Masaçusets Texnologiya İnstitutunun tədqiqatçıları poladdan 10 dəfə möhkəm olan qrafin forması yaratmağa nail olublar. Bu material həm də poladın sıxlığının cəmi 5 faizinə malikdir.
"Science Advances" jurnalında dərc edilmiş məqalədə Markus Buehler və həmkarları əriyən və sıxılan qrafin hissəciklərinin yeni materiala çevrildiyini göstərirlər.
Qrafin həmişə möhkəm material olub. Ancaq bu materialım ikiölçülü formada olduğu zaman malik olduğu möhkəmliyi üçölçülü formaya keçəndə görmürdük. Araşdırma məhz bu problemin üzərində qurulub. Qrafinin tərkibində dəyişiklik etməkdənsə, alimlər müəyyən ediblər ki, işin mahiyyəti materialdan necə istifadə olunmasındadır. Onlar qrafini qeyri-adi həndəsi formaya salıblar.
Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, başqa möhkəm və yüngül çəkili materiallara da buna bənzər həndəsi xüsusiyyətlər verməklə onları daha da möhkəmləndirmək mümkündür.
Bundan əvvəl də yüngül materialların gücləndirilməsi istiqamətində araşdırmalar aparılıb. Ancaq aparılan təcrübələr gözləntiləri doğrultmayıb. Bu araşdırma zamanı isə tədqiqatçılar qrafini atom səviyyəsinə qədər təhlil etmək qərarına gəliblər.
Tədqiqatçılar istilik və təzyiqin köməyilə qrafin hissəciklərini sıxaraq güclü və sabit struktur yaratmağa nail olublar. Yaradılmış yeni struktur diatomlar kimi tanınan mikroskopik canlılar və bəzi mərcan növlərinin quruluşuna oxşardır. Sahəsi həcmi ilə müqayisədə nəhəng olan bu struktur qeyri-adi dərəcədə möhkəmdir.
"Biz bu 3D strukturları yaradandan sonra anlamaq istədik ki, bizim limitimiz nədir və hazırlaya biləcəyimiz ən güclü material nədir", - tədqiqatın müəlliflərindən biri Zhao Qin deyir.
Alimlər tədqiqat prosesində müxtəlif 3D modelləri hazırlayaraq sınaqdan keçiriblər. Rəqəmli simulyasiyaların köməyilə poladdan 10 dəfə möhkəm və onun sıxlığının cəmi 5 faizinə malik olan qrafin növü ən uğurlu material seçilib.
Qrafinin özü atom qalınlığındadır. Ancaq alimlər deyirlər ki, onun bu yeni formasına möhkəmlik verən həndəsi xüsusiyyətlərdən irimiqyaslı materiallarda da istifadə edilə bilər. Məsələn, körpü kimi konstruksiyaların tikintisi zamanı istifadə olunan betona məsaməli həndəsi struktur verməklə onun çəkisinə çox da təsir etmədən möhkəmliyini ciddi şəkildə artırmaq mümkündür. Materialın daxilində hava ilə dolu məsamələr olduğuna görə ondan izolyasiya xüsusiyyətlərini yaxşılaşdırmaq, yaxud da kimyəvi maddələrin və suyun emalı zamanı filtrasiya üçün istifadə etmək olar.
Bu yaxınlarda Dublindəki Triniti Kollecinin alimləri qrafini "Silly Putty", yaxud "əl saqqızı" adı ilə tanınan polimerlə qarışdıraraq son dərəcə həssas sensor əldə etmişdilər. Bu materialın həssaslığı hörümçəyin addımlarını belə ölçməyə imkan verir.
"G-putty" adı verilmiş bu yeni material cüzi deformasiya və təzyiqlə elektrik müqavimətində çox böyük dəyişiklik yarada bilir.