Keçid linkləri

Təcili xəbərlər

Kamanın qırılmış teli...


Habil Əliyev
Habil Əliyev

-

BİRCƏ SİMLƏ...

Deyilənlərə görə, bədxahları - onu sevməyənlər Niccollo Paganini-ni biabır etməkdən ötrü bir dəfə konsertdən əvvəl onun skripkasının bütün simlərini qıraraq, cəmi bircə simi saxlayıblarmış. Amma Paganini səhnədə özünü itirmir, bircə simlə elə çalır ki, heç kim onun skripka simlərinin qırıldığını anlamır...

Doğrusu, bu hadisəni nə vaxt oxuduğum və ya eşitdiyim yadımda deyil. Təkcə onu bilərəm ki, bu əhvalatı eşidincə, qeyri-ixtiyari, Habil Əliyevi düşünmüşdüm...

Ağlımdan keçmişdi ki, görəsən, kamanın bütün simlərini qırıb cəmi bircəciyini saxlasan, kimsənin duymaması üçün kim onu elə çala bilər? Dərhal beynimdən keçən ilk isim Habil Əliyev olmuşdu...

BÜTÜN GÖZƏL SÖZLƏRİ EŞİTMİŞDİ...

Nə demək olar? Bəli, Habil Əliyev də vəfat etdi. Yox, mən burada ifrat dərəcədə bəlağətli sözlər yazmaq fikrindən çox uzağam. Rəhmətlik yetərincə yaşadı. Düzdür, insan nə qədər çox yaşasa da, əzizləri və sevənlər yenə onun vaxtsız öldüyünü düşünərlər...

Habil Əliyev elə-belə yaşamadı. Sevərək və sevilərək yaşadı. Kaş hamımıza belə bir tale qismət olaydı...

Onu hamı sevirdi. Kimin azacıq musiqi duyumu vardısa, Habil Əliyevə biganə qala bilməzdi... Dövlət adamları, siyasətçilər, elm və mədəniyyət xadimləri, nəhayət, sadə insanlar onun çalğısını, onun musiqi üslubunu sevər, yüksək dəyərləndirərdilər...

Elə təəssürat yaranmasın ki, onu yaxından tanımışam. Yox, belə olmayıb. Mən də onu sizin kimi görmüşəm – televiziyada, konsert salonlarında və bir də toy məclislərində. Amma bəlkə bircə fərq olub ki, onun tək müsahibəsini gözdən qaçırmamış, demək olar, bütün verilişlərini izləmişəm...

Dinləyicilər və sənətçilər arasında adına «Habil segahı» deyilən bir deyim var. İstənilən sənətçi bu deyimlə yalnız və yalnız fəxr edərdi.

Bu maraq təkcə Habil Əliyevlə bağlı deyildi. Elə adamlar var ki, onları dinləyəndə sənətin nə olduğunu anlamağa başlayırıq. Bu baxımdan Habil Əliyev bizlərə musiqinin missiyasını gözəl anladırdı...

Hamının musiqi təhsili ola, hamı musiqi dərsi ala bilməz. Musiqiçiləri dinləməklə bu ecazkar dünyanın sirləri, az da olsa, bizə öz qapılarını açır...

«HABİLSAYAĞI»...

Nə gizlədim, Habil Əliyevə olan sevgi məndə Firəngiz Əlizadənin də yaradıcılığına maraq oyatdı. Məhz Habil Əliyev fenomeni məni Firəngiz Əlizadənin «Habilsayağı» bəstəsini dinləməyə həvəsləndirdi. Əvvəlcə musiqi dükanlarına baş vurdum, - bir şey çıxmadı. Ardından afişalara göz gəzdirdim ki, bəlkə birdən və haradasa o əsəri səsləndirərlər. Sonradan təsadüf elə gətirdi ki, həmin əsəri televiziyada dinlədim...

Habil Əliyev maraqlı insan idi. Həm də sadə idi. Bunu təkcə mən demirəm...

Musiqi həvəskarları bilirlər. Dinləyicilər və sənətçilər arasında adına «Habil segahı» deyilən bir deyim var. İstənilən sənətçi bu deyimlə yalnız və yalnız fəxr edərdi. Amma o segahı Habil müəllimə xatırladanda... əsəbiləşmişdi... Demişdi ki, mən heç bir «Segah» yaradıb-eləməmişəm, sadəcə, «Segah» o qədər gözəl muğamdır ki, mən onu bütün qəlbimlə ifa etmişəm. Ola bilsin, buna görə çox yaxşı alınıb...

Bir nisgil qalır ki, həyat bütün hallarda vəfasızmış!.. Lap elə ilk məhəbbət kimi... Və istər-istəməz, adamın içindən bir sual qopur və Habil müəllimin bir mahnısında deyildiyi kimi soruşursan: «Budurmu vəfası ilk məhəbbətin?!».

İndi bizim sənət dünyamıza baxıram. Bir-iki notu biri-birinə «calayıb», «əttökən» bir melodiya yapır, sonra düşürlər ortaya ki bəs mən də mahnı bəstələmişəm. Amma Habil müəllimin dövründəki insanlar elə deyildi, çünki hər şeyin dəyərini bilirdilər. Qara Qarayevin, Fikrət Əmirovun adı gələn yerdə kim özünə «Mən də bəstəkaram» deyə bilərdi? Və ya Niyazinin adı çəkilərdisə, kim deyə bilərdi ki, bəs mən də dirijoram?!.

BUDURMU VƏFASI?!..

Təbii ki, hər şey yenə öz yerini tutacaq. Ən böyük süzgəc elə zamanın özüdür, hər şey zamandan keçərək ələnib-arıtlanır...

Demərəm ki əcəl Habil müəllimi əlimizdən aldı. Axı bu 50 yaşımda, nəyi də olmasa, həyatı, onun labüd qanunlarını anlamağa başlamışam... Hamımız bu dünyanı tərk edəcəyik, amma xoşbəxt o kəslərdir ki, hətta dünyasını dəyişəndən sonra da anılır. Habil müəllim kimi...

Amma bir nisgil yenə də qalır. Yox, «yaxşılar gedər, pislər qalar!..»– deməyəcəyəm. Əsla!.. Bu dünya nə vaxt tək yaxşılardan və ya tək pislərdən ibarət olub ki?!.

Bir nisgil qalır ki, həyat bütün hallarda vəfasızmış!.. Lap elə ilk məhəbbət kimi... Və istər-istəməz, adamın içindən bir sual qopur və Habil müəllimin bir mahnısında deyildiyi kimi soruşursan: «Budurmu vəfası ilk məhəbbətin?!».

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG