Azərbaycanın son iki onillikdəki tarixi həm də “kitabxanaların kababxanalara çevrildiyi” tarixdir.
...bu iki onilliyin mahiyyətini ifadə edən kifayət qədər söz var. Yalan var, talan var. Repressiya var. Qan var. Göz yaşı var. Aclıq var. Saxtakarlıq var. Riyakarlıq var.
Əlbəttə, bu iki onilliyin mahiyyətini ifadə edən kifayət qədər söz var. Yalan var, talan var. Repressiya var. Qan var. Göz yaşı var. Aclıq var. Saxtakarlıq var. Riyakarlıq var.
Onu “hüquqsuzluğun normaya çevrildiyi illər” kimi də təqdim etmək olar, “mənəvi köləliyin qayıdış illəri” kimi də.
Onu “həqiqətsizlik illəri” kimi də xarakterizə etmək olar, “qarının qardaşdan irəli keçdiyi illər” kimi də.
Onu oğru elə bağırdı doğrunun bağrı yarıldı illəri” kimi də ifadə etmək olar, “düzün düzdə qalması illəri” kimi də.
Bütün hallarda bu iki onillik Azərbaycan üçün itirilmiş illərdir.
Ömrümüzdən çırpışdırılmış illərdir, tariximizdən oğurlanmış, əkişdirilmiş illərdir.
Bu iki onillikdə qazancımız o qədər az, itkimiz o qədər çoxdur ki, bunu hesablayacaq bir riyazi əməliyyat da yoxdur, inanmıram ki, nə vaxtsa da olsun.
Və həmin itkilər sırasında adamı ən çox yandıran, ağrıdan mənəvi itkilərdir.
Ölkə sürətlə kitabsızlaşdırıldı, mədəniyyətsizləşdirildi, kültürsüzləşdirildi. Savadsızlıq kütləviləşdirildi. Cahillik totallaşdırıldı.
Hər şeyin bu qədər sürətlə, kirli şəkildə maddiləşməsi, mənəvi olan hər şeyin də bir o qədər sürətlə dəyərsizləşdirilməsidir. Bilərəkdən. Qəsdən. Düşünülmüş şəkildə.
Ölkə sürətlə kitabsızlaşdırıldı, mədəniyyətsizləşdirildi, kültürsüzləşdirildi.
Savadsızlıq kütləviləşdirildi. Cahillik totallaşdırıldı.
Ələmuçuranlar, cinçıxaranlar, falabaxanlar geri qaytarıldı. Şeyx Nəsrullahlıq dirildi.
Azad sözün, azad fikrin üzünə qapadılan teleekranlar ömründə iki kitab üzü açmamış, iki eşşəyin arpasını bölə biləcəklərinə də heç bir ümid olmayan bayağı, düşük, zövsüz şoumenlərin, bozbaş müğənnilərin ixtiyarına verildi. Ki, rahatca evlərimizə soxulub beyinlərimizi öz şit, mənasız, səfeh “ifaları”, ürəkbulandıran, üfunətli “şok... şok... bir azdan” tipli xəbərləri ilə zəhərləsinlər.
Çünki ölkəni qaranlığa gömmək üçün camaata təkcə siyasi yalanların sırınması azdır, o həm də mənəvi korluğa, kütlüyə, zövqsüzlüyə, bayağılığa vərdiş etməlidir.
Çünki ölkəni qaranlığa gömmək üçün camaata təkcə siyasi yalanların sırınması azdır, o həm də mənəvi korluğa, kütlüyə, zövqsüzlüyə, bayağılığa vərdiş etməlidir.
Və nə yazıq ki, bunu böyük ölçüdə bacardılar.
Bir yandan da yazının lap əvvəlində qeyd etdiyimiz kimi, kitabxanaları kababxanalara çevirdilər. Burada “kababxana” sözü həm şərtidir, həm də deyil.
Gördükləri hər boş torpaq sahəsinə yeni qazanc yeri, bir növ yağlı tikə kimi baxan bugünki idarəçi zehniyyətin gözü onunla da doymamağa, hətta kitabxanaları da uçurub, ləğv edib yerinə hansısa göydələn, ticarət mərkəzi, şadlıq evi, nə bilim daha nə zad inşa etməyə başladı.
Niyyət eyni niyyətdir: ölkəni elə bir qaranlığa sürükləmək ki, göz gözü görməsin və hər şeyi rahatca çırpışdırmaq, əkişdirmək, özününküləşdirmək, mənimsəmək mümkün olsun.
Bir nümunə. Əvvəllər də yazmışam onu, yaddaşımda özünə o qədər ağrılı, kədərli (və qəzəbli!) yer edib ki, yəqin bundan sonra da məqamı, zamanı gəldikcə yazacam.
Bakıda Ənvər Məmmədxanlı adına kitabxana vardı, Mahnı Teatrının arxasında yerləşirdi, 2000-ci illərdə mən ən çox o kitabxanaya gedərdim, kollektivi gülərüz idi, qapını açıb içəri girən adam görəndə gözləri parlayırdı. Hər halda mən belə görmüşdüm.
Günlərin birində həmin kitabxanaya gedəndə dəhşətli mənzərə ilə rastlaşdım: oranı dağıdırdılar, kitablar barbarcasına daşınıb çölə tökülürdü.
Müğənni Yalçın Rzazadənin həyat yoldaşı (adı səhv xatırlamıramsa, Roza xanım idi) kitabxananın müdiri idi. Günlərin birində həmin kitabxanaya gedəndə dəhşətli mənzərə ilə rastlaşdım: oranı dağıdırdılar, kitablar barbarcasına daşınıb çölə tökülürdü.
Soruşanda məlum oldu ki, kitabxananın yerini AZAL prezidenti Cahangir Əsgərova satıblar. Kitabxana kollektivi xeyli dirəşdi, axırda buldozerəcən gətirdilər, Yalçın Rzazadənin həyat yoldaşını döyüb şil-küt elədilər, xeyli xəstəxanada yatdı, hətta sonra sussun deyə şərləməyə başladılar ki, bəs korrupsiya ilə məşğul imiş, cinayət işi açılmalıdır-filan.
... Hamı və hər şey bir yana dursun. İndi mən həm də Ənvər Məmmədxanlı kitabxanasının zibil kimi çölə atılan o kitablarının ahına inanıram.
İnanıram ki, o kitabların ahı bir gün bütün zalımları tutacaq.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.