Keçid linkləri

Təcili xəbərlər

Məlum və naməlum Amerika


ABŞ prezidentliyinə namizədlər Hilari Klinton və Donald Tramp
ABŞ prezidentliyinə namizədlər Hilari Klinton və Donald Tramp

ADAMI TƏQİB EDƏN SUALLAR...

Hər bir məsələdə elə bir vaxt yetişir ki, suallardan qaçmaq olmur. Elə bil onlar təcrübəli detektiv kimi adamı hər yerdə təqib edir, hər yerdə ona göz qoyur. Bu günlərin isə bir mühüm sualı var: ABŞ-ın prezidenti kim olacaq?..

Əslində heç çox vaxt da qalmayıb. Bir həftədən sonra bu sualın da dəqiq, yerli-yataqlı cavabını biləcəyik. Amma seçki günü yaxınlaşdıqca insanların buna marağı da artır və hamı bu sualın cavabını irəlicədən bilmək istəyir.

Bu aspektdən yanaşan hər kəs hesab edir ki, Donald Tramp ABŞ-ın prezidenti ola bilməz, çünki bu, sadəcə, mümkün deyil.

Hərçənd, çoxu bu qənaətdədir ki, artıq cavabı bilir və sadəcə, başqalarının da bunu təsdiqləməsini istəyir. Ona görə ki, bəzən hansısa hadisə o səbəbdən baş vermir ki, o, sadəcə, baş verə bilməz.

Dəqiq elmlərdə bu, daha aydındır. Bu elmlərə görə, təbiətdə ancaq obyektiv qanunlar deyilən prinsiplərlə zidd olamayan hadisələr baş verə bilər.

Buna alışmaq bir az çətin olsa da, sosialist sisteminin çökməsilə bizim cəmiyyət haqqındakı təsəvvürlərimiz də çökdü. İndi hamı Karl Popperin ardınca deyir ki, təbiətdən fərqli olaraq cəmiyyətin fundamental və ya obyektiv qanunları yoxdur, prinsipcə, hər şey baş verə bilər, yetər ki, bu istəkdə bulunanların sayı və qətiyyəti çox olsun.

Amma yenə də insanlar siyasi və ictimai proseslərdə də müəyyən qanunauyğunluqa, hətta determinizmə can atırlar. Hərçənd, bir daha qeyd edim ki, kvant mexanikasının yaranması ilə təbiətdə, Popperin peyda olması ilə isə cəmiyyətin həyatında determinizmə “yox” deyildi.

Buna da bax: Qərbdən gileyli Azərbaycanlılar və yaxud Qərb “İsgəndər”ləri niyə görmədi...

Fəqət, insanlar düşünür ki, proseslər proqnozlaşdırıla bilinəndə onları yaşamaq daha asan olur. Bu aspektdən yanaşan hər kəs hesab edir ki, Donald Tramp ABŞ-ın prezidenti ola bilməz, çünki bu, sadəcə, mümkün deyil. Elə seçkilər də bu yöndən maraq kəsb edir. Nə üstünlük təşkil edəcək? Seçicilərin cari maraqları, yoxsa ABŞ dövlətinin əbədi maraqları?

Yerdə qalan bir həftənin əsas sualı həm də budur. Biz də vaxtı azacıq qabaqlayaraq bu suala cavab verməyə çalışacağıq...

NİYƏ GÖRƏ TRAMP YOX, HİLLARİ?..

Doğrusu, bu sualla ilk dəfə Rusiya saytlarından birində rastlaşmışdım. Onlar məsələ ilə bağlı öz mülahizələrini – bugünkü Rusiyanın spesifikasına uyğun fikirlərini yazmışdılar. Detallarına varmağın mənası yoxdur, çünki rus mediasındakı isterika ilə oxucuları yükləmək istəmirəm. Amma nə gizlədim, mövzu mənə maraqlı göründü və qərara gəldim ki, mən də öz qənaətlərimi yazım.

Xülasə, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasındakı çəkişmə də özünün lap pik həddinə çatdı – sadə amerikalı seçici Klintonun və ya Trampın həyatının, hətta özəl həyatının təfərrüatlarına, ən xırda detalallına belə baş vurmaq imkanı qazandı.

...demokratiyanın gözəlliyi də elə məhz bundadır – şübhəli, qaranlıq məqamlar qalmır, insanlar onları idarə etmək istəyənlər haqqında hər şeyi, yaxşını da, pisi də bilməyə çalışır və bilirlər də.

Mənə elə gəlir ki, demokratiyanın gözəlliyi də elə məhz bundadır – şübhəli, qaranlıq məqamlar qalmır, insanlar onları idarə etmək istəyənlər haqqında hər şeyi, yaxşını da, pisi də bilməyə çalışır və bilirlər də.

O ki qaldı ABŞ-dakı seçkilərin başqa təfərrüatlarına, onlar haqqında da çox yazılır, çox deyilir. Bizdə əslində öz seçkilərimiz haqqında danışmaq çətindir. Heç kim bu haqda danışmağı sevmir, çünki qan qaraldır.

Ona görə ki, bizim seçki qutularımızı lap “qara dəliklər” kimi “qara qutular” adlandırsalar daha yaxşı olar. Amma şükür ki, Amerika seçkiləri haqqında hansı təfərrüatı desən, bilmək olur.

Tramp seçki saxtakarlığından, seçkiləri saxtalaşdırmaq üçün “karusel” əməliyyatlarından, artıq dünyasını dəyişmiş insanların belə seçki siyahılarına salınmasından dəm vurur. Onu dinləyəndə elə bilirsən söhbət ABŞ-dan deyil, hansısa bir Orta Asiya ölkəsindən gedir.

Bütün bunlar ABŞ-da mümkündürmü? Güman etmirəm. Ona görə ki, bu ölkə “Uoterqeyt”i keçmiş ölkədir. Burada saxtakarlığa, qanun pozuntusuna görə hətta prezidenti istefaya göndərə bilirlər. Əgər belə bir hadisə - seçki ilə bağlı hər hansı bir saxtakarlıq baş verərsə, o, dərhal mediaya və məhkəməyə yol tapar və seçkinin nəticələri də dərhal ləğv olunar. Buna mənim zərrə qədər də şübhəm yoxdur.

...hətta çox nüfuzlu respublikaçılar belə Trampa qarşı çıxmağa və onun Ağ Evə yolunu əngəlləməyə çalışırlar.

Ümumi götürdükdə isə, ABŞ-ın tarixində ikinci belə seçki xatırlamıram. İş o yerə çatıb ki, hətta çox nüfuzlu respublikaçılar belə Trampa qarşı çıxmağa və onun Ağ Evə yolunu əngəlləməyə çalışırlar. Düzü, respublikaçılar elə lap əvvəldən ona mane olmağa cəhd edirdilər, amma bacarmadılar.

İndi əksəriyyət hesab edir ki, seçkilərin qalibi Hilari Klinton olacaq. Bunun baş verməsi üçün mümkün nə varsa, edilir. Amma orta statistik amerikalı seçici Trampı da yalqız buraxmır. Sadəcə, Tramp elə kobud səhvlər edir ki, bunlar prezidentliyinə namizəd üçün qətiyyən məqbul sayıla bilməz.

Bir az əvvəl dediyim kimi, iş o yerə çatıb ki, hətta respublikaçılar da çıxış yolunu Klintonun qalib gəlməsində görürlər. Bunun üçün Klintonun indiyə qədər etdiyi bir çox yanlışlıqlara, kobud səhvlərə və sağlamlıq durumu ilə bağlı problemlərə belə göz yumurlar. Bilə-bilə ki, Klintonların ABŞ siyasətinə təsir etmək üçün çox imkanları olub. Yəni xanım Klintonun seçiciləcəyi halda böyük yeniliklər gözləməyə dəyməz.

Bəli, bütün məntiq deyir ki, qalib Klinton olacaq. Amma bu, siyasətdir, üstəlik, demokratik siyasətdir. Hər şey ola bilər. Bütün hallarda qələbə elə də asan olmayacaq. Sosioloji sorğular da göstərir namizədlərin şansları o qədər də çox fərqlənmir.

Üstəlik, məşhur “elektron-poçt” qalmaqalı da səngimək bilmir. Bu günlərdə deyildi ki, FTB yenidən təhqiqatlara start verib. Seçkiyə bircə həftə qalmış isə bütün bunlar ciddi problemdən savayı bir şey deyil.

Bir neçə dəfə yazmışam ki, Trampın qələbəsi ABŞ siyasətində personallıqla institutisionallığın real sərhədlərini aşkarlaya bilərdi. Seçki bir tərəfə, adam hey düşünür ki, görən, bir adamın təkbaşına ölkə siyasətinin sükanını istədiyi səmtə yönəltmək imkanları nə qədərdir? Fəqət, indi böyük siyasi eksperimentlərin vaxtı deyil və bu sualın cavabını daha bir əlverişli məqama qədər təxirə salmaq yaxşı olardı.

ABŞ-da böyük ehtimalla hamı bunun fərqindədir. Artıq Mosulda da hərbi əməliyyatlar gedir. Təbii, bu da ABŞ hakimiyyətinin, daha doğrusu, demokratların seçkiyə hesablanmış bir addımıdır.

Bunun baş verməməsi üçün Barak Obama administrasiyasına Mosulda sürətli və təsirli qələbə lazımdır. Fəqət, seçkilərə qədər çətin ki, məsələ tamamilə həll olunsun...

Amma Trampın pasifist şüarlarına dəstək verən amerikalı seçicilərin buna reaksiyası necə olacaq? Onlar Trampın arxasında, necə deyərlər, “daha sıx birləşməyəcəklərmi”?

Bunun baş verməməsi üçün Barak Obama administrasiyasına Mosulda sürətli və təsirli qələbə lazımdır. Fəqət, seçkilərə qədər çətin ki, məsələ tamamilə həll olunsun, çünki vəziyyət olduqca qəlizdir – İraqda da, elə Suriyada da yenə hamı biri-birilə vuruşur.

Xülasə, Mosulda nə baş verməsindən asılı olmayaraq noyabrın 8-ə o qədər də çox qalmayıb, gözümüzü açıb görəcəyik ki, seçkilərdir.

Yenə də, hesab edirəm ki, prezident Klinton olacaq və Ağ Ev daha 4 il demokratların əlində qalacaq. Amma amerikalı siyasətçilər D.Trampı dəstəkləyənləri də unutmamalıdırlar. Onlar da cəmiyyətin bir kəsimidir və bu kəsimin necə düşünməsi və nə deməsi heç də az əhəmiyyət kəsb etmir.

KLİNTONA DA HƏR ŞEYDƏN ÖNCƏ SEÇİCİLƏRİN SƏSİ LAZIMDIR...

Xanım Klintonun prezidentliyindən böyük dəyişikliklər gözləmirəm. Onun ABŞ-ın kürd yaraqlılarını dəstəkləyəcəyini və onları silahlandıcağını deməsi məndə narahatlığı bir az da artırdı. Di gəl, yenə məntiqə üz tuturam. Ümid edək ki, H.Klinton prezident seçiləndən sonra onun ABŞ-ın əsl geosiyasi maraqları haqqındakı təsəvvürü bir az cilalanacaq.

Azərbaycana gəldikdə isə, burada konkret söz demək çətindir. Qarabağla bağlı dövlət katibi Con Kerrinin son açıqlaması əslində heç də bir siyasətçinin baxışını ifadə etmirdi və daha çox ABŞ hakimiyyətinin mövqeyi kimi dəyərləndirilməlidir. Azərbaycanda hələ də əksini görməyə çalışsalar da...

Buna da bax: Hakimiyyətlə “ürək söhbətləri”...

Nə bilmək olar? Hər halda, Kerri bunu böyük siyasətlə vidalaşmaq ərəfəsində demişdi və ümid edək ki, yeni kabinet onun dediklərinə ciddi düzəlişlər edəcək. Amma bunun üçün bir az gözləmək lazım gələcək.

Burada təkrar olaraq bir məsələni də qeyd etmək istərdim. Baltikyanı ölkələrinin yaxınlığında Rusiyanın hərbi hissələri bir hərbi şəhərcikdən digərinə hərəkət edəndə Avropada da, ABŞ-da da ciddi təlaş yaşanır.

Hətta yadıma gəlir ki, bir dəfə “İsgəndər” raketləri Kalininqradda görünmüşdü. Avropada o zaman elə bir böyük həyəcan yaşanmışdı ki.

İndi onlar Qafqazda da nümayiş etdirildi və hətta Yerevanın küçələrinə çıxarıldı. Təəssüf, nə ABŞ, nə də Avropa heç nə demədi.

Adam əvvəl özü hay-küy qaldırmalıdır ki, kimsə onun harayına qoşulsun...

Düzdür, burada başqa bir amilin də rolu var. Adam əvvəl özü hay-küy qaldırmalıdır ki, kimsə onun harayına qoşulsun...

Baltikyanı ölkələr ilk növbədə özləri hay-küy qaldırır. Onlar NATO-nun bütün sammitlərində, toplantılarında daim Rusiya təhlükəsi haqda danışırlar. Bəs rəsmi Bakı nə deyir? Həmişə deyirlər ki, Rusiya dostumuz və strateji müttəfiqimizdir. Bunun qarşılığında Qərb indi durub nə etsin? Desin ki, qoymayın, bəs dost dosta təcavüz edir?!

Üstəlik, bir daha qeyd etmək zorundayam ki, əvvəllər də ABŞ-ın və Avropanın daha çox diqqət ayırdığı Baltikyanı ölkələri indi bir azca da irəli gediblər, NATO üzvləri olublar. Bu isə onları Avropa təhlükəsizlik arxitekturasının çox mühüm elementləri edir. Qafqaz bölgəsinə gəldikdə isə, NATO rəhbərləri açıq şəkildə deyirlər ki, hələ buralar onların maraq dairəsinə aid deyildir...

Bu səbəbdən də Qarabağ problemində Klintonun hakimiyyətə gəlişilə bağlı hər hansı dəyişikliyin baş verəcəyinə qətiyyən ümid etmirəm – qoy, bu, mənim şəxsi qənaətim olsun.

Hər halda, dövlət katibi olarkən xanım Klinton Dağlıq Qarabağla bağlı hər hansı bəyanatı, çıxışı və yaxud da təklifilə yadda qalmadı. Üstəlik, dövlət katibi olarkən Türkiyə ilə Ermənistan arasında məşhur Sürix protokollarının imzalanması mərasimində iştirak etmişdi. Xanım Klintonun sifətində qeyri-adi sevinc vardı. Sanki xanım dövlət katibi o gün həyatının ən böyük təntənəsini yaşayırdı.

Bunu başa düşmək elə də çətin deyil. Böyük ehtimalla artıq o vaxtlar Klinton nə vaxtsa prezident seçkilərinə qatılacağını düşünürdü və elə Sürix protokolları da onun üçün ABŞ seçicilərinin bəlli kəsiminin səsləri və dəstəyi demək idi.

ABŞ durub Rusiya ilə vuruşmayacaq. Nə Qarabağa, nə də Ukraynaya görə!.. Ola bilsin, sanksiyalar bir az da sərt xarakter alacaq, münasibətlər daha da soyuyacaq, amma bundan o yana getməyəcək.

Düzdür, onun seçki ritorikasından duyulur ki, Hillarinin hakimiyyəti dövründə Rusiya üçün də asan olmayacaq. O, Rusiya ilə, onun prezidentilə bağlı kifayət qədər kəskin ifadələr işlədib, hətta Putini “Rusiya diktatoru” adlandırıb.

Amma iki dövlət arasında münasibətlər nə qədər gərgin olsa da, ABŞ durub Rusiya ilə vuruşmayacaq. Nə Qarabağa, nə də Ukraynaya görə!.. Ola bilsin, sanksiyalar bir az da sərt xarakter alacaq, münasibətlər daha da soyuyacaq, amma bundan o yana getməyəcək.

Ukraynanı deyə bilmərəm, amma Azərbaycan hakimiyyətinin özü də Rusiya ilə münasibətlərin soyumasına hazır deyil və bunu heç istəmir də. Hakimiyyətin Qarabağdan başqa, bir qədər özəl maraqları da var ki, onların üstündən heç cür xətt çəkə bilməz.

Məsələ bundadır ki, Azərbaycan avtoritarizminin ən əsas, etibarlı dayaqlarından biri də Rusiyadır. Azərbaycanda keçirilən bütün seçkiləri ilk tanıyan ölkə Rusiya olur. Rəsmi Bakı Rusiya ilə yaxınlığını daim Qərbin “gözünə soxmağa” və onu Rusiyaya daha çox yaxınlaşacağı ilə şantaj etməyə çalışır.

Elə bu səbəbdən ifrat böyük ümidlərə köklənməyə dəyməz, çünki onların ardınca böyük məyusluq gələ bilər.

Belə hallar siyasətdə çox olur. Axı əvvəldə nahaq yerə yada salmadım ki, təbiət hadisələrindən fərqli olaraq siyasi və ictimai proseslərin obyektiv qanunları olmur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG