AzadlıqRadiosunun saytında M.Ə. Rəsulzadənin öz əliylə tikdiyi bayraq haqqında yazılanları qürurla oxudum.
Əslində, bu bayrağın varlığından xəbərdardım. Bir neçə il öncə çıxan “Azərbaycan bayraqları” kitabında həmin bayrağın tarixçəsi verilib. Onun Tarix muzeyində qorunduğu da yazılıb:
“YAŞIL DONLU, MAVİ GÖZLÜ, AL YANAQLI SEVGİLİM” (Cəfər Cabbarlı)
Azərbaycan Tarixi Muzeyində eynən bu cür, amma nadir bir bayraq saxlanılır. Bayrağın özəlliyi ondadır ki, onu 1952-ci il 28 may ərəfəsində İstanbulda Məhəmməd Əmin Rəsulzadə və xanımı hazırlayıb.
“Cümhuriyyət hökumətinin 21 iyun 1918-ci il tarixli ilk qərarlarından birində «Üzərində qırmızı fonda ağ aypara və ağ səkkizguşəli ulduz olan qırmızı qumaşdan hazırlanan bayraq Azərbaycan Bayrağı kimi tanınsın» deyilirdi. Noyabrın 9-da qəbul olunmuş qərarda isə «mavi, qırmızı və yaşıl rəngli üç zolaqdan, ağ aypara və səkkizguşəli ulduzdan ibarət» milli bayraq təsis edildi. Azərbaycan Tarixi Muzeyində eynən bu cür, amma nadir bir bayraq saxlanılır. Bayrağın özəlliyi ondadır ki, onu 1952-ci il 28 may ərəfəsində İstanbulda Məhəmməd Əmin Rəsulzadə və xanımı hazırlayıb. O bayraq uzun illərdən sonra Bakıya gətirilib, 1998-ci ildə mühacir Gülmirzə Bağırov tərəfindən Müsavat Partiyasına hədiyyə edilib. 2003-cü ilin iyununda muzeyin xahişi ilə partiya o bayrağı Tarix Muzeyinə verib. Əmin bəyin öz əliylə düzəltdiyi bayrağın ölçüsü 108x149 sm-dir”.
Üstəlik, həmin bayrağın bu il açılan “Azərbaycan Cümhuriyyəti-1918-1920” daimi ekspozisiyasında nümayiş olunduğunu da bilirdim.
Əmin bəyin əli dəydiyi o bayraq ürəyində cümhuriyyət sevgisi olan hər kəsə əzizdir
Amma mən başqa bir bayraqdan söz açacağam.
RƏSULZADƏ-130
2014-cü ilin yanvarında Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirlərinə qatılmaq üçün Müsavat Partiyasının dəvəti ilə Azərbaycana gəldi. Cəmil bəy AzadlıqRadiosunun «İz» proqramının da qonağı oldu və söhbət əsnasında Rəsulzadənin Türkiyəyə gəlişindən danışarkən maraqlı bir fakta diqqət çəkdi: http://www.azadliq.org/a/25248940.html
O BAYRAQ HARADADIR?
1992-ci ildə Elçibəy iqtidarı dönəmində Ankarada açılan Azərbaycan Səfirliyinə - Elçibəyə təqdim edilmək üçün verdik. İndi o bayraq haradadır, bilmirəm..
“Zatən oraya gəldiyi zaman qoynunda gətirdiyi Azərbaycanın üçrəngli bayrağı və qurduğu Müsavat Partiyası vardı. Bu 3 yoldaş bərabər gəlmişdilər. Üçrəngli bayraq da vəfatına qədər özündəydi, vəfatından sonra da bizlərə əmanət edilmişdi. Xatırlayırsınızsa, 9 dekabr 1918-ci ildə Rəsulzadənin «Bir kərə yüksələn bayraq, bir daha enməz!» dediyi o bayraq bizə əmanət idi. Bizlər o bayrağı eyni təmizliklə saxladıq və 1992-ci ildə Elçibəy iqtidarı dönəmində Ankarada açılan Azərbaycan Səfirliyinə - Elçibəyə təqdim edilmək üçün verdik. İndi o bayraq haradadır, bilmirəm...”.
BAYRAĞI TAPACAĞIMA SÖZ VERDİM...
Hörmətli Cəmil bəyə o bayrağı tapacağıma söz verdim...
AXC dönəmində adları keçən bir neçə şəxsə zəng vurdum.
Qəribədir, heç kəs heç nə bilmirdi...
TAPILDI!
Nəhayət, o dövrdə Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovla danışdım. Oqtay bəy faktı təsdiqlədi və o dövrdə prezidentə gələn bütün əşyaların, eləcə də bayrağın Prezident Aparatında saxlandığını bildirdi.
Demək, bayraq Prezident Aparatındadır?!..
DAHA ƏZİZ, DAHA QƏDİM BAYRAQ...
Demək, daha əziz, daha müqəddəs bayraq - 1920-ci ildə Əmin bəyin qoynunda mühacirətə apardığı, qoruduğu, hər il mayın 28-də evinin bir guşəsindən asdığı üçrəngli bayraq 72 ildən sonra - 1992-ci ildə Bakıya gətirilib.
O bayrağı-əgər durursa- Milli Tarix Muzeyinə təhvil verməyin zamanı çoxdan keçib.
YÜZİLLİYƏ AZ QALIB!
Amma “Heç olmazdansa, gec olsun” deyib atalar.
İki ildən sonra Azərbaycan Cümhuriyyəti bayrağının 100 yaşı bayram ediləcək.
Məncə, o bayraq - ilk bayraq Milli Tarix Muzeyinin bu il “Cümhuriyyət Günü” ərəfəsində yeni quruluşda hazırladığı “Azərbaycan cümhuriyyəti. 1918-1920” daimi ekspozisiyasına çox yaraşardı!
YÜZİLLİK YUBİLEYDƏ GÖRÜŞMƏK ÜMİDİYLƏ!
Qoy orada göstərilən - Əmin bəyin 1952-ci ildə hazırladığı müqəddəs bayraq tək qalmasın!
Bir daha Bayraq Gününüz mübarək!
Dəyərlərimizi qoruyaq və gələcək nəsillərə ötürək!
Yoxsa Cəfər Cabbarlının cəmi 20 yaşında yazdığı bayraq sevgili şeiri bizi utandırar!
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.