İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı "Orfey" operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına "musiqili faciə" deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər "oxumaqla gedən pyes" adlanırdı, Rusiyada operaya "səslə oxumaq dramı" adı verilmişdi.
Sonralar hər yerdə "opera" adlanan bu əsərlər janr və üslub xüsusiyyətlərinə görə "komik opera", "ciddi opera", "opera-buffa", "böyük opera", "lirik opera", "romantik opera" növlərinə ayrılmışdır.
Coakkino Rossini 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olmuşdur. Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağa, violonçel və korno çalmağa başlamışdı. 15 yaşına çatanda bir musiqi məktəbinə yazılır, bəstəkarlığı öyrənir. Coakkino Rossini uğuru komik operalarıyla qazanmış bəstəkarlardan idi.
Ən əhəmiyyətli əsərləri olaraq Guillaume Tell, Tancredi, və Semiramide qəbul edilir. "Otello" C. Verdinin əsas əsəri olmasına rəğmən, Rossinnin "Otello"su da dinləməyə dəyərdir. Gəncliyində bəstələdiyi simli alətlər sonatları onun Haydn və Mosart kimi klassik dövr bəstəkarlarının əsərlərini dərindən araşdırdığını göstərirdi. Onun ilk operası "Evlilik müqaviləsi" 18 yaşında Venesiyada səhnəyə qoyulmuşdu, dördüncü əsəri ciddi opera Tancredi və beşinci əsəri komik opera "əlcəzairdə İtalyan Qız operaları ilə şöhrət qazanır. əsas əsəri "Sevilya bərbəri" operasını isə 24 yaşında ikən Romada səhnəyə qoydu. Sindrella nağılından ilhamlanan Külkedisi (La Cenerentola) operasını da eyni il 1816-cı ildə yazır.
Rossini 18-37 yaşları arasıda 39 opera bəstələmişdi. Son operası uvertüra, fırtına səhnəsi və balet musiqisi ilə səslənilən "Guillaume Tell" idi. 37 yaşında opera bəstəkarlığını buraxır. Rossini yaşadığı dövrdə çox məşhur bir bəstəkar idi. əsərlərinin bir qismi bu gün də tez-tez səhnəyə qoyulur. Rossini Napolidəki Saniyə Carlo Teatrı, Parisdəki İtalyan Operası kimi bir neçə yerin musiqi direktorluğunu icra etmiş bir bəstəkar idi. Rossini 1830-cu il Fransız İnqilabından əvvəl Kral X Charles-in bəstəkarı olaraq çalışmışdı.
Rossini iki dəfə ailə qurur. 1822-ci ildə evləndiyi yoldaşı Isabella Colbran, əsərlərinin bir çoxunda baş rol oynayan bir opera sənətçisi idi. İlk yoldaşı öldükdən sonra 1846-cı ildə opera müğənnisi Olympe Pelissier ilə evlənir. Rossini 1824-1836-cı illəri arasında yaşadığı Fransaya 1855-ci ildə geri dönür və orada bəstəkar kimi yerləşir.
Rossininin evi bu dövrdə sənətçilərin görüş məkanı halına gəldi. Bəstəkar bu dövrdə "Yaşlılıq günahları" deyə adlandırdığı bəstələr yazıb öz salonunda səsləndirirdi.
Bəstəkarın müxtəlif illərdə yazılmış operaları var: Demetrio e Polibio (1806); İpək Nərdivan (1812); qumarbaz Oğul (1813); İtalyan qadın əlcəzairdə, (1813); Türk İtaliyada (1814); Elisabetta, Regina d"lnghilterra (1815); Sevilya bərbəri (1816); Otello (1816); Sinderalla (1817); Oğru sağsağan (1817); Musa Misirdə (1818); II. Mehmet (1820); Zelmira (1822); Semiramide (1823); Qraf Ori le Comte ory (1828); Korent Kuşatması (1826); Guillaume Teli (1829).
Bu operalardan ən çox müraciət olunanı, dünyanın ən nüfuzlu prestijli səhnələrinə zaman-zaman qoyulanı “Sevilya bərbəri”dir desək, yanılmarıq. Həm də bu operanın yaranmasının, çox maraqlı tarixçəsi var. Götürək elə əvvəlcə əsərin adını. Rossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciət etmiş olması idi. Bundan başqa, L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Bir başqa maraqlı fakt əsərin ideası ilə bağlıdır. Rossini hələ 1816-cı ildə Arcintina teatrı qarşısında karnaval ərəfəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazılmış librettoya izin vermir. Karnavala az vaxt qaldığından Rossini mövcud librettolardan birinə müraciət edir. Beləliklə də “Sevilyalı bərbər” ideyası ortaya çıxmış olur. Rossini Paizielloya izin üçün müraciyət edir və o da gənc bəstəkarın uğursuzluğuna əmin olduğundan, məmnunluqla razılıq verir.
Paiziello bu dövrdə müxtəlif əsərləri ilə çox böyük uğurlar qazanırdı. Qısa bir arayış verim ki, Paiziello 1740-cı ildə İtalyada anadan olmuş, o dövrlərdə şan-şöhrətli bir bəstəkar idi. Qüdrətli bəstəkar 1776-cı ildə II Katalina tərəfindən Sankt Peterburqa, 1802-ci ildə isə Napoleon Bonapart tərəfindən Parisə dəvət olunur. Sankt Peterburqda Şəhər sarayında 8 il çalışan Paiziello məhz bu dönəmdə özünün şah əsəri hesab olunan Sevilya bərbərini yazır. Paiziello o dövrdə çox peşəkar sayılan bəstəkarlardan idi. Hətta cəmiyət arasında Niccolla Piccinni, Domenico Cimarosa, Pietro Guglielmi və s. kimi kütlə tərəfindən sevilən bəstəkarları özünə rəqib bilməsi, bu rəqiblərə qısqanclıqla yanaşması kimi fikirlər də dolaşırdı.
Yeni libretto Ç. Sterbiniyə tapşırılır. İnadla çalışaraq, bəstə və instrumental işləmələrini 13 günə bitirmiş olur. Operanın premyerası uğursuz keçir, tamaşanın gedişi demək olar ki, Paiziellonun pərəstişkarları tərəfindən pozulurdu. Lakin ikinci tamaşa daha uğurlu alınır. Beləliklə də premyera uğursuzluğu sonradan tədricən populyarlığa yol açmış olur.
Opera 2 pərdəlidir, hər pərdədə isə 2 səhnə var.
I pərdə: Əhvalat 18-ci əsrdə Sevilyada baş verir.
I səhnə:
Sevilyanın küçələrində sevgilisi Rozina üçün serenada oxuyan qraf Almavivanı musiqiçilər müşayiət edir. Lakin hər şey əbəsdir. Rozina qəyyumu doktor Bartolonun ucbatından onlara cavab verə bilmir. Bundan qıcıqlanan qraf musiqiçiləri öz qulluqçusu Fiorello ilə yola salır.
Bu an səhnə arxasından şən bariton səs eşidilir. Bu özünü öyən və şəhərdə hamıya gərəkli olan bərbər Fiqarodur. Məlum olur ki bərbər və qraf bir-birilərini yaxşı tanıyırlar. Qraf bərbərə pul verərək ona Rozina ilə evlənməsinə kömək etməsini xayiş edir. Bərbər plan qurmağa başlayır. Onların müzakirəsini evdən çölə çıxan doktor Bartolo pozur, və öz-özünə deyir ki, elə bu gün özü Rozina ilə evlənəcəkdir. Bunu qraf və Fiqaro eşidir. Hər ikisi cəld tərpənmək qərarına gəlirlər. Bartolonun yoxluğundan istifadə edən Almaviva təzədən serenada oxumağa başlayır. Bu zaman o, özünü Lindor kimi təqdim edir. Onu eşidən Rozina eyvana çıxaraq lütfkarlıq göstərir, lakin səs eşitcək tez eyvanı tərk edir. Bu zaman ideya carçısı Fiqaro tədbir tökür: Almaviva əsgər libasında guya sərxoş halda evə daxil olmalı, polkunun şəhərə təhkim olduğunu, onun isə məhz bu mənzildə qalacağını bəyan etməlidir. İdeya qrafa xoş gəlir və səhnə şən duetlə bitir.
II səhnə:
Doktor Bartolonun evi. Hadisələr getdikcə daha da sürətlə inkişaf edir. Rozina özünün kolaratur ariyasını - Una voce poco fa (“Gecə yarı sükunət”) ifa edir. Bu ariyada Rozina naməlum serenada ifaçısı Lindora sevgisini bəyan edir. O, hesab edir ki, Lindora layiqli arvad ola bilərdi. Əks təqdirdə o iblisə, intriqa törədən ilahə Migeraya dönə bilər. Ariyadan sonra Rozina Fiqaro ilə ürəkdolu və səmimi söhbət edir. Əksinə doktor Bartolo ilə həvəzsiz danışır. Digər ikinci böyük ariya - “La calunnia” (“Böhtan”) - böhtan və ya pis niyyətli dedi-qodu kimi tanınır. Musiqi müəllimi don Bazilio köhnə dostu doktor Bartola şəhərdə Almaviv adlı bir qrafın peyda olduğunu və onun Rozinanın gizli məşuqu olduğunu xəbər verir. Səhnəarxası bir dialoqda Fiqaro Rozinaya nəql edir ki, Lindor adlı bir yoxsul adam Rozinaya vurulmuş və ondan çavab məktubu gözləyir. Rozina ona cavab məktubu yazaraq gəncə çatdırmaq üçün Fiqaroya verir. İkinci bir dialoqda isə Rozina qəyyumu doktor Bartolonu bu “böhtan şaiyələrə” inanmamağa çağırır. Amma o hər şeyi görür və başa düşür.
Tezliklə qraf Almaviv əsgər qiyafətində peyda olaraq bəyan edir ki onu doktorun evinə təhkim etmişlər. Doktorun etirazları əbəssiz olur. Sərxoş əsgər doktoru hədələyir. Eyni zamanda o, Rozinaya him-cimlə Lindor olduğunu başa salır. Aləm bir-birinə qarışmış olur. Qalmaqala sonradan qulluqçu Berta, daha sonra isə musiqi müəllimi Bazilio qoşulmuş olurlar. Səs-küyə gələn şəhər mühafizəçiləri sərxoş əsgəri həbs etmək istədikdə o, öz əsl üzünü göstərməli olur.
II pərdə:
I səhnə:
II pərdədə qalmaqal get-gedə böyüyür. Qraf Almaviva doktor Bartolonun evinə bu dəfə musiqi müəllimi qiyafətində gələrək onu inandırmağa çalışır ki, Don Bazilio xəstələndiyinə görə Rozinaya musiqi dərsi vermək üçün onu əvəz edir. Bir az sonra Fiqaro əlində üz qırxmaq üçün ləyənlə gəlir; o, doktorun üzünü qırxmaqda israrlıdır. Doktorun üzü sabunlu olduğundan və Fiqaro tərəfindən başı qatıldığından sevgililərin gecə qaçışı üçün hazırlıqlarını duya bilmir. Bu an don Bazilio gəlir. O, xəstə deyil. Lakin qrafın ona verdiyi pul kisəsindən sonra o, evinə müalicə olunmaq üçün dönür. Bu an doktor Bartolonun ev idarəçisi Bertanın qoca kişilərin evlənmək istəyini istehza edən kiçicik mahnısı səslənir.
II səhnə:
Pəncərədən içəri qara plaş geymiş Fiqaro və sonra isə qraf içəri daxil olur. Onlar Rozinanı qaçırmağa hazırlaşırlar. Ona pis niyyətlə gəlmədiklərini anladaraq başa salırlar ki, qraf Almaviv və yoxsul Lindor eyni şəxslərdir. Qaçarkən onlar nərdivanın yerində olmadığını görürlər. Məlum olur ki, onu Rozina ilə evlənmək üçün tədarük görən doktor Bartolo götürmüşdür. Bartolonun sifarişi ilə gələn Bazilio və notariusu qraf satın ala bilir. Onlar qrafın Rozina ilə kəbinini kəsirlər. Qraf doktor Bartoloya ona heç bir cehizin lazım olmadığını və onları özünə saxlaya biləcəyini deyərək bir təhər yola gətirir. Beləliklə komediya xoş sonluqla bitmiş olur.