Keçid linkləri

Təcili xəbərlər

Gənclər siyasətə gələrsə...


Hüseynbala Səlimov
Hüseynbala Səlimov

VAXTINDA DOĞULMAYANLAR...

Sovetlər vaxtından yadımda qalan maraqlı filmlərdən biri də Marlen Xutsiyevin “İyul yağışı” filmi idi. Film gənclər və dövrün mənəvi boşluğu haqqında idi. Xüsusən də final çox təsirli idi. Rejissor bir tərəfdə sinələri orden və medallarla dolu veteranları, o biri tərəfdə də onlara bir az həsədlə, bir az da təşvişlə baxan gəncləri göstərirdi.

Əslində bu, hər yerdə belə olub. Gənclər həmişə hesab edirlər ki, bir az gec doğulublar, bütün böyük işlər görülüb qurtarıb, onlara isə maraqsız bir həyat yaşamaq qalıb.

Hər dəfə eşidirsən ki, daha böyük ideyalar qalmayıb, Azərbaycan müstəqil dövlətdir, onun demokratikləşməsi isə bir növ zaman problemidir.

İndi Azərbaycan gənclərinin də çoxu məhz belə düşünür. Hər dəfə eşidirsən ki, daha böyük ideyalar qalmayıb, Azərbaycan müstəqil dövlətdir, onun demokratikləşməsi isə bir növ zaman problemidir.

Amma belədirmi? Doğrudanmı, ölkədə böyük ideyalar kasadlığı var? Doğrudanmı, gənclərə sadəcə, yaşamaq qalır?

Etiraf edirəm, bu suallar məni də narahat edir. Ona görə də ölkədə ideya resurslarını bir daha araşdırmaq qərarına gəldim ki, görən, nə var, nə yox? Ötən üç onillik ərzində bu sahədə biz haralara gəlib çıxmışıq və nələrə nail olmuşuq?

İDEOLOGİYA ÖLDÜ! YAŞASIN YENİ İDEOLOGİYA!..

Dərinə getsən, Azərbaycanda ideoloji axtarışların və müzakirələrin kökü milli azadlıq hərəkatının ilk illərinə - 80-ci illərin sonlarına gedib çıxır.

Bu da təbii idi. Bir tərəfdən 70 illik hakim ideologiyanın çökməsi, digər tərəfdən də qarşıdan gələn milli çağırışlar, yeni hədəflər bunu zəruri edirdi.

Elə bir dövr idi ki, heç kim bu məsələlərə biganə qalmaq istəmir, ideoloji-aksioloji diskussiyaları maraqla izləyir və hətta bu proseslərə özünün töhfəsini verməyə çalışırdı.

Buna da bax: Kartof mühacirəti

Məsələ kifayət qədər aydın idi və hamı dövrün əsas sualının fərqində idi: kommunizm bitdi, bəs bu ideologiyanın yerində yaranmış boşluğu nə dolduracaq?..

Etiraf edək ki, prosesdə bir azacıq keçmiş təcrübənin də izi vardı. SSRİ ideoloji dövlət idi və onun vaxtında hakim siyasi ideologiya vardı. İnsanlar ideoloji quruluşda və cəmiyyətdə yaşamağa alışmışdılar. Ona görə də yeni ideologiya – bu dəfə milli ideologiya yaratmaq çağırışları çox aktual idi. Bu səbəbdən həmin prosesdə nəzərə çarpan ilk detallardan biri də ona totalitar məntiq baxımından yanaşmaq və problemi totalitar təcrübə əsasında çözmək cəhdi idi.

...indi ideoloji axtarışlar daha əvvəlki dövrlərdə olduğu kimi aktual və kütləvi deyil. Cəmiyyət ideoloji axtarışları partiyaların və ictimai qurumların sərəncamına verdi...

İndi bunlar bəlkə bir az təəccüblüdür, amma o vaxt təbii görünürdü. Ən azı ona görə ki, əsas ideoloji “aktyor”lar – siyasi partiyalar hələ yenicə yaranırdı, siyasi plüralizm təcrübəsi heç yox idi. Həm də hələ də yaddaşlardan silinməyən keşmiş təcrübə vardı ki...

İndi o vaxtlardan xeyli müddət, az qala, üç onillik keçib. Heç nə olmasa da, o vaxtkı hədəflərin heç də hamısı tamamilə reallaşmasa da, hər halda, müstəqil Azərbaycan dövləti və onun siyasi palitrasında formal da olsa, maket kimi görünsə də, siyasi partiyalar və hətta qismən siyasi plüralizm institutları da mövcuddur.

Ona görə də indi ideoloji axtarışlar daha əvvəlki dövrlərdə olduğu kimi aktual və kütləvi deyil. Cəmiyyət ideoloji axtarışları partiyaların və ictimai qurumların sərəncamına verdi və özü üçün isə seçici statusu ilə kifayətlənməli oldu.

MİLLİ İDEOLOGİYADAN KONSTİTUSİYAYA DOĞRU...

Hazırda bir çox məsələlər bir qədər fərqli düşünülür və hamı daha çox ona meyllidir ki, seçim imkanını təmin etmək üçün ideologiyalar ölkədə çox olmalıdır.

Ən əsası isə odur ki, bütün bu müxtəlifliyi və rəngarəngliyi özündə ehtiva edən, dövlətin, cəmiyyətin siyasi-iqtisadi və mənəvi strukturunu müəyyən edən normal bir konstitusiya olsun...

Təsadüfi deyildir ki, ictimai ideoloji axtarışlardan ümummilli Konstitusiyaya qədər uzun yol keçdik. Adamlarda tədricən belə bir fikir yarandı ki, daha əvvəl qeyd etdiyim “milli ideologiya”da əks etdirmək istədiyimiz əsas hədəflər əslində Konstitusiyada da ehtiva oluna bilər.

Amma konstitusionalizm sahəsində nə qədər irəliyə gedə bildik? Ölkədə siyasi plüralizm institutu nə qədər oturuşdu?

Beləcə, 1988-ci ildən 1995-ci ilə qədər bir yol keçildi, bir vaxt dəbdə olan və az qala hamını cazibəsinə alan ideologizm konstitutionalizmlə əvəz edildi.

Amma konstitusionalizm sahəsində nə qədər irəliyə gedə bildik? Ölkədə siyasi plüralizm institutu nə qədər oturuşdu?

Bütün bunlar ayrıca və çox sanballı yazının mövzusu ola bilər. Amma bu xüsusda sadəcə onu qeyd edim ki, Konstitusiya təəssüf ki, öz adı kimi aliləşə bilmədi. Adam 21 ildə düz üç dəfə dəyişən Konstitusiyaya baxanda beynindən yalnız bir sual keçir: əcəba, bu, Ali Qanundur, yoxsa hansısa bir partiya nizamnaməsi?...

Üstəlik, daha bir detal var. 80-ci illərdəki kütləvi ideoloji axtarışların bir səbəbi də bütün millətlərin, etnik toplumların özünəməxsus hədəf axtarışıdır.

Sovetlər vaxtı azərbaycanlılar, məsələn, iranlı soydaşlarının siyasi və mədəni hüquqları ilə bağlı və ya turançılıq (xüsusən də turançılıq!) haqqında sərbəst danışa bilməzdilər. Amma etiraf etmək lazımdır ki, onların demək olar, hər birinin ürəyində həmin ideyaların rüşeymləri vardı. Bütün bunların heç də hamısını Konstitusiyada ehtiva etmək olmur...

Fəqət, bizi burada daha çox başqa səpkili ideoloji suallar məşğul edir: hakim partiyanın və eləcə də digər siyasi partiyaların ideoloji resursları ideoloji palitranı nə qədər əhatə edir, insanlarımız üçün nə qədər seçim imkanları yaradır? Ölkədə ideoloji kasadlıq duyulurmu?..

MARAQLAR KİMİ İDEOLOGİYALAR DA AYRILDI...

Hər şeydən əvvəl bəlkə də hakim partiyanın ideoloji spesifikası haqqında düşünməyə dəyərdi. Bu məsələdə iki dövrü ayırardım – 2003-cü ilə qədərki və sonrakı dövr.

Birinci mərhələdə vəziyyət bir az mürəkkəb idi – bir çox hallarda (əlbəttə ki, zahirən) hakim partiyanın və müxalif strukturların ideoloji dünyagörüşü arasında fərq qoymaq olmurdu.

Birinci mərhələdə vəziyyət bir az mürəkkəb idi – bir çox hallarda (əlbəttə ki, zahirən) hakim partiyanın və müxalif strukturların ideoloji dünyagörüşü arasında fərq qoymaq olmurdu. Hər ikisi bazar iqtisadiyyatı deyir, hər ikisi demokratiya çağırırdı. Üstəlik, hər ikisi milli suverenlik və müstəqillik tərəfdarı kimi çıxış edirdi.

Təsadüfi deyil ki, o dövrdə müxalifətə marağın azalmasını həm də bununla izah edirdilər – hamı zarafatla deyirdi ki, hakim partiya müxalifətin ideoloji prinsiplərini və dəyərlərini mənimsəyib... Təbii ki, bu, çox çəkmədi – bir müddətdən sonra insanlar yalançı şüarlarla gerçəkliyi ayırmağa başladırlar və yenidən müxalifətə maraq yarandı...

Amma ideologiyaların epizodik də olsa, “üst-üstə düşməsi”nin başqa səbəbləri də vardı. Birincisi, o vaxt siyasi maraqlar və hədəflər hələ tamamilə cilalanmamışdı. İkincisi, dövrün siyasi seçim və müəyyənləşmə təşəbbüslərinə zamanın siyasi modası da çox təsir edir və yenicə yaranan siyasi partiyaları fərqləndirməyə elə də imkan vermirdi. Hamı proqramlarının lap əvvəlində bazar iqtisadiyyatı, demokratiya və sekulyarizm yazmağa can atır və bununla da sanki beynəlxalq aləmdən dəstək alacağını zənn edirdi...

Amma sonrakı dövrdə vəziyyət kristallaşmağa və ideoloji müstəvinin sərhədlərinin daha da qabarıq görünməsinə doğru getdi. Məsələn, hazırda hakim partiyanın ideoloji resursları daha dəqiq sərhədlərə malik görünür.

İndi daha asan demək olur ki, hakim partiya nəyi istəyir ya istəmir. Demokratiya və insan haqları, avropaçılıq, bazar iqtisadiyyatı hakim partiyanın ideoloqlarının ifasında artıq əvvəlki kimi qabarıq və maraqlı görünmür. Hətta deyərdim ki, onlar bu marağı artırmaq üçün elə bir səy də göstərmirlər, çünki hədəflər və maraqlar o qədər çılpaqlaşıb ki, onların üstünü hansısa süni şüarlarla örtmək daha mümkün deyil...

Bu yazını da elə həm də bu üzdən yazmalı oldum. Hər şey deyilmiş kimi görünsə də, hesab edirik ki, ölkədə ideoloji “vakansiya” var və bu ideoloji boşluğu digər partiyalar tuta bilər. Bir az da konkret olmaq üçün keçək müxalifət partiyalarına...

BİR AZ QOCALIB, BİR AZ DA GERİDƏ QALIBLAR...

İndi müxalifət partiyalarının çiçəklənmə dövrü deyil, kifayət qədər mürəkkəb vəziyyətdir – bu partiyalar böhrandan qurtula bilmir və məncə böhranın bir ucu da hardasa ideologiyaya bağlıdır.

Halbuki müxalifət funksionerləri hesab edirlər ki, bu cür müzakirələr, yəni ideoloji çəkişmələr onsuz da zəif müxalifət partiyalarını bir azca da zəiflədə bilər.

Amma mən belə düşünmürəm. Fikirləşirik ki, indiki üzücü siyasi süstlük və fəaliyyətsizlik dövründə müxalifət partiyaları ən azı “siyasi diskussiya klublar”ı kimi dirçələ bilər və heç olmasa, bu yolla cəmiyyətin diqqətini özünə çəkərdi.

Avropanın nə siyasi, nə iqtisadi, nə də ki, hərbi - təhlükəsizlik institutları Azərbaycanın hakim partiyasını daha cəlb etmir. Assosiasiya sazişini imzalamadıq və ölkə NATO ilə əlaqələrə demək olar ki, “stop” deyib.

Həm də iki əsas siyasi institut – hakim partiya ilə müxalifət partiyaları arasındakı siyasi sərhədlər daha aşkar və konkret görünərdi...

Bu konturlar isə, mənə elə gəlir ki, getdikcə daha qabarıq forma alır. Təbii ki, ən birincisi, bu, demokratyaya və demokratikləşmə prosesinə, liberal dəyərlərə münasibət məsələsdir.

İkincisi, ölkənin Avropa institutlarına münasibət məsələsi və Avropaya inteqrasiya siyasətidir. Qeyd etdiyim kimi, hakim partiyanın hər iki məsələyə münasibəti özünün soyuqluğu və bir az da məhdudluğu ilə getdikcə daha çox qabarıq forma alır...

Burada bir az dəqiqliyə də varmaq olardı. Avropanın nə siyasi, nə iqtisadi, nə də ki, hərbi - təhlükəsizlik institutları Azərbaycanın hakim partiyasını daha cəlb etmir. Assosiasiya sazişini imzalamadıq və ölkə NATO ilə əlaqələrə demək olar ki, “stop” deyib. Sonuncu xüsusi maraq kəsb edir. İndi Azərbaycan bloklara qoşulmayan dövlətlərin cərgəsində özünü daha rahat hiss edir...

Sonuncunu prinsipcə, anlamaq olar. Belə siyasət bir tərəfdən hakim partiyaya Rusiya sarıdan daha arxayın olmağa, digər tərəfdən də onun siyasi himayəsini qazanmağa kömək edir.

Bu isə heç də az deyil – Azərbaycandakı bütün səviyyəli seçkiləri tanıyan ilk ölkə Rusiya olur.

Əvvəl qeyd etdiyim daha bir detal da. Konstitusiyalar heç də bütün milli hədəfləri əhatə edə bilmir. Məsələn, Konstitusiya İran azərbaycanlılarının siyasi və mədəni haqları ilə bağlı məsələləri, yaxud da ki, türk dövlətlərinin daha sıx inteqrasiya problemlərini - turançılığı özündə ehtiva edə bilərmi?

Hələ onu demirəm ki, hakimiyyətdə olmaq da istər-istəməz müəyyən məhdudiyyətlər yaradır və bəzi məsələlərin qarşısına çəpər çəkir. Məsələn, hakimiyyət dairələri hətta istəsələr də (əslində isə onların heç belə istəkləri də yoxdur) iranlı azərbaycanlıların problemlərindən danışa bilməzlər.

Bütün bu məsələlərdə müxalifət daha sərbəstdir, amma fəaliyyət görünmür. Bəlkə də bu, müxalifətin informasiya və təbliğat dəstəyinin zəifliyinin nəticəsidir.

Bir çox müxalifət adamları, təəssüf ki, hələ də 80-ci illərin səviyyəsində qalıblar. Yenə də ümumi və mücərrəd şüarlar baş alıb gedir.

Amma informasiya yayılmasını özləri də yarada bilərdilər – indi sosial şəbəklər bu işlərdə televiziyaları belə geridə qoyub. Düşünürəm ki, müxalifət partiyalarında yaşanan problemlərin bir başqa vacib səbəbi də var. 93-cü ildən son vaxtlara qədər müxalifət demək olar ki, qəzetlərin sayəsində mövcud idi – qəzetlər öldü, ertəsi gün müxalifətin də, necə deyərlər, “fatihə”si verildi.

Bəlkə də bu, bütün ölkələrin, cəmiyyətlərin həyatında yaşanan nəsil problemidir. Niyə də etiraf etməyək? 80-ci illərin siyasi nəslində nəsə etməyə artıq həvəs qalmayıb.

Həm də savad və dünyagörüşü problemi var. Bir çox müxalifət adamları, təəssüf ki, hələ də 80-ci illərin səviyyəsində qalıblar. Yenə də ümumi və mücərrəd şüarlar baş alıb gedir.

Axı demək olmaz ki, bu illər ərzində ölkədə ümumiyyətlə heç nə olmayıb! Məcburiyyət üzündən olsa da, hakimiyyət nəsə etməli olub və ən azı iqtisadiyyat sahəsində hansısa addımlar atılıb...

Eləcə də siyasi hüquq və azadlıqlar məsələsində daha konkret olmaq lazımdır. Düzdür, iqtisadiyyatdan fərqli olaraq hakim partiyanın burada problemləri daha çoxdur və bu sahədə son illərdəki tendensiya daha biristiqamətli görünür. İldən-ilə siyasi azadlıqlar məhdudlaşır, hətta bir-iki il əvvəlki dövrləri yada salıb köks ötürmək lazım gəlir...

Bununla belə düşünürük ki, indi çətinliklərilə bahəm, həm də bir durulaşmaq, aydınlaşmaq dövrüdür. “Kim kimdir?” sualına indi cavab vermək daha asandır, nəinki 15-20 il bundan əvvəl...

HƏR ŞEYƏ ÖZ MƏNASINI QAYTARMAQ ÜÇÜN...

Açığı, 80-cı illərin siyasi nəslindən heç nə gözləmirik. Nə vaxtsa, gec də olsa, gənclik daha fəal şəkildə siyasətə gələcək. Bunun üçünsə əvvəlcə ideoloji seçim olmalıdır. Düşünürəm ki, ölkədə mövcud olan “ideoloji vakansiya” da onlar üçündür...

Konfutsi deyirdi ki, siz adlara onların əsl mənasını və məzmununu qaytarın, onda hər şey yoluna düşəcək. İndi Azərbaycanda da çox şeyə öz məzmununu qaytarmaq lazımdır – bura dövlət müstəqilliyi də, bazar iqtisadiyyatı da, demokratik və liberal dəyərlər də aiddir...

Bu gün Azərbaycanda adlara öz məzmununu qaytarmaq artıq gənclərin işidir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG