Keçid linkləri

Təcili xəbərlər

Dərc edilmiş yol xəritələri dəyişdirilir? Saxtakarlıq?


Məlum olduğu kimi, 6 dekabr tarixində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezidentin Fərmanı təsdiq edilmişdi. Fərmana təsdiq edilmiş 12 strateji yol xəritəsi də əlavə edilmişdir. Lakin Fərmanın əsas mətnindən fərqli olaraq xəritələr dərhal deyil, 9-30 dekabr arası tədricən “Azərtac”da dərc edilmişdir. Özü də yalnız 11 xəritə. “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” isə hələ də dərc olunmayıb.

Əsas, xəritələrin niyə yalnız elektron formada dərc olunmasıdır. Axı elektron sənədə hər hansı düzəliş etmək, hətta onu tam dəyişdirmək də olar!

Xəritələrin dərhal deyil, tədricən və yalnız elektron formada dərc edilməsi təəccüblü və rəsmi sənədlərin açıqlanması qaydasına ziddir. Ümumi qaydaya görə xəritələrin hamısı Fərmanla birlikdə dərc edilməli idi, o cümlədən kağız formasında. Bu barədə artıq bir neçə dəfə yazmış və təxmin etmişdim ki, xəritələrin son redaksiyası hələ də işlənir və işləndikcə (o cümlədən tərcümə olunduqca) işıq üzü görür. Lakin əsas heç bu da deyil. Əsas, xəritələrin niyə yalnız elektron formada dərc olunmasıdır. Axı elektron sənədə hər hansı düzəliş etmək, hətta onu tam dəyişdirmək də olar!

Belə də olub! Mən xəritələr dərc olunduqca onları kompüterimə yükləmişəm. Dünən axşam “Azərtac”dan xəritələri bir daha yüklədikdə 11 xəritənin aşağıdakı 4-də səhifə sayı fərqini müəyyən etmişəm (4-dən ikisi arasında fərqi hələ də “Azərtac”ın fərqli istinadlarında özünüz də görə bilərsiniz, digər ikisini isə artıq uyğunlaşdırıblar, amma məndə ilkin fayllar da var):

1. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” – ilkin 60 səhifə, sonrakı 59 səhifə;

2. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” – ilkin 100 səhifə (saytda hər iki yerdə eyniləşdirilib və ilkin versiya qalmayıb, amma məndə qalıb), sonrakı 98 səhifə ;

3. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” – ilkin 51 səhifə, sonrakı 50 səhifə;

4. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” – ilkin 103 səhifə (saytda hər iki yerdə eyniləşdirilib və ilkin versiya qalmayıb, amma məndə qalıb), sonrakı 106 səhifə.

Beləliklə, azı 4 xəritəyə sonradan dəyişikliklər edilib! ...İstisna deyil ki, dərc olunmuş digər 7 xəritəyə də sonradan düzəlişlər edilib...

Beləliklə, azı 4 xəritəyə sonradan dəyişikliklər edilib! Konkret olaraq hansı dəyişikliklər edildiyini yoxlamaq lazımdır: hər iki faylı saxlamışam, müqayisə etmək lazımdır. Onlar “PDF” formatında olduğu üçün avtomatik müqayisə etmək alınmadı məndə (kim yolunu bilirsə, etsin bunu). İstisna deyil ki, dərc olunmuş digər 7 xəritəyə də sonradan düzəlişlər edilib, sadəcə səhifə sayı dəyişməyib deyə, gözə çarpmır hələlik. Bunu da yoxlamaq lazımdır: ilkin və sonrakı fayllar məndə var.

Lakin əsas heç dəyişikliklərin mahiyyəti və məzmunu deyil. Əsas Prezident tərəfindən təsdiq edilən sənədin dərcindən sonra ona dəyişikliklərin edilməsidir. Bu yolverilməzdir! Belə çıxır ki, sənəd təsdiqə təqdim ediləndə hələ tam hazır deyildi. Təsadüfi deyil ki, 12 xəritənin təsdiqindən 50 günə yaxın vaxt ötsə də, onlardan biri hələ də dərc olunmayıb. Deməli, hələ də hazır deyil? Bəs necə təsdiq olunub? Görünən odur ki, bu işin icraçıları Prezidentin tapşırıqlarını vaxtında icra etmir və onu çox pis vəziyyətdə qoyurlar.

Ümumiyyətlə, bu biabırçılığa son qoymaq üçün bütün xəritələrin kağız versiyası da təcili dərc olunmalıdır. Yoxsa elektron versiyanı yerləşdirib sonra hər an dəyişdirmək olar. Gündə bir yol xəritəsi dərc edəcəklər? Belə şəraitdə necə yol gedəcəyik? Azarıq ki...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG