Keçid linkləri

Təcili xəbərlər

Siyasətin yay mövsümü


Rəşid Şerifin karikaturası (Ümid)
Rəşid Şerifin karikaturası (Ümid)

-

SİYASİ SƏHRANIN BƏYAZ GÜNƏŞİ...

Yayın ərəfəsi və elə bütünlüklə yayın özü siyasət baxımından həmişə bir az kasad olur. Axı siyasətçilər də yayda dincəlməyi sevirlər, xüsusən avtoritar ölkələrin siyasətçiləri - onların işləməklə çox da arası olmur...

Yay da əsl yaydır. Yazın nə vaxt bitdiyini hiss etmirsən, bir də görürsən ki, qızmar istilər qapını kəsdirib...

Bu üzdən elə hissiyyatımız da bir az kütləşib. Olsa-olsa, lap sərt soyuğu, ya da təndir kimi adamı yandıran istini hiss edirik...

Böyük siyasətin adamları, təbii ki, bunun çox da fərqində deyillər. Onlar elə bir şəraitdə yaşayırlar ki, özlərini, qışın oğlan çağında da, lap Havay adalarındakı kimi hiss edə bilirlər...

Bizə gəlincə, indi bizdən ötrü «Nə var, nə yox?» və ya«İşlər necədir?» sualları, bəlkə də, dünyanın ən qəliz və ağrılı suallarıdır. Adam heç bilmir ki, buna nə desin və nə cavab versin...

Deyə bilmirsən ki, vallah, elə biz də, haradasa, «ev dustağı»na bənzəyirik və bu boyda şəhərdə getməyə bir yer də tapmırıq... Təsəllimiz - kompüter, işimiz - iztirab dolu cümlələri ard-arda düzməkdir. O da bəzən alınır, bəzən də acı və kədər yükü lap çəkilməz olur...

Axır vaxtlar özüm özümə elə hey S.Vurğunun məşhur bir misrasını pıçıldayıram: «Heç adam da vətənində vətənsiz olarmı?..».

VƏTƏNDƏ VƏTƏNSİZLİK?

Ola bilsin, bir az gülməli və bir az da qeyri-ciddi səslənəcək. Ola bilsin, hətta ədəbi zövqümlə məzələnənlər də tapılacaq, amma... Amma axır vaxtlar özüm özümə elə hey S.Vurğunun məşhur bir misrasını pıçıldayıram: «Heç adam da vətənində vətənsiz olarmı?..».

Təbii ki, Azərbaycana, az qala, bütün dünyanın diqqət kəsildiyi, böyük idman yarışlarının keçirildiyi və hər gün medal əldə edildiyi bir zamanda «vətənində vətənsiz» qalmaq elə də inandırıcı gəlməz sizə...

Bilirəm ki, məni yenə böyük və tarixi «uğurlar»ı gözardı etməkdə, hətta «ictimai daltonizm»də qınayacaqlar, amma... Amma biz onları görmədiyimiz kimi, elə onlar da bizi görmürlər... Axı Azərbaycan «çoxmərtəbəli bina»ya bənzəyir və bu «bina»nın gözoxşayan üst mərtəbələriylə yanaşı, yarıqaranlıq zirzəmisi də var. Üst mərtəbələrdə yaşayanların zirzəmidəkilərdən nə xəbəri olacaq ki?!.

Nə qədər əcaib və təzadlı olsa da, bu mənzərə də mənə məşhur «Səfillər» romanını xatırladır. Elə orada da bir neçə Paris və hətta bir neçə Fransa var!..

Çox təzadlı mənzərə yaranır: bir tərəfdən deyirlər ki, guya bu cəmiyyət «qara qəpiyə də dəyməz», o biri tərəfdən də onu dünyaya tanıtmaq istəyirlər...

DÜNYAYA ÇATAQ, AMMA ÖTMƏYƏK...

Söz yox ki, həyat davam edir, amma onun monotonluğu, yeknəsəq məntiqi adamı tamam üzür...

Bu məntiqdən belə nəticə çıxır ki, avropalıları təəccübləndirə bilən idman kompleksləri də tikə bilirik, onlarla yarışa və hətta qalib ola bilirik... Amma özümüzü idarə etməyi, özümüzə, heç olmasa, bir bələdiyyə başçısı seçməyi və azad yaşamağı bacarmırıq...

Deyirlər ki, bu idman yarışları Azərbaycanı və azərbaycanlıları dünyaya tanıtmağı hədəfləyir. Amma mən anlaya bilmirəm: Biz hansı ölkəni və kimi tanıdırıq? Axı bu ölkəni idarə edənlərin özləri deyirlər ki, bu cəmiyyət hələ demokratiya və azadlığa hazır deyil. Bəli, özləri deyirlər və əməlləriylə sübut da edirlər ki, bu ölkəni yalnız və yalnız avtoritar üsullarla idarə etmək olar...

Qısası, çox təzadlı mənzərə yaranır: bir tərəfdən deyirlər ki, guya bu cəmiyyət «qara qəpiyə də dəyməz», o biri tərəfdən də onu dünyaya tanıtmaq istəyirlər...

Bu yerdə bir gülməcə yadıma düşür. Deməli, Nikita Khrushchev-in vaxtlarıymış. Kəndə təlimatçı və camaatı toplayıb upuzun bir nitq yapır. Deyir ki, bəs biz beş-on ilə ABŞ-a çatmalı və hətta onu ötməliyik...

Bəs onda hakimiyyət bizi hara dartır? Düşünürəm ki, onlar dünyaya bizi yox, özlərini tanıtmaq istəyirlər...

Burada bir qoca kolxozçu söz alır və yalvarır ki, ay oğul, ABŞ-a çataq, amma onu ötməyək. Təlimatçı «niyə, a kişi» – deyə soruşunca, qoca cavablayır ki, «axı Amerikanı ötsək şalvarlarımızın arxasındakı yamaqlar görünər!..».

İndi bizlər də dünyanı ötməyə çox da tələsməyək, çünki bizim də yamaqlarımız görünə bilər..

NOVRUZƏLİ QƏDƏR DƏ SAYIQ OLMADIQ...

Bəs onda hakimiyyət bizi hara dartır? Düşünürəm ki, onlar dünyaya bizi yox, özlərini tanıtmaq istəyirlər...

Mənə həmişə elə gəlib ki, bizi yönəldənlər bu cəmiyyətin elə avtoritar sistemdə də özünü xoşbəxt sandığını, azadlıqlarsız da özünü çox rahat və yaxşı hiss etdiyini göstərmək istəyirlər...

Qərəz, bir həftədən sonra bu Avropa Oyunları da bitəcək. Tanıtma mərasimi yekunlaşacaq və ölkə özünün alışdığı siyasi ritmə qayıdacaq. Payıza yaxın seçkilərə hazırlıq başlanacaq və onlar, həmişə olduğu kimi, «möhtəşəm qələbə»ylə bitəcək. Bu qələbənin sahibi yenə də hakim partiya olacaq...

Və bizlər bir daha duruxub-qalacağıq ki, bəs, görəsən, səslərimiz necə oldu? Və heç olmasa, Novruzəli qədər sayıqlığımız da olmayacaq ki, bülleten atdığımız qutuların keşiyini çəkək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG