Londonun Kral Kollecinin (King's College) alimləri belə nəticəyə gəliblər ki, yeniyetməlik dövründə sızanaqlardan əziyyət çəkənlər daha gec qocalır.
Səbəbsə telomerlərdir. Xromosomun bir hissəsi olan telomerlər onun ucunda yerləşir. Telomerlər DNT-ni zədələrdən qoruyur. Alimlər hesab edir ki, ömrün uzunluğu və ciddi xəstəliklərin yaranması ehtimalı onların uzunluğundan asılıdır. İnsan yaşlandıqca telomerlər qısalır. Telomerlər həddindən artıq qısalanda isə hüceyrələr ölür.
Belə adamlarda qırışlar və dərinin nazilməsi kimi yaşlanma əlamətləri xeyli gec görünməyə başlayır.
Təcrübələr göstərir ki, sızanaqlardan əziyyət çəkən insanlarda telomerlər daha uzun olurmuş. Buna görə də onlar daha uzun müddət gənc görünürlər. "Journal of Investigative Dermatology" jurnalında dərc edilmiş tədqiqatda deyilir ki, sızanaqlardan (akne) əziyyət çəkmiş insanların hüceyrələri qocalma prosesinə daha yaxşı müqavimət göstərir.
Alim Simon Riberonun sözlərinə görə, aknesi olan insanların dərisinin daha gec qocalması dermatoloqların diqqətini çoxdan cəlb edib. Belə adamlarda qırışlar və dərinin nazilməsi kimi yaşlanma əlamətləri xeyli gec görünməyə başlayır.
Alimlər bunun səbəblərini araşdırmaq üçün 1205 qadın əkizin leykositlərindəki telomerlərin uzunluğunu ölçüblər. Tədqiqatda iştirak edən əkizlərin 1/4-i aknedən əziyyət çəkib. Məlumatın təhlili zamanı alimlər yaş, qohumluq və boy kimi parametrləri nəzərə alıblar.
Məlum olub ki, bir zamanlar sızanaq problemi yaşamış insanların telomerləri bir qayda olaraq daha uzun olur.
Alimlər bundan başqa aşkar ediblər ki, telomerlərin uzunluğuna cavabdeh olan genlərdən biri həm də sızanaqlara cavabdehdir.
Buna da bax: İnsan, öldürmək həvəsində digər primatlara oxşayıb
Əkizlərin dərilərinin biopsiyasının təhlili nəticəsində P53 gen mexanizmi aşkar edilib. O, hüceyrələrin proqramlaşdırılmış ölümündə (apoptoz) iştirak edir. Telomerlərin qısaldılması apoptoza gətirib çıxarır. Müşahidələr göstərir ki, sızanaqları olan insanlarda P53 gen mexanizminin fəallığı aşağıdır, yəni hüceyrələrin ölümü prosesi daha asta gedir.
Alimlər həm də telomerlərin uzadılması ilə bağlı tədqiqat aparırlar. Bu, gələcəkdə yaşlanmanın qarşısını almaqda və hətta irsi xəstəliklərin müalicəsində faydalı ola bilər.