Keçid linkləri

Təcili xəbərlər

Rusiya azərbaycanlı vətəndaşını yada salacaq?


Elmar Məmmədyarov və Sergei Lavrov - 2012
Elmar Məmmədyarov və Sergei Lavrov - 2012

-

DİPLOMATLAR DA HAY-KÜYÜ SEVİR?

Problemlər də borclu olduğun adamlara bənzəyir. Eləsi var, görür, amma üzə vurmur, eləsi də var, hər gün qapını kəsir...

Qarabağ probleminə bu bucaqdan baxmaq istəməzdim, di gəl, adamın özündən asılı deyil. O biri problemlər səni çox üzmür, onların nə vaxtsa çözüləcəyini bilirsən. Amma Qarabağ problemi...

Qərəz, yenə Qarabağla bağlı gurultulu bəyanatlar dövrü başlanıb. Bəlkə diplomatların da belə gurultulu bəyanatlarına alışmaq və onları ciddiyə almamaq lazımdır. Axı konstitusiya və ayrıca qanunlar deputatlara immunitet və ya indemnitet hüququnu nəzərdə tutur...

İmmunitet məsələsi aydındır. İndemnitet isə o deməkdir ki, deputatlar öz çıxış və bəyanatlarına görə məsuliyyət daşımırlar. Diplomatlar üçün bu hüququn nə qədər real olduğunu demək çətindir, çünki məsəl var, deyirlər ki, dil onlara düşüncələrini gizlətməkdən ötrü verilib. Amma diplomatların bu qaydanı tez-tez unutması da bir gerçəkdir. Dilə gətirdikləri çox adi bir sözün və ya kiçik bir bəyanatın insanları necə ümidləndirdiyini çox vaxt yaddan çıxarırlar...

Bu mənada Rusiyanın xarici işlər Sergei Lavrov-un bəyanatları da istisna deyil. Bu adam Qarabağ problemi haqqında tez-tezgurultulu bəyanatlar verməyi sevir. Birini də elə bu günlərdə dilə gətirib. Rusiyanın bu mötəbər şəxsi bildirib ki, Qarabağ probleminin çözüm vaxtı yetişib...

Məsəl var, deyərlər, kor nə istər, iki göz - biri əyri, biri düz!.. İndi azərbaycanlılar da 30 ilə yaxındır Qarabağ arzularının gerçəkləşəcəyi günü gözləyirlər. Amma o gün yetişmir ki yetişmir.

AÇAR DEYƏRKƏN NƏYİ NƏZƏRDƏ TUTURLAR?

Məsəl var, deyərlər, kor nə istər, iki göz - biri əyri, biri düz!.. İndi azərbaycanlılar da 30 ilə yaxındır Qarabağ arzularının gerçəkləşəcəyi günü gözləyirlər. Amma o gün yetişmir ki yetişmir. Rusiyalı diplomatların şantajlarına da alışmışıq - münasibətlərin soyuq vaxtlarında onlar dərhal yada salırlar ki, Qarabağ probleminin açarı Rusiyanın əlindədir...

Bunu, görünür, elə anlamalıyıq ki, problemin hansı fazada olması, hətta qısa bir müddətə dondurulması və yaməcrasından çıxması Rusiyanın istəyindən asılıdır.

LAVROV GİROVLARI HEÇ YADA SALMIR...

Doğrusu, S.Lavrov-u heç vaxt mahir diplomat saymamışam. O, nazirliyə başlarkən Rusiya qəzetləri yazırdı ki, BMT-də fəaliyyəti zamanı onun işi-peşəsi siqaret çəkənlərin «hüquq»larını müdafiə etmək olub. Üstəlik, mahir diplomatlar sözlərinin dəyərini də bilirlər. Başqa məsələlərə gəlincə, qoy Rusiyanın xarici işlər naziri girov götürülmüş iki azərbaycanlının problemini həll etsin, axı həmin girovlardan birinin özü, digərininsə xanımı Rusiya vətəndaşıdır. Amma bu vaxtadək S.Lavrov özünə əziyyət verərək o girovlarla maraqlanmayıb...

Daha doğrusu, cəmi bircə dəfə «maraqlanıb» - Ermənistanda bir ailəni qətlə yetirmiş rus əsgərinin problemi yarananda S.Lavrov azərbaycanlı girovları «xatırlayıb». Amma bu, cəmi bircə dəfə oldu. Üstəlik, aydın idi ki, Rusiyanın xarici işlər naziri bunu Ermənistana təzyiq məqsədilə dilə gətirib...

S.Lavrov-u heç vaxt mahir diplomat saymamışam. O, nazirliyə başlarkən Rusiya qəzetləri yazırdı ki, BMT-də fəaliyyəti zamanı onun işi-peşəsi siqaret çəkənlərin «hüquq»larını müdafiə etmək olub.

İndi də hamı oturub gözləyir ki, görəsən, Rusiya, heç olmasa, özünün azərbaycanlı vətəndaşını yada salacaq? İnanmıram. Daha doğrusu, inanmaq istərdim, di gəl, Rusiya və onun nazirlərini çox yaxşı tanımağımız heç bir optimizmə əsas vermir...

BƏLİ, ADİCƏ BİR BƏYANAT...

Qarabağ probleminə gəlincə... S.Lavrov-un son bəyanatını sıradan bəyanat sayır, arxasında ciddi bir iradə və ya xoş niyyət dayandığını da düşünmürəm...

Qarabağ problemini həll etmək istəyən ölkə və onun nazirləricəmi 2-3 həftə öncə Ermənistana yeni raket kompleksləri verəcəklərini də söyləməmişdimi?!.

Qarabağ problemini çözməyin bir şərti kimi Azərbaycan-Rusiya münasibətlərinin indiki durumu da önə çəkilir. Bu münasibətləri ideal saymıram, amma onlar heç vaxt indiki qədər anlaşıqlı və rəvan olmayıb. İndi Rusiya nədən narazı ola bilər, axı? Bircə qalıb Rusiyanın çox sevimli Avrasiya İttifaqı layihəsinə də Azərbaycanın «hə» deməsi. Hərçənd, o layihənin də gerçək hədəflərini, Rusiyanın nə yoğurub, nə yapmasını bilmək çox çətindir. Axı gah Avrasiya İttifaqı yaradır, gah da Şanxay Əməkdaşlıq Təşkilatı qururlar. Yeri gəlmişkən, Azərbaycan da sonuncuya - Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir...

Sovetlər dönəmi də daxil, Rusiya imperiyasının ən müxtəlif dönəmlərində azərbaycanlı-erməni münaqişələri, qırğın və savaşları baş verib... Amma Azərbaycanın bu münaqişələrdə itirdiyi torpaqlar heç vaxt geri qaytarılmayıb.

Bütün bunlar Rusiya üçün yetərlidirmi? Güman etmirəm. Ona qalsa, Azərbaycan MDB-nin də üzvüdür, amma rusiyalı siyasətçi və diplomatlar həmişə deyirlər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü deyil. Elə bu üzdən Rusiyanın Ermənistanla münasibətləri Azərbaycanla münasibətlərindən daha sıx xarakter daşıyır...

TORPAQ DA DOĞUB-TÖRƏYİR?

Çox qəliz vəziyyətdir. Sovetlər dönəmi də daxil, Rusiya imperiyasının ən müxtəlif dönəmlərində azərbaycanlı-erməni münaqişələri, qırğın və savaşları baş verib. Hər dəfə imperiya özünə gələndə, bu münaqişələr dondurulub, çünki imperiya artıq hər iki tərəfi - Azərbaycanı da, Ermənistanı da öz orbitinə sala bildiyini düşünüb...

Amma Azərbaycanın bu münaqişələrdə itirdiyi torpaqlar heç vaxt geri qaytarılmayıb. İndi də bu son illəri götürsək, 1988-95-ci illər Rusiya imperiyası üçün gərgin vaxtlar idi və bölgədə onun dirijorluğu ilə müharibə gedirdi. Bir müddət keçəndən və imperiya özünə gələndən sonra münaqişə yenə də donduruldu...

...İndi də hamı oturub torpaqların qaytarılmasını gözləyir və S.Lavrov kimi rusiyalı nazirlərin ən kiçik bəyanatlarına da diqqət kəsilir. Amma bircə sual üzərində, heç olmasa, bircə dəfəheç kim baş sındırmaq istəmir: Necə olub ki, əsrin əvvəlindən Ermənistanın torpaqları bu qədər artıb? Bəyəm torpaq da doğub-törəyir? Yox, doğmur. Sadəcə, həmin torpaqlar Rusiyanın xeyir-duası ilə hər dəfəErmənistanın Azərbaycandan qopardığı torpaqlardır...

... Demirəm ki, ümidsizliyə qapılın, yox, lazım deyil. Amma bir şərti də unutmayın: Sonra peşmançılıq yaşamamaq üçün adam daha çox özünə güvənməlidir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG