Keçid linkləri

Təcili xəbərlər

Məşhur terrakota ordusunun yunan kökləri


Çin imperator sərdabəsində tapılmış Terrakota Ordusu.
Çin imperator sərdabəsində tapılmış Terrakota Ordusu.

Alimlər hesab edirlər ki, çinlilərin məşhur terrakota ordusu yunanların təsiri ilə yaradılıb. Çin arxeoloqlarının tapdığı dəlillər ilk avropalıların bu ölkəyə Marco Polodan 1500 il əvvəl gəldiyini göstərir.

Alimlər terrakota ordusunun, habelə yaxınlıqda tapılmış bürünc heykəllərin yunan incəsənətinin təsiri altında yaradıldığını ehtimal edirlər.

1974-cü ildə çinli kəndlilər artezian quyusu qazarkən iri bir dəfn yeri aşkar ediblər. Arxeoloqlar ərazidə qazıntı apararaq terrakotadan düzəldilmiş 8000-dən çox əsgərin heykəli aşkar ediblər. Bundan başqa, 150 at və 52 at qoşulmuş 130 araba heykəli də tapılıb. Hər bir heykəlin özünəməxsus cəhətləri var. Əsgərlər rütbə və silahlarına görə fərqlənirlər.

Alimlər terrakota ordusunun, habelə yaxınlıqda tapılmış bürünc heykəllərin yunan incəsənətinin təsiri altında yaradıldığını ehtimal edirlər. Vyana Universitetindən Lukas Nickelin sözlərinə görə, 1999-cu ildə imperatorun sərdabəsi yaxınlığında tapılmın akrobat heykəlləri də bu nəzəriyyəni təsdiq edir. O hesab edir ki, e.ə. III əsrdə yunanlar tərəfindən Orta Asiyaya gətirilmiş heykəllər Birinci İmperatora təsir etmiş ola bilərdi. "Düşünürəm ki, yunan heykəltəraşları yerli əhalini də öyrədə bilərdi", alim deyir.

Buna da bax: Çin Facebook qadağasını ləğv edə bilər

Digər tapıntlar imperatora həsr olunmuş kompleksin əvvəl düşünüldüyündən qat-qat böyük olduğunu, göstərir. Bu kompleks Misirdəki Hökmdarlar vadisindən 200 dəfə böyükdür.

Bu tapıntılar arasında eybəcər hala salınmış qadın qalıqları - onların imperatorun mühüm kənizləri olduğu ehtimal edilir - habelə, içərisində arbalet boltunun ilişib qaldığı kəllə sümüyü də var. Bu sümüyün imperatorun böyük oğluna məxsus olduğu güman olunur.

...imperator Qin Şi Huang Di öləndə onunla birlikdə 70 minə qədər fəhlə və onların ailələri dəfn edilib.

Sözügedən sərdabə Tsin sülaləsinin birinci imperatoru Qin Şi Huang Diyə məxsus olub. Çinli tarixçi Sima Qian deyir ki, imperator öz sərdabəsini hakimiyyətə gəlməsindən (e.ə. 246-cı il) bir il sonra, yəni cəmi 13 yaşında tikdirməyə başlayıb. O, əsgər heykəllərinin axirətdə onu müşayiət edəcəyinə inanırdı. İmperator ənənələrdən kənara çıxıb. Belə ki, adətən hökmdarlar öləndə diri əsgərləri onunla birlikdə dəfn edirdilər. Ancaq, müxtəlif hesablamalara görə imperator Qin Şi Huang Di öləndə onunla birlikdə 70 minə qədər fəhlə və onların ailələri dəfn edilib. Bu sərdabəni 700 min fəhlə 38 il ərzində tikib.

Çinə ilk gəlmiş avropalı Marco Polo sayılır. Ancaq yeni araşdırma göstərir ki, bundan 1500 il əvvəl də Çinin Qərblə sıx əlaqələri olub. Alimlər hesab edir ki, e.ə. III əsrdə qədim yunan sənətkarları öz bacarıqlarını yerli sakinlərlə bölüşmüş ola bilərdilər. Bundan başqa, eramızın II - III əsrlərində qədim çinlilərin Roma imperiyasının səfirləri ilə ünsiyyətdə olması ehtimalı da var.

Avropalıların bu ərazilərə İpək yolunun meydana çıxmasından xeyli əvvəl gəldiyini göstərən dəlillərdən biri Çinin şimal-şərqində yerləşən Sintsyan əyalətində avropalıların mitoxondrial DNT-sinin tapılmasıdır. Bu isə onu göstərir ki, Qərbdən gələn insanlar Birinci imperatorun hakimiyyəti dövründə Çində məskunlaşmış, yaşamış və ölmüş ola bilərdilər.

Qin Şi Huang Di sərdabəsindən əvvəl Çində insan ölçüdə heykəllər düzəltmək ənənəsi olmayıb. Bundan əvvəlki dövrə aid heykəlciklərin uzunluğu cəmi 20 santimetrdir.

Ən son yazılan

XS
SM
MD
LG