Rusiya “Energiya” korporasiyası (Энергия) Ukraynanın “Yujnoe” (Южное) konstruktor bürosu ilə danışıqlara başlayıb. Sözügedən danışıqlar “Morskoy start” (Морской Старт) adlanan proqram çərçivəsində “Zenit” raket-daşıyıcısı vasitəsilə Rusiya peyklərinin orbitə buraxılması ətrafında gedir.
Məlumatlara görə, “Energiya”nın istehsal etdiyi peykin ruslar tərəfindən yenicə hazırlanmış “Anqara” daşıyıcı vasitəsilə orbitə buraxılacağı iddia edilirdi. Lakin raket hazır olmadığına görə, korporasiya “Zenit”in istifadəsi variantına müraciət etməli olub.
Mənbələrin dediyinə görə, artıq oktyabr ayında Ukrayna nümayəndələri də daxil olmaqla layihənin iştirkaçıları arasında görüş də baş tutub. Kiyev və Moskva tərəfindən bu layihə təsdiqlənərsə, layihənin realizasiyası eyni tipli 12 ədəd raket-daşıyıcılar alınacaq.
Roskosmosda olan mənbə onu da qeyd edir ki, “Zenit”də olan problemlərdən dolayı “Morskoy start”ın da perspektivləri hələ ki, o qədər də aydın deyil. “Zenit”in bərpası mümkün olsa da, şübhələr var ki, o, öz texnoloji potensialını artıq itirib. Bundan başqa, mənbə, raketdə istifadə edilən Rusiya istehsalı olan RD-171 mühərriklərinin Ukraynaya tədarükündə də problemlərin yaranacağını ehtimal edir.