Keçid linkləri

Təcili xəbərlər

Sırtıqlıq adamı dəli olmaqdan qoruyur...


Alyaksandr Lukashenka - 1994
Alyaksandr Lukashenka - 1994

-

HEYRƏT, EY BÜT!..

Bir dostum vardı, həmişə deyərdi ki, sinizm adamı dəli olmaqdan qoruyur («sinizm» və ya «sinik olmaq» bir şeyə münasibətdə sırtıq davranmaq, utanc duymamaq, əxlaq və ədəb normalarını saymamaq deməkdir – red.).

Doğrudan da, siyasətin «dürlü mətləbləri»ni düşündükcə, bir də görürsən ki, ayaqların yerdən üzülüb!.. Bu səbəbdən siyasət haqqında yalnız ironik tonda yazıb-danışmaq lazımdır.

Məncə, siyasət bundan artığına layiq deyil. Hələ bu vaxtadək siyasət qarşısında heyrətindən donub qalan adama rastlamamışam. Ən yaxşı və adilik ölçülərinə sığmayan halında da siyasət bizləri, olsa-olsa, şeytan əməli kimi mat qoyur...

Siyasətə bu kontekstdən yanaşarkən, indiyədək «Avropanın ortasında nələr olur?» deyə soruşmaqdan usanmadıq. Bəlkə də, ən yaxşısı, «Avropanın ortasında nələr olmur?» sualıydı, axı bu Qoca Dünya özünün məsumiyyətini irili-xırdalı saysız savaşlarda, eləcə də iki böyük dünya müharibəsində itirib...

21-Cİ PAYIZA HAZIRLIQ...

Bəli, indiki Avropanın içində bir Belarus da var. Bu ilin payızında özünün növbəti prezident seçkisinə hazırlaşan Belarus. Artıq ölkənin seçki komissiyası da prezident seçkiləri kampaniyasını başladıb.

Belarus o ölkələrdəndir ki, hələ də özünün birinci prezidentindən ayrıla bilmir.

Belarus o ölkələrdəndir ki, hələ də özünün birinci prezidentindən ayrıla bilmir.

1994-cü ildə hakimiyyətə gələn həmin prezident - Alyaksandr Lukashenka, axır ki, bu dəfə legitim prezident olacağını düşünür. Fikir verin. O, 21 ildən sonra da öz postundan getməyi düşünmür, tam tərsi, Avropanın da tanıyacağı legitim prezident olmaq arzusu ilə yaşayır...

... «Yaşayır» deyəndə ki, Belarus prezidenti «xoşbəxt olmaq istəyirsənsə, ol!» fəlsəfəsi ilə yaşayanlardandır. Onun xoşbəxtliyi ölkənin Mərkəzi Seçki Komissiyasından, Mərkəzi Seçki Komissiyasında çalışanların xoşbəxtliyi də ondan asılıdır.

Gümanıma görə, Belarus prezidenti bu dəfə də arzusuna yetəcək, axı Rusiya mediasının «Belarusbaşı» adlandırdığı bu adamı ölkədə çoxları, sadəcə, «batka» deyə çağırır («Dədə», «Baba», «Böyük» mənasına gəlir – red.).Bundan əvvəlki seçkilərdə hətta Rusiya onun hakimiyyətdən getməsini istəyirdi. Bir səbəb də o idi ki, Rusiya oliqarxlarını öz ölkəsinə buraxmaması onları qəzəbləndirmişdi. Amma «batka» aşıra bilmədilər...

Bir çoxları avtoritar liderləri dünyanın ən xoşbəxt adamlarından sayır. Amma belə deyil, bəlkə də tam tərsi düzdür.

YOLLAR TEZ-TEZ MİNSKDƏN KEÇİR...

İndi şərait bir az da əlverişlidir. Nə qədər qəribə olsa da, Minsk bir çox mənalarda Avropa siyasətinin mərkəzlərindən birinə çevrilir – axır vaxtlar burada Avropanı təmsil edən böyük siyasət adamlarını çox tez-tez görmək olur...

Avropa, az da olsa, «batka»ya qarşı loyallaşıb. Bu da, artıq qeyd etdiyim kimi, Belarus prezidentinin ümidlərini artırır. 21 il hakimiyyətdə olmaq, Avropanın içində avtoritar bir ada yaratmaq elə də asan deyil. Belarus prezidentinin bu «bacarığını», təbii ki, qiymətləndirmək lazımdır.

Bir çoxları avtoritar liderləri dünyanın ən xoşbəxt adamlarından sayır. Amma belə deyil, bəlkə də tam tərsi düzdür. Avtoritar liderlər heç yerdə sevilmədiklərini bilirlər. Onlar bunun fərqindədirlər və bu hissiyyatla da hakimiyyətlərini sürdürürlər. Bu hissiyyat onlara qeyri-adi instinktlər verir - onlar özlərinə qarşı təhlükəni hamıdan tez və hamıdan yaxşı duyurlar...

O üzdən tam səmimi deyirəm ki, Belarus prezidentini də «sadə bəndə» saymıram. İndiki zamanda düz 21 il Avropanın içində hakimiyyətdə qalmaq elə də asan iş deyil...

DTK-NIN DAHA BİR «ÇOCUQ»U...

Bioqrafiyasına baxanda, ilk baxışda, adamı mat qoyan bir şey tapmazsan: Pedaqoji İnstitutun tarix fakültəsi, Kənd Təsərrüfatı Akademiyasında qiyabi təhsil...

Belarus prezidentini də «sadə bəndə» saymıram. İndiki zamanda düz 21 il Avropanın içində hakimiyyətdə qalmaq elə də asan iş deyil...

Amma dərhal gözə çarpan bir önəmli detal da var - Belarus prezidenti ən gənc yaşlarından DTK-nın təlimatçısı vəzifəsində çalışmağa başlayıb və görünür, DTK məktəbi o qədər də faydasız ötüşməyib. Başqa sözlə, həmin məktəb özünün daha bir «istedadlı çocuq»unu yetişdirə bilib...

Təbii ki, burada proqnoz verməkdən uzağam, hər şeyi, elə proqnozları da Belarus prezidentinin özü verir. Amma necə deməyim ki, A.Lukashenka payızda yenə prezident «seçiləcək»?!.

«SEÇİLMƏK», YA SEÇİLMƏK?

«Seçiləcək» sözünü dırnaqsız da yazmaq olardı, çünki Belarusun da müxalifəti, obyektiv və subyektiv səbəblərdən, olduqca zəifdir. Adətən, avtoritar ölkələrdə güclü müxalifət olmaz, axı ona güclənməyə kim imkan verər?!

Üstəlik, «seçilmək» təkcə seçkiləri saxtalaşdırmaqla baş vermir – «şeytan əməli» deyilən siyasətin o qədər dürlü üsulları var ki!..

Beləcə, istər Avropa - Qoca Dünya Belarusla barışmaq zorundadır. Axı dünyadakı problemləri sıralasan, görəcəksən ki, Belarus və onun prezidenti lap aşağı yerlərdən birini tutur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG