Keçid linkləri

Təcili xəbərlər

Türkiyə siyasətinin qızmar həftəsi


Arxiv fotosu: Türkiyənin Baş naziri Ahmet Davutoğlu səsvermə zamanı
Arxiv fotosu: Türkiyənin Baş naziri Ahmet Davutoğlu səsvermə zamanı

.

SİYASƏTİN GƏRGİN HƏFTƏSİ...

Həftə Türkiyədən ötrü çox önəmli olmağı vəd edir. Niyəsi aydındır: baş nazir Ahmet Davutoğlu koalisiya hökumətini formalaşdırmaq üçün siyasi partiyalarla danışıqlar aparacaq...

Danışıqların elə həftə içində yekunlaşacağı gözlənən deyil. Axı hökumət formalaşdırmaq həmişə bəlli vaxt tələb edir. Xüsusən keçən ay keçirilmiş seçkidə parlamentə düşən partiyaların arasında münasibətlər, Türkiyədəki kimi, hamar olmayanda...

Üstəlik, belə danışıqlar, siyasi mülahizələrə görə, elə də açıq aparılmır. Amma bütün hallarda ümumi siyasi atmosferi duymaq və danışıqların ağırlıq mərkəzinin hansı səmtə düşəcəyini hiss etmək olur.

ƏVVƏLKİ EMOSİYALAR ARTIQ SƏNGİYİB...

Parlament partiyaları əvvəl çox kəskin bəyanatlar verirdi, amma bir az keçəndən sonra, demək olar, onların hamısı hökumət formalaşdırmaq mövzusunda danışıqlara hazır olduqlarını, sadəcə, bir-iki özəl tələblərinin də diqqətə yetiriləcəyini dilə gətirdilər...

Təkrar seçki perspektivi, demək olar, partiyalardan heç birinin ürəyincə deyil, çünki onun necə bitəcəyi bilinmir.

Bu vaxtadək həmin tələblər açıqlanmayıb. Yalnız hakim partinanın - AKP-nin bircə şərti bilinir: onlar koalisiyanın, azı, 2 il sürməsini istəyirlər...

Mühüm danışıqlar ərəfəsində hakim partiyanın vəziyyəti nə çox çətindir, nə də asan. AKP (Ədalət və İnkişaf partiyası) elə ilk mərhələdə hökumət formalaşdırmaq zəminində addım ata bilərdi. Söhbət nədən gedir?

Seçkidən sonra, ilk addım kimi, parlamentə spiker seçildi. Bu postu hakim partiyanın nümayəndəsi İsmet Yılmaz tutdu. Amma AKP həmin postu koalisiya formalaşdırmaq istədiyi partiyaya güzəşt də edə bilərdi. Axı parlament spikeri vəzifəsi siyasi sövdələşmə üçün uğurlu predmet idi...

Bir neçə günlük spiker postu CHP təmsilçisi Deniz Baykal-a həvalə olunmuşdu. Amma spiker postuna seçkilər zamanı hakim partiya ona dəstək vermədi. Halbuki onun müvəqqəti spikerliyini gələcək koalisiyaya işarə kimi dəyərləndirənlər az deyildi...

YOLLAR HƏLƏ AÇIQDIR...

İndinin özündə də bütün yollar qapanmayıb. Mandat sayına görə parlamentin ikinci partiyası olan - CHP (Cümhuriyyət Xalq partiyası) koalisiyaya ən real namizəddir. Düzdür, MHP-ni (Milliyyətçi Hərəkat partiyası), hətta HDP-ni (Xalqların Demokratik partiyası) də unutmaq olmaz. Hərçənd, sonuncu digər partiyalardan ötrü çox da uğurlu tərəfdaş sayılmır və hətta MHP lideri bir neçə dəfə bəyan edib ki, onlar “PKK-nın siyasi əlaltılarıyla” ilə danışıqlara getməyəcəklər...

Hakim AKP elektoratı bir qədər yorub. Üstəlik, daim yüksəlmək mümkün deyil, ara-sıra, ən azı, geriləmələr də olur. Elə bu üzdən hakim partiya da təkrar seçki düşüncəsindən uzaq görünür...

Bir sözlə, danışıqlar gərgin olacaq. Hakim partiya “milləti hökumətsiz qoymayacağını” israrla dilə gətirir. Heç sözsüz, axırda hansısa bir formula razılıq veriləcək. Danışıqlar nəticə verməsə, ölkə təkrar seçkiyə gedəcək. Amma təkrar seçki perspektivi, demək olar, partiyalardan heç birinin ürəyincə deyil, çünki onun necə bitəcəyi bilinmir.

CHP və MHP son seçkidə mandat saylarını elə də artıra bilmədilər. Seçki, bir siyasi sürpriz kimi, HDP-ni ortaya çıxardı. Etnik kürdlərin məskunlaşdığı ərazilərdə səs toplayan bu partiyanın ümummilli partiyaya çevrilmək şansı o qədər də yüksək qiymətləndirilmir...

AKP-yə gəlincə, səslərin 41 faizini toplasa da, mütləq çoxluğu əldə edə bilmədi. Təkrar seçkilər keçirilərsə, AKP-nin, heç olmasa, indiki uğurunu təmin edib-etməyəcəyi bilinmir...

Təcrübə göstərir ki, seçkidə hər hansı bir partiyanın enişi başlayırsa, bu hal növbəti seçkilərdə bir az da dərinləşir. Hələ seçki ərəfəsində yazmışdım ki, hakim AKP elektoratı bir qədər yorub. Üstəlik, daim yüksəlmək mümkün deyil, ara-sıra, ən azı, geriləmələr də olur. Elə bu üzdən hakim partiya da təkrar seçki düşüncəsindən uzaq görünür...

Qərəz, onsuz da çox isti yay Türkiyə siyasətinin hərarətini bir az da artırır. Bir şey indidən aydındır: Türkiyə siyasətçiləri bu yay gərəyincə dincələ bilməyəcəklər. Cəmiyyətin ölkə siyasətçilərinə hazırladığı ən böyük sürpriz budur...

CƏMİYYƏTDƏN NARAZILIQ YOXDUR...

Amma çox yaxşı haldır ki, siyasətçilər heç kimi nə “nankorluqda”, nə də “vəfasızlıqda” qınayırlar. Onların fikrincə, bütün hallarda haqlı olan bir instansiya var - Türkiyə cəmiyyəti!..

Bunu görmək və duymaq bilirsiniz nə qədər xoşdur? Yox, biz hələ bunu tam duymağa hazır deyilik. Cəmiyyəti bütün hallarda haqlı və qərar sahibi sayacaq siyasi mühit Azərbaycan üçün hələ xəyaldır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, sən də fikirlərini bölüş.

Ən son yazılan

XS
SM
MD
LG