NASA xəbər verir ki, NEOWISE missiyasının astronomları Yerə yaxınlaşmaqda olan iki obyekt aşkar ediblər.
Obyektlərdən biri 2016-cı il noyabrın 27-də aşkar edilib. Ona 2016 WF9 adı verilib. Bu göy cisminin orbiti Yupiterin orbitindən Günəşə qədər gedib çıxır. Bu obyekt komet də ola bilər, asteroid qurşağının qaranlıq obyektləri populyasiyasına məxsus gəzən asteroid də. Onun diametrinin 0,5-1 kilometr olduğu bildirilir.
Bu, üzərinə düşən günəş şüalarının ancaq kiçik faizini əks etdirən qaranlıq obyektdir. NEOWISE komandasının üzvü Cozef Maseyro (Joseph Masiero) deyir ki, onların bəziləri kömürdən də qaradır.
NEOWISE həm açıq, həm də tünd rəngli Yerə yaxın obyektlərin öyrənilməsi üçün infraqırmızı detektorlardan istifadə edir. Detektorun sayəsində əldə edilmiş məlumat alimlərin obyektlərin ölçüsünü müəyyən etməsinə imkan verir.
2016 WF9un orbitinin afelionu (Günəşdən ən uzaq nöqtəsi) Yupiterin orbiti yaxınlığına, perihelionu (Günəşə ən yaxın nöqtəsi) isə demək olar ki, Yerin orbiti üzərində yerləşir. Bu obyektin asteroid qurşağı və Marsın orbitlərini keçərək yenidən Yupiterə tərəf hərəkəti 4,9 il çəkir.
2016 WF9 Yerə 2017-ci il fevralın 25-də yaxınlaşacaq. O, Yerin 51 milyon kilometrliyindən keçəcək. Bu göy cisminin trayektoriyası yaxşı öyrənilib. Planetimiz üçün onun heç bir təhlükəsi yoxdur.
İkinci obyektə C/2016 U1 adı verilib. Onu bir çox əlamətlərinə görə komet kimi təsnif edirlər. Alimlər bu obyektin Günəşə yaxınlaşdıqca toz buraxdığını aşkar ediblər. NASA-nın Kaliforniya ştatında yerləşən Yerə yaxın obyektlərin araşdırılması Mərkəzinin meneceri Paul Chodas deyir ki, bu kometi keyfiyyətli binokl vasitəsilə görmək mümkün ola bilər. Ancaq, onun sözlərinə görə bunu əminliklə demək olmaz. Belə ki, kometin parlaqlığı "gözlənilmədən dəyişir".
Şimal yarımkürəsindən baxan müşahidəçilər C/2016 U1 kometini yeni ilin ilk həftəsi ərzində dan yerinin sökülməsi ərəfəsində səmanın cənub-şərq hissəsində görəcəklər.
O, hər gün cənuba tərəf hərəkət edərək, yanvarın 14-də öz orbitinin Günəşə ən yaxın nöqtəsinə (perihelionuna) çatacaq. Bu kometin perihelionu Merkurinin orbiti üzərində yerləşir. Bu planetin Günəş ətrafında bir dövrəsini bir neçə min il ərzində başa vurduğu deyilir.
Alimlər bu kometin də planetimiz üçün heç bir təhlükə törətmədiyini deyirlər.
NEOWISE missiyası asteroid və kometlərin "ovu" ilə məşğul olan WISE layihəsinin bir hissəsidir.
NEOWISE missiyasının məlumatları ictimaiyyətin və alimlərin istifadəsi üçün internetdə yerləşdirilir.