Keçid linkləri

Təcili xəbərlər

Maarifçilik qurtuluş deyil, amma...


Molla Nəsrəddin - 1905
Molla Nəsrəddin - 1905

-

HEÇ NƏ OLMASA DA, BİR TƏSƏLLİDİR...

Elə bir duruma gəlib çatmışıq ki, kiçicik tənqidi fikir də adama nəfəs verir. Səbəbi də odur ki, belə yazılarda anlamaq cəhdi var və o çaba, o canatım düşüncə və yazı adamları üçün çox dəyərlidir...

Bu günlərdə bizim bloqlarda maarifçiliklə bağlı çox maraqlı yazı oxudum. Həmin yazıda səslənən fikirlərin, demək olar, hamısı ilə razıyam, amma... razı olmadığım məqamlar da var...

Bəlkə bir az uzaqdan başlamağım daha düzgün olar. «Qu quşunun yuvası üzərindən uçarkən» filmini xatırlayırsınızmı? Orada filmin qəhrəmanı deyir ki, mən heç olmasa, buna cəhd etdim...

İndi maarifçilik də elə məhz həmin «cəhd etdim» məsələsi kimidir, bir təsəllidir. Məgər bizim maarifçilər yenildiklərini anlamırdılarmı? Məgər Mirzə Fətəlinin özü demirdimi ki, nəsihətlə dünya düzəlsəydi, onda gərək iranlılar dünya millətləri içində ən öndə gedən və ən əməli-saleh millət olaydılar, çünki min ildir ki, cəmi İran əhli Şeyx Sədini oxumaqla-nəsihət oxumaqla məşğuldur...

«Qu quşunun yuvası üzərindən uçarkən» filmini xatırlayırsınızmı? Orada filmin qəhrəmanı deyir ki, mən heç olmasa, buna cəhd etdim... İndi maarifçilik də elə məhz həmin «cəhd etdim» məsələsi kimidir, bir təsəllidir.

BAŞQA CƏHDLƏR DƏ NƏTİCƏ VERMİR...

Dedim ki, maarifçilik indi bizdə daha çox təsəllidir. Ən maraqlısı odur ki, digər üslub və digər yazı tərzləri də bir nəticə vermir. Deyilənlər, yazılanlar və göstərilənlər sanki quyunun dibinə gedir! Yada salın, bir vaxt deyirdilər ki, müxalifətin televiziya imkanları olsa, çox şey dəyişər. Amma məhdud da olsa, müxalifətin teleefir imkanı, kobud desək, TV-də söymək imkanı yarandı. Di gəl, bir şey dəyişmədi. Elə bu səbəbə görə yazıdakı bir fikirlə razıyam ki, siyasi sistem, bəli, tək hakimiyyət yox, elə siyasi sistemin özü dəyişməlidir...

Bu vaxtadək Azərbaycanda da dəyişikliklər olub, amma bunlar yalnız hakimiyyət dəyişikliyi olub. Bizim, xüsusən mənim çox öydüyüm 92-93-cü illərin də hakimiyyəti sübut edə, insanları inandıra bilmədi ki, baş vermiş birillik siyasi dəyişiklik təkcə hakimiyyət dəyişikliyi deyil, siyasi sistem dəyişikliyidir. Bəli, onlar da bunu bacarmadılar, bəlkə də istəmədilər.. Kim bilir, bəlkə də kreslo elə onlara da çox əziz göründü?..

NİYƏ ÖLKƏ DİBSİZ QUYUYA DÖNÜB?

O üzdən yenə sual doğur: Az qala dibsiz quyuya çevrilmiş bu ölkədə niyə bütün səylər boşa çıxır? Niyə cəmiyyətlə əks-əlaqəni itirmişik? Bəlkə müxalifət günahkardır?

«Belarus müxalifətinin sıralarında kulturoloq, xəyalpərvər və romantik adamlar çoxdur, amma siyasətçi, bəli, siyasətçi yoxdur...».

...Burada bu günlərdə Nobel mükafatı almış Belarus yazıçısı Svetlana Alexievich-in bir fikri yadıma düşdü. Təxminən belədir: «Belarus müxalifətinin sıralarında kulturoloq, xəyalpərvər və romantik adamlar çoxdur, amma siyasətçi, bəli, siyasətçi yoxdur...».

Bu fikri birə-bir Azərbaycan müxalifəti haqda da demək olar – siyasətdən başqa hər şeyi bacarır!.. Amma yenə də bütün günahı müxalifətin çiyinlərinə yükləmək istəməzdim - irad bildirməyə yetərincə əsas olsa da...

Hərə onlara, eləcə də bütün zəif müxalifətlərə bir «resept» yazır. Elə bu günlərdə Polşanın keçmiş prezidenti Lech Walesa da Rusiya müxalifətinə maraqlı təkliflər vermişdi. O da deyir ki, özünüzün hakimiyyətdən intellektual üstünlüyünüzü sübut edin, ölkə elitası ilə, daha doğrusu, intellektual elita ilə bağlantı qurun, göstərin ki, problemlərin daha elmi və daha intellektual həllini bilirsiniz, onda cəmiyyət sizlərə tərəf dönəcək...

Prinsipcə, bu iradla razılaşmaq olar. Azərbaycan müxalifətinin də intellektual durumu ürəkaçan deyil. Amma bu o deməkdirmi ki, müxalifətin öz Marx-ları, Lenin-ləri yoxdur deyə, ölkə dəyişmir? Bəlkə bunun da haradasa təsiri var, amma güman etmirəm ki, həlledici təsir olsun...

Xoşbəxtlikdən, ya da bədbəxtlikdən çox tez bir zamanda məlum oldu ki, hakimiyyətin antikorrupsiya sözləri növbəti şüardan başqa bir şey deyilmiş və buna əmin olan insanlar sanki rahatlıq tapdılar...

ZƏİF VƏ AŞINMIŞ CƏMİYYƏT...

Bəs əsas səbəb nədir? Məncə, cəmiyyətimizin çox zəifliyidir əsas səbəb. Bizim insanlar daha az müqavimət tələb edən «trayektoriyalar» seçməyə çox meyllidir...

Təsəvvür edin, hakimiyyət ilk dəfə korrupsiya haqqında, guya ki, ciddi danışmağa başlayanda, insanlar arasında böyük məyusluq yaranmışdı. Bəlkə də inanmazsınız, amma onlar deyirdilər ki, əşi, pulumuzu verib problemimizi həll edirdik, indi nə edəcəyik? Xoşbəxtlikdən, ya da bədbəxtlikdən çox tez bir zamanda məlum oldu ki, hakimiyyətin antikorrupsiya sözləri növbəti şüardan başqa bir şey deyilmiş və buna əmin olan insanlar sanki rahatlıq tapdılar...

Bunu niyə deyirəm? Məsələ bundadır ki, cəmiyyətimiz təkcə zəif deyil, həm də mənəvi devalvasiyaya məruz qalıb – mənən aşınıb. Açığı, biz bir az deqradasiya olunmuşuq, dəyərlər və onların iyerarxiyası aşınıb. O üzdən heç nə alınmır. Maarifçiliyə qapılmaqda da ümid budur ki, bəlkə, heç olmasa, bu yolla bunları yoluna qoymaq, mənəvi saflaşmaya təkan vermək mümkün oldu...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Buna da bax:

Ən son yazılan

XS
SM
MD
LG