Keçid linkləri

Təcili xəbərlər

Bu payız Qarabağla bağlı çox məsələ su üzünə çıxa bilər


S.Shoygu və V.Putin
S.Shoygu və V.Putin

YAVAŞ DA OLSA, BÖLGƏDƏ DURUM NORMALLAŞIR...

Polis-patrul binasını ələ keçirən silahlı dəstə zərərsizləşdiriləndən sonra hamıda belə bir qənaət yarandı ki, Ermənistanda vəziyyət normallaşmaq üzrədir. Ermənistan prezidentinin Moskva səfəri də bu fikri gücləndirdi – elə təəssürat formalaşdı ki, S.Sarkisian durumu yenidən nəzarətə götürə bilib...

İndi diqqət bir daha Qarabağla bağlı danışıqların perspektivinə yönəlib. Ermənistanda bəlli siyasi gərginlik qalsa da, hamı bu ölkədəki son olaylardan sonra danışıqlar prosesinin nə vaxt bərpa ediləcəyini düşünür...

Demək olmaz ki, bölgədə tam siyasi süstlük hökm sürür. Yox, belə deyil. Qısa zaman içində çox mühüm proseslər baş verdi. İran-Rusiya-Azərbaycan prezidentlərinin Bakı görüşü, Rusiya-Türkiyə dövlət başçılarının Sankt-Peterburq görüşü baş tutdu. Və bir az əvvəldə qeyd etdiyim kimi, Ermənistan prezidenti də Moskvaya yollandı...

Üstəlik, Minsk qrupunun digər həmsədrləri də sükutu pozdular. Bu günlərdə amerikalı həmsədr J.Warlick bildirdi ki, onlar Qarabağ probleminin müzakirəsi üçün Ankaraya yollanmağa hazırdırlar. Yada salaq ki, Türkiyədə hərbi çevriliş cəhdindən bir neçə gün əvvəl Minsk qrupunun həmsədrləri Qarabağ problemi ilə bağlı son təklifləri müzakirə etmək üçün Ankaraya yollanacaqlarını bildirmiş, hətta bunun təxmini vaxtını da demişdilər.

Amma hərbi çevriliş cəhdi və Türkiyədə vəziyyətin gərginləşməsi bu qərarı bir qədər arxa plana keçirdi. İndi artıq çevriliş cəhdinin üstündən bir ay ötüb və bir qədər yavaş da olsa, Türkiyədə də ictimai-siyasi durum normallaşmaqdadır. Deməli, prosesə yenidən start verilə bilər...

Buna da bax - Azərbaycan kimi kiçik ölkələr necə davranmalıdır?

S.SHOYGU BAKIYA NİYƏ GƏLMİŞDİ?

Heç təsadüfi deyil ki, Rusiya prezidentinin ardınca bu ölkənin müdafiə naziri S.Shoygu-nun da Bakıya gəlişi belə bir fikir yaratdı ki, deyəsən, məsələ yenə canlanmaq üzrədir. S.Shoygu-nun Bakı səfəri Kollektiv Təhlükəsizlik Təşkilatı (KTT) müdafiə nazirlərinin Yerevandakı toplantısı ərəfəsinə təsadüf etmişdi və bunun özü də xeyli güman və fərziyyələrə yol açmışdı.

Rusiya güc qurumları və hərbi-sənaye kompleksi təmsilçilərinin Bakıya səfərləri elə bir yeni hadisə deyil. Belə səfərlər tez-tez olur. Bunun bir səbəbi də odur ki, AzərbaycanRusiyadan vaxtaşırı silah alan ölkələrdən biridir.

Belə aramsızlıq Ermənistanda böyük təlaşa və narahatlıq da doğurur. Bu günlərdə Rusiya prezidentinin «Azərbaycan istənilən ölkədən silah almağa qadirdir» açıqlamasını dilə gətirməsi, böyük ehtimalla, Ermənistandakı narazılığa bir mesaj idi...

Hər necə olsa da, S.Shoygu-nun səfərinin detallarıaçıqlanmadı. Burada belə bir məqama diqqət ayırmaq yerinə düşərdi: İyulun ikinci yarısında xəbər yayılmışdı ki, rəsmi Bakı Sumqayıtda Türkiyə təyyarələrinə texniki xidmət göstərən xüsusi mərkəz qurub. Bunu Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması kimi yozanlar da oldu. Amma məsələyə dərhal aydınlıq gətirildi və bildirildi ki, söhbət hərbi bazadan deyil, sadəcə, texniki mərkəzdən gedir. Di gəl, məsələ bununla da bitmədi. Bir neçə gün öncə məlum oldu ki, Azərbaycanda Rusiya helikopterlərinə də texniki xidmət mərkəzi açılacaq...

Buna da bax - 'Türkiyənin Qarabağ münaqişəsinin həllində iştiraka canatımı təhlükəlidir'

Bir daha deyirəm ki, məsələyə tam aydınlıq gətirilməyib və bu, ard-arda suallar doğurur: Görəsən, rəsmi Bakı Türkiyə ilə Rusiya arasında balans yaratmağı düşünür? Olub-bitənləri Rusiya-Azərbaycan hərbi əməkdaşlığın bərpası kimi yozmaq olarmı? Və s. və i.a.

Təbii ki, yaxın vaxtlarda məsələyə aydınlıq gətiriləcək. İndilik bunu demək olar ki, Rusiya Azərbaycanda öz hərbi varlığını bərpa etmək niyyətini gizlətmir...

ÜMİD ÜZÜLMƏZ...

Bütün bunların Qarabağ probleminə töhfəsinə gəlincə, etiraf edirəm ki, ümidliyəm. Rusiyanın davranışında, açıq-aydın, Azərbaycanla Ermənistan arasında balans yaratmaq, hətta əvvəlki dövrlərlə müqayisədə Azərbaycana bir az da yaxınlaşmaq canatımı duyulur. Təbii ki, belə cəhdlər ümidləri artırır...

Amerikalı həmsədr Qarabağ probleminin Türkiyə ilə müzakirəsini nə qədər adiləşdirməyə cəhd göstərsə və digər Minsk qrupu ölkələrinin də həmin müzakirələrə qatılacağını desə də, rusiyalı diplomatlar gizlətmirlər ki, onların planında Türkiyəyə də xüsusi yer ayrılır...

Bu, daha çox onunla bağlıdır ki, Rusiya ilk 5 rayon qaytarılandan sonra Ermənistanın iqtisadi blokadasının götürülməsini planlaşdırır. Bu zaman, təbii ki, Türkiyənin də qərarı önəmli rol oynayır.

Üstəlik, Rusiyada belə hesab edirlər ki, blokadanın dərhal götürülmə perspektivi Ermənistanı şirnikləndirə bilər. Elə digər həmsədrlər – ABŞ və Fransa da blokadanın maksimum tez götürülməsində maraqlıdırlar. Diqqətli oxucu, yəqin ki, bir neçə il əvvəl bu xüsusda Türkiyə ilə aparılan danışıqları xatırlayır...

Qərəz, avqustun sonuna sayılı günlər qalıb. O səbəbdən, belə qısa zaman dilimində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox da ağlabatan görünmür. Amma düşünürəm ki, payızın ilk aylarında məsələyə aydınlıq gətirilə bilər.

Əsas odur ki, ehtimal olunan danışıqlar ərəfəsində rəsmi Bakının mövqeləri yetərincə güclü görünür. Deməli, nə qalır? Qalır üstün hərbi və siyasi mövqeyi diplomatik nəticələrə çevirmək. Azərbaycan diplomatları bunu bacaracaqmı? Hər halda, ümidimi üzmürəm...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG