►Adam var, az qala Bakının yarısını alıb, amma heç adını da bəlkə düz-əməlli yaza bilmir...
BAŞIMIZDAKI «BOZ MADDƏ» İLƏ...
Həmişə demişəm ki, ildə bir dəfə insan olduğumuzdan qürur duyuruq. Bunu deyərkən, irili-xırdalı idman yarışlarını nəzərdə tutmuram.
O yarışlarda kimi bir futbolçunun topu başı ilə qapıya necə yönəltməsindən vəcdə gəlir, kimi də böyük bir ağırlığı başı üzərinə qaldıran atletə heyran kəsilir...
Amma mən düşünürəm ki, insanı insan edən onun başının dışarısı yox, içərisidir. Təbiətdə ayaq və qollarımızla heç də hər kəsə rəqib ola bilmərik, amma başımızın içindəki «boz maddə» bizə bütün canlılardan bir baş yuxarıda dayanmağa imkan verir...
O üzdən ilin heyrət doğuran həftələrindən söz düşəndə, həmişə Nobel mükafatının elan olunduğu günləri nəzərdə tuturam. Adam nəyin faydalı və maraqlı olduğunu, daha çox nəyə baş işlətməyin gərəkdiyini öyrənir...
...Nobel mükafatının maddi vəzni, maddi ifadəsi elə də böyük deyil. Bəlkə də Azərbaycanda ortabab məmur o məbləğdən çox qazanır... Ona görə də belələrinin məntiqinə görə, bu, çox gülünc işdir – bütün ömrünü sərf edəsən və uzağı, bir milyon dollar qazanasan (hələ onu da eyni sahədə mükafat alan digər həmkarlarınla bölüşəsən) ki, buna da Bakıda – üstəlik, Yeni Yasamalda, ən çoxu, iki və ya üç mənzil almaq olar...
Bütün ömrünü sərf edəsən və uzağı, bir milyon dollar qazanasan ki, buna da Bakıda – üstəlik, Yeni Yasamalda, ən çoxu, iki və ya üç mənzil almaq olar...
Doğrudan da, ilk baxışda burada nə var ki? Axı adam var, az qala Bakının yarısını alıb, amma heç adını da bəlkə düz-əməlli yaza bilmir...
KƏKƏLƏYƏ-KƏKƏLƏYƏ DƏ HEYRƏTLƏNDİRMƏK...
Nə isə, çox uzağa getməyək. Həyat belədir və «meşşanlar» həmişə daha çox olur. Qayıdaq Nobel mükafatına. İki sahədə verilən mükafatdan nəsə anlaya bilirəm – bunlardan biri fizika, digəri ədəbiyyatdır...
Daha çox da fizika sahəsindəki mükafatları izləməyə çalışıram. Bu il belə deyilirdi ki, onu iki sovet əsilli fizikə - A.Starobinsky və A.Linde-yə verəcəklər. Onların hər ikisini hələ tələbəykən görmüşdüm və yaxşıca da tanıyırdım...
Xüsusən Starobinsky yadımdan çıxmır. O, çox pis danışır, aramsız kəkələyirdi. Amma ingilis dilini yaxşı bilir, tez-tez də xarici qonaqların söylədiklərini tərcümə edirdi. Maraqlıdır ki, onun kəkələyə-kəkələyə danışması heç kimi bezdirib-usandırmırdı. Daha çox diqqət çəkən və yadda qalan Starobinsky-nin «sual budur, cavab belə olacaq» deməsi idi...
Fizikada zərrəciklər çoxdur. Amma onların heç biri «kiçik neytron» mənasını verən neytrino qədər fiziklərin başını ağrıtmayıb...
Belə anlarda bütün zal, sadəcə, köks ötürürdü. Axı hamı adi adamla üz-üzə dayanmadığını anlayırdı...
...Amma nə qədər qəribə olsa da, Nobel komitəsi başqa qərar qəbul etdi...
BU KİÇİK, XIRDA NEYTRİNOLAR...
Mükafatı bir kanadalı ilə və yaponiyalı aldı. Bu iş də olduqca maraqlıdır. Hələ təxminən yarım əsr əvvəl italyanəsilli sovet fiziki B.Pontecorvo belə bir hipotez irəli sürmüşdü ki, təbiətdə mövcud olan üç cür neytrino biri-birinə çevrilə bilər...
Bəlkə də ortastatistik oxucu deyəcək ki, nə olsun? Bunu yetərincə dəyərləndirmək üçün gərək biləsən ki, neytrino nədir? Neytrino elə bir hissəcikdir ki, Yer kürəsini, heç nə olmamış kimi, dəlib keçir! Fizikada zərrəciklər çoxdur. Amma onların heç biri «kiçik neytron» mənasını verən neytrino qədər fiziklərin başını ağrıtmayıb...
Sovet fiziki Y.Zeldovich deyirdi ki, neytrinonun kütləsi olmasaydı, onu fikirləşmək lazım gələrdi.
Konkret olaraq, bu kəşf nə verir? Birincisi, nəzəriyyəyə görə neytrinolar biri-birinə çevrilirsə, deməli, onların kütləsi var. Bu, çox fundamental, hətta deyərdim ki, dramatik məsələdir – sovet fiziki Y.Zeldovich deyirdi ki, neytrinonun kütləsi olmasaydı, onu fikirləşmək lazım gələrdi. Yada salım ki, bunu Voltaire bir vaxt Allah haqqında demişdi – bəli, belə söyləmişdi ki, Allah olmasaydı, onu düşünüb uydurmaq lazım gələrdi...
Amma əsas məsələ kimin nə deməsində deyil. İndiyədək belə hesab olunurdu ki, kainatda böyük bir kütlə gizli haldadır, buna elə «gizli kütlə» də deyirdilər. Gizli kütləyə ideal namizəd məhz neytrino sayılırdı. Neytrinonun çox kiçik kütləyə malik olması gizli kütlə probleminin həllinə yetərli idi...
Hətta bir vaxt Lubimov (indi adını unutmuşam!) adlı bir fizik bəyan etmişdi ki, onun qrupu neytrinonun kütləyə malik olmasını sübut edib. Amma 80-ci illərin əvvəlində verilmiş bu elmi bəyanat, təəssüf ki, başqa təcrübələrdə təsdiqini tapmadı...
«İTƏN» NEYTRİNOLAR TAPILDI?
Digər məsələ, özü də ciddi məsələ, Günəş neytrinosu ilə bağlıdır. Günəşdə nüvə reaksiyaları zamanı neytrino ayrılır. Amma təcrübi olaraq tutulan Günəş neytrinosu nəzəriyyənin dediyindən həmişə az olur və buna da elmdə «neytrino defisiti» deyirdilər. Bir az əvvəldə dediyimiz hipotez də - neytrinoların biri-birinə çevrilməsi ideyası da ilk dəfə elə məhz Günəş neytrinosu ilə bağlı irəli sürülmüşdü. Amma sonralar digər elmi nəzəriyyələr, xüsusən sahələrin vahid nəzəriyyəsi olmağa iddia edən böyük nəzəriyyələr də bir nəticə kimi neytrinoların biri-birinə çevrilməsini xəbər verdi...
Qısası, yarım əsr bu haqda danışdılar. Axırda məlum oldu ki, boş yerə danışmayıblar. Kaş «boş-boş» danışanların hamısının dedikləri bir gün, beləcə, çin olaydı...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.