Keçid linkləri

Təcili xəbərlər

Bütün ideologiyaların ortaq musiqisi: “Xoşbəxtliyə Doğru”


Güman ki, aranızda Lüdviq van Bethovenin (Ludwig van Beethoven) məşhur 9-cu simfoniyasını dinləməyən yoxdur. Mənə maraqlı gələn budur ki, bir musiqi, simfoniya necə olur, bəşəriyyətə bu cür təsir göstərib? Bu cür təsir edici qüvvəyə malik tək-tək musiqi əsərləri olub. Hər dinlədikcə öz-özlüyümdə istər-istəməz bir ruh yüksəkliyi hiss edirəm. Gözümün qarşısında çox fərqli səhnələr peyda olur və niyəsini öz-özümə soruşmadan, aydınlaşdırmadan xoşbəxt oluram. Əlbəttə musiqinin insana psixoloji təsiri çox böyükdür, lakin nəzərə alaq ki, bu cür musiqilər həm də cəmiyyətin ruporu və onu irəli aparan qüvvələrdən biri rolunu oynaya bilər.

Bəlkə də Fransız inqilabının bəşəriyyətə gətirdiyi ən böyük xeyri elə budur: o, bütün dahilərə - filosoflara, bəstəkarlara, siyasətçilərə, elm xadimlərinə də öz sahələrində inqilab etməyə ilham mənbəyi olub.

9-cu Simfoniyanın istər 19-cu əsr, istərsə də müasir dövrümüz üzərində çox böyük təsiri mövcuddur və bu təsir görünür ki, hələ bir neçə əsr də davam edəcək. Ümumiyyətlə isə, onu da deyim ki, Lüdviq van Bethoven öz əsərlərini Fransız inqilabından təsirlənərək yaradıb. Bəlkə də Fransız inqilabının bəşəriyyətə gətirdiyi ən böyük xeyri elə budur: o, bütün dahilərə - filosoflara, bəstəkarlara, siyasətçilərə, elm xadimlərinə də öz sahələrində inqilab etməyə ilham mənbəyi olub.

Təsadüfi deyildir ki, Bethoven də onlardan biri idi. Ümumiyyətlə Beethoven özü də çox inqilabi təfəkkürə malik və köhnəliyə, ənənəvi mental dəyərlərə nifrət edən bir şəxs olub. Bunları nəzərə aldıqda, bu cür şəxsin bütün əsrlərdə insanlığın yaddaşından silinməyəcək bir əsər yaratmasının təsadüfi olmadığını hiss edirsən. Əsasən də 9-cu simfoniyanın son, “Xoşbəxtliyə doğru” (Ode an die Freude) hissəsini göz önünə gətirdiyimiz zaman məsələnin ciddiliyi ortalığa çıxır. Ümumiyyətlə isə təsadüf deyə bir şey yoxdur!

Baxmayaraq ki, Bethoven 28 yaşında ikən musiqiçi üçün əsl faciə hesab edilən eşitmə itkisindən əziyyət çəkməyə başladı, hətta bu maneə belə 9-cu simfoniyanın yaradılmasına mane ola bilmədi...

Baxmayaraq ki, Bethoven 28 yaşında ikən musiqiçi üçün əsl faciə hesab edilən eşitmə itkisindən əziyyət çəkməyə başladı, hətta bu maneə belə 9-cu simfoniyanın yaradılmasına mane ola bilmədi (lakin bu əsəri yaratdıqdan 3 il sonra vəfat etdi. 9-cu simfoniya lənəti).

Beləliklə, gələk 9-cu simfoniyaya və onun ən maraqlı və bəlkə də ən mistik hissəsi olan “Xoşbəxtliyə doğru” və ya “Ode an die Freude” hissəsinə. Əvvəla xoşbəxtlik nə nisbi, nə də ümumi anlayışdır. Xoşbəxtlik məhz fərdi bir anlayışdır. Hər kəs bu məhfumu müxtəlif cür analiz və şərh edə bilər. Burada mübahisəyə girmək istəməzdim, həm də bütöv mənada blog postun əsas mənasından uzaqlaşmış olardım.

Bethovenin özünün məşhur 9-cu simfoniyanın son hissəsini alman şairi Yohan Fridrix Şillerin (Johann Friedrich Schiller) “Xoşbəxtliyə doğru” şeirindən təsirlənərək yaratdığı faktdır. Lakin necə olur ki, adi şeir və bu şeirdən təsirlənərək yaradılan insanların yaddaşında bu qədər uzunmüddətli qalır və hətta o dərəcədə təsir edici mexanizmə malik olur ki, “Avropa İttifaqı” kimi bir qurum onu özünə himn kimi götürür?

Təsadüfi deyildir ki, “Ode an die Freude”ni həm kommunistlər, həm nasistlər, həm də liberallar istifadə edib və indi də istifadə edirlər.

Əlbəttə ki, məsələnin səbəbi məhz ideolojidir. Hə, musiqidə qardaşlıq, ədalət və azadlıq kimi xüsusiyyətlərdən açıq-aydın bəhs edilir. Sosial və siyasi elmlərdən azca başı çıxan adam əsərə qulaq assa asanlıqla musiqinin gözəlliyini anlayaraq, burada əslində zümrədən, sinifdən asılı olmayaraq hər bir kəsin bərabərliyindən söhbət getdiyini hiss edəcək. Təsadüfi deyildir ki, “Ode an die Freude”ni həm kommunistlər, həm nasistlər, həm də liberallar istifadə edib və indi də istifadə edirlər. İstənilən ideologiyaya mənsubundan “Ode an die Freude”ni dinlədiyini soruşsan, düşünmədən “Hə!” cavabını verəcək, hətta bəziləri uzun məruzələr də deyəcək, çünki mənim fikrimcə bu yeganə əsərdir ki, ideologiyalar arası baryerləri aşır, yəni bütün insanların birliyi və bərabərlikdə yaşamağını arzusu doğurur. Bəzilərimiz üçün bu, əlbəttə, utopik səslənə bilər, amma hal-hazırda insanlığa lazım olan məhz bu deyilmi? Sülh şəraitində diskussiya aparmaq və bir-birini dinləyib-anlamaq. Məhz buna görə “Ode an die Freude” əsəri 9-cu Simfoniyanın ən gözəl hissəsidir – o heç kimə fərq qoymadan hər kəsə səslənir:

“Qucaqlaşın ey milyonlar,
bu öpüş bütün dünyanındır”

Həqiqətən də maraqlı deyilmi? Bu cür əsərə həm diktatorlar, həm də demokratlar qulaq asır və dinləyən insan, pis yaxud da yaxşı insan olsun, yenə də bu əsər altında birləşir və şəxsi niyyətlərini, istəklərini bir kənara qoyur.

Mənə görə “Ode an die Freude” özü-özündə həm də bir ideologiyadır, hətta ideologiyaların ən üstünüdür. Bir musiqi ki, bu cür hamını birləşdirə bilir, o heç vaxt sadəcə olaraq oturub dinləmək üçün yaradılmış bir əsər ola bilməz.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG