma səbəbi var. Dahi Avstriya bəstəkarı Wolfgang Amadeus Mozartın “Rekviyem”i (Requiem) niyə yazılmışdı? Əsərin yazılması çox maraqlı bir tarixçəyə bağlıdır...

Bəstəkarın evinə gənc bir adam gəlir, imzasız bir məktub verib gedir. Məktubda bir rekviyem (ölüm duası) bəstələnməsi istənilir. ...bu sirli sifariş o zaman xəstəlik və ölüm düşüncələri içində çırpınan Mozarta dərin təsir etdi.

Mozartın "Sehrli fleyta" operası üzərində işlədiyi isti iyul günlərindən biri (1791-ci il)... Bəstəkarın evinə gənc bir adam gəlir, imzasız bir məktub verib gedir. Məktubda bir rekviyem (ölüm duası) bəstələnməsi istənilir. Əsərin qarşılığında yaxşı ödəniş təklif edilib, lakin şərt də qoyulub: Mozart rekviyemin sifarişçisini araşdırmayacaq. Sifarişçi sonradan bənzər əsərlərin müəllifi olduğunu iddia etmək vərdişinə malik bir qraf idi. Lakin bu sirli sifariş o zaman xəstəlik və ölüm düşüncələri içində çırpınan Mozarta dərin təsir etdi. O, sirli adamın axirətdən gələn bir xəbərçi olduğu inancına qapıldı. İnandı ki, o, bəstəkara öz ölüm duasını yazaraq ölümə hazırlanmasını xəbər vermək üçün göndərilib. Bir gün arvadına "yaxında öləcəyəm, bundan əminəm" söylədi. Bir il əvvəl də dostu J. Haydnı London səfərinə yola salarkən gözyaşı tökmüş və onu bir daha görə bilməyəcəyini demişdi. Hissləri onu yanıltmadı. Ömrünün son üç həftəsində şiddətlənən qızdırması bəstəkarı gözlədiyi ölümə qovuşdurdu. Mozart 1791-ci ilin 5 dekabr günü gecə yarısı son nəfəsini verərkən “Rekviyem”in "Lacrimosa" hissəsində qalmışdı…

Bəs məşhur italyan bəstəkarı Giuseppe Verdinin “Rekviyem”i? Onun da məxsusi yazılma səbəbi vardı, əslində. Bəstəkar bu əsərini yazıçı Alessandro Manzoni (1785-1873) üçün bəstələmişdi. Rekviyemin ilk təqdimatı Manzoninin ölümündən tam bir il sonra, 22 may 1874-cü ildə Verdinin rəhbərliyi ilə olmuşdu. Müasiri Gioachino Rossininin ölümündən (1868) sonra Verdinin də daxil olduğu bəzi italyan bəstəkarları “messa per Rossini” (Rossini üçün rekviyem) layihəsini başlatdı. Hər bəstəkar bu əsərin bir bölümünü bəstələsə də, rekviyem tam şəkildə heç vaxt səsləndirilmədi. Sonra Verdi bu əsər üçün bəstələdiyi “libera me” başlıqlı bolumun musiqisini Manzoni üçün bəstələdiyi rekviyemin eyni bölümünə əlavə etdi. Verdinin bu əsəri dövrün məşhur orkestr dirijorlarından Hans von Bülow (1830-1894) tərəfindən daha çox operasayağı əsər sayılsa da ( "ruhani paltarları üçün bir opera"), məşhur alman bəstəkarı Jonannes Brahms (1833-1897) fikrini "bu rekviyem bir dahinin əsəri" şəklində ifadə etmişdir.

Terezində nasistlərin zülmünə qarşı "səsli" bir müqavimətin simvolu halına gəlmiş Verdinin “Rekviyem”indəki son bolum (libera me) ayrı bir məna qazanmış, soyqırım qurbanı olmuş bütün insanların xatirəsini yaşatmışdır.

Verdinin “Rekviyem”i ilə bağlı daha bir maraqlı hadisə. İkinci Dünya Müharibəsi zamanı Praqa yaxınlığındakı Terezin əsir düşərgəsi məhkumlarından musiqiçi Rafael Schaechter (1905-1944) Verdinin rekviyemini yəhudi məhkumlardan ibarət olan 150 nəfərlik bir xorla 1943-1944 illəri arasında tam 16 dəfə səsləndirmişdi. Təbii, bu xor tam təchizatlı bir orkestr deyildi, yalnız bir pianonun müşayiəti ilə səslənirdi. Sonralar xor üzvlərindən bəziləri Auschwitz ölüm düşərgəsinə göndərildiyi üçün yeni üzvlərin yetişdirilib xorda yer almasına ehtiyac yaranmışdı. Ən sonda isə Schachter özü də 1944-ci ildə Auschwitzə göndərilmiş və ondan bir daha xəbər alınamamışdır. Terezində nasistlərin zülmünə qarşı "səsli" bir müqavimətin simvolu halına gəlmiş Verdinin “Rekviyem”indəki son bolum (libera me) ayrı bir məna qazanmış, həmçinin Agnus dei (Tanrının quzusu) bölümü də döyüş və soyqırım qurbanı olmuş bütün insanların xatirəsini yaşatmışdır.

Fransız bəstəkarı Hector Berliozun (1803-1869) “Rekviyem”i (1837) də musiqi tarixinə düşən nümunələrdəndir. Berlioz bu əsərini fransız hökumətinin sifarişi ilə yazmışdır. Rekviyem 1830-cu ildə baş verən inqilab zamanı ölənlərin xatirəsinə ithaf edilmişdir. Əsərin Napoleon Bonapartın birinci ölüm ildönümündə səsləndirilməsi də tarixi bir hadisədir. Böyük orkestrin ifasında 110 yaylı çalğı aləti və 200-dən çox insan səsi istifadə olunaraq səslənən əsər elə ilk təqdimatından unudulmaz təsir yaratmışdır. Berlioz “Rekviyem”i ilə fransız hökumətinin dəfələrlə sifariş verdiyi operalarındakı müvəffəqiyyətsizliyi unutdura bilmişdir. Çünki operalarından Benvenuto Cellini (1838) və Les Troyens (1856-59) o günlərdə uğur qazana bilməmiş və dövrün bəzi musiqiçiləri tərəfindən ciddi tənqid olunmuşdur.

Bu musiqi tarixində günümüzə qədər ən çox səslənən 3 rekviyemin tarixçəsidir. Şübhəsiz ki, hələ çox əsrlər keçəcək, dəyişən nəsillər hər dəfə dünyanın ən böyük səhnələrində bu təsirli “ölüm duaları”nı dinləyib, onun yazarlarının ruhuna rəhmət oxuyacaqlar. Rekviyemin latıncadan anlamı da “İlahi, onlara əbədi rahatlıq ver!” mənasını daşıyır...

XS
SM
MD
LG