.
SENATORLAR NƏYƏ İMZA ATDI?
Nə az-nə çox,12 beynəlxalq təşkilatla bağı Ədliyyə Nazirliyinə müraciət edən rusiyalı senatorlar bəlkə də özləri bilmədən çox mənfi presedentə imza atacaqlar. Axı Rusiyanın demokratiyanı məhdudlaşdırmaq, özünü “rəngli etirazlar”dan sığortalamaq cəhdləri reaksiyasız qalmır. Postsovet ölkələrin çoxu sonradan bu siyasəti bircə-bircə özündə tətbiq edir...
“Düşmən təşkilatlar” sırasında danılmaz dərəcədə nüfuzlu beynəlxalq qurumlar var. Bəzilərinin adını qeyd edə bilərik: Freedom House, “Açıq cəmiyyət”, Beynəlxalq Demokratiya Fondu, Beynəlxalq Respublikaçılar İnstitutu və s.
Ədliyyə Nazirliyi senatorların çağırışına biganə qalmazsa, həmin təşkilatların Rusiya ərazisində fəaliyyəti, və ya Rusiya QHT-lərinə donorluğu yasaq sayılacaq...
ƏSLİNDƏ, HƏR ŞEY YERLİ QHT-LƏRDƏN ASILI İDİ...
O fikirdən uzağam ki, bu təşkilatlar olmasa, demokratiya bitəcək, yaxud işlər lap fəna olacaq. Axı həmin təşkilatların iş effekti özündən çox yerli təşkilatlardan asılı idi. Niyə? Çünki layihələri yerli QHT-lər təqdim edir və gerçəklədirdi.
Bu kontekstdə yalnız onu etiraf etmək lazım gəlir ki, beynəlxalq donorlar yerli QHT-lərin bir növ maliyyə müstəqilliyini təmin edirdilər. Görünür, Rusiya və bənzər siyasət yürüdən ölkələrin hakimiyyətini elə bu məqam narahat edir...
SOYUQ SAVAŞ BİTSƏ DƏ...
Bəzən belə fikirlər səslənir ki, həmin beynəlxalq təşkilatlar “soyuq savaş” dövrünün qalıqlarıdır və artıq öz missiyalarını başa vurublar. Bir suala birmənalı şəkildə “hə” demək mümkün olsaydı, bu fikirlə razılaşmaq da olardı. O sual da budur ki, doğrudanmı bütün dövlətləri artıq azad və demokratik saymaq mümkündür? Kimsə birmənalı şəkildə “hə” desə, onda şəxsən mən razılaşaram ki, bəli, bu təşkilatların dövranı bitib...
Rusiyanın demokratiyanı məhdudlaşdırmaq, özünü “rəngli etirazlar”dan sığortalamaq cəhdləri reaksiyasız qalmır. Postsovet ölkələrin çoxu sonradan bu siyasəti bircə-bircə özündə tətbiq edir...
Amma kiminsə birmənalı “hə” deməsinə inanmıram, çünki dünyanın əksər dövlətlərini hələ qismən azad saymağa da adam tərəddüd edir. Üstəlik, yeni reallıqlar yeni problemlər gətirir, əvvəllər diqqət yetirilməyən məsələlər indi diqqətdə saxlanır, insan haqları müstəvisində yeni “aktor”lar peyda olur...
Məsələn, əvvəllər transmilli şirkətləri insan haqları müstəvisinə çəkmək çox böyük cəsarət istəyirdi. Deyirdilər ki, “Nə danışırsınız? Heç onların adını bu məsələyə qarışdırmaq olar? Axı onlar ölkəyə bu qədər sərmayə yatırırlar!..”.
İctimai fəallar da bununla razılaşırdılar. Amma bəzi suallar cavabsız qalırdı: bəs, bu şirkətlər ətraf mühitlə bağlı normalara necə əməl edirlər? Onlar əmək və istehsalat normalarına diqqət yetirirlərmi?..
İndi bunlar artıq bir növ keçmişdir və ictimai fəallar transmilli şirkətlərin fəaliyyətinə göz qoya bilir, monitorinqlər aparırlar. Bu məqama o üzdən diqqət yetirdik ki, həyat yeni problemlərə hamilə olduğunu göstərək...
İNSAN HAQLARI İLƏ BAĞLI İKİ PRİNSİP...
Bir problemi də mütləq qeyd etməyə dəyər. İnsan haqları problematikası iki prinsipə söykənir: 1) İnsan haqları universal xarakter daşıyır. 2) İnsan haqları heç bir dövlətin daxili işi deyil.
Demokratiya dərəcəsini hər bir dövlətin özü müəyyənləşdirsəydi, beynəlxalq sənədlərə, insan haqlarının durum və perspektivlərini öyrənən institutlara ehtiyac qalmazdı. Üstəlik, demokratiya rus arağı deyil ki, onun dərəcəsini də Rusiyada müəyyənləşdirsinlər...
İnsan haqlarının universal xarakteri o deməkdir ki, “mentlalitet”, “yerli dəyərlər” və “yerli şərait” prinsipial rol oynaya bilməz. Amma Rusiya bu təməl prinsipə, ümumiyyətlə demokratiyanın nəzəriyyə və təcrübəsinə “yenilik” gətirməyi sevir.
Məsələn, prezident Vladimir Putin-in ən çox sevdiyi ifadələrdən biri “suveren demokratiya”dır. Mahiyyəti də budur ki, suveren subyekt kimi, hər bir dövlət öz vətəndaşına hansı “doza”da demokratiya gərəkdiyini özü müəyyənləşdirir...
Etiraf edək ki, gülünc və ziyanlı praktikadır. Demokratiya dərəcəsini hər bir dövlətin özü müəyyənləşdirsəydi, beynəlxalq sənədlərə, insan haqlarının durum və perspektivlərini öyrənən institutlara ehtiyac qalmazdı. Üstəlik, demokratiya rus arağı deyil ki, onun dərəcəsini də Rusiyada müəyyənləşdirsinlər...
İkinci təməl prinsipsə odur ki, dünyada insan haqları heç bir dövlətin iç məsələsi sayılmır. Belə olmasaydı, Rusiya da Avropa Şurasına üzv olmaz (hərçənd, Ukrayna münaqişəsinə görə indi onun səs hüququ dondurulub), Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımazdı (axı nəyin ona aid olub-olmadığını “suveren” dövlətin özü müəyyən edir, onun özünün məhkəmə qurumları olur)...
...Demək, bu nəticə çıxır ki, insan haqları məsələsini suveren dövlət məsələsinə qatmaq olmaz. Çünki gerçək suveren dövlət birgəyaşam və təhlükəsizlik naminə öz suverenliyinin bir hissəsindən keçir. Keçir ki, dünya hamıya eyni dərəcədə açıq və yararlı olsun...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, sən də fikirlərini bölüş.