Keçid linkləri

Təcili xəbərlər

Yaltaqlan, Sat, Başqalarının ətini ye


-

“Avropa oyunları” adlı pul yemə teatrına kölələr lazımdır – könüllü və könülsüz. Könüllülər ucuz qiymətə satılanlardır.

Pulla Avropa oyunlarında işləyənlər isə baha satılanlardır.

Qiyməti də bilirəm – 20 gün üçün 1500-5000 manat...

Tural Əliyev

YALTAQLAN. SAT. BAŞQALARININ ƏTİNİ YE

Bu yaxında Qazaxıstanda “qolodomor” haqqında oxudum. Təxminən 1-2,5 milyon adam kolxoz quruculuğu naminə acından öldürülüb.

Ukraynada bu rəqəm 2,5-7,4 milyon olaraq göstərilir. “Qolodomor” yalnız bu ölkələrdə olmayıb.

Məsələn, oxuduğum sənədlərdə aclıqdan hannibalizmə qurşananlar daha çox Şimali Qafqazda aşkar olunub.

Azərbaycan SSR-in təbiəti isə nisbətən səxavətlidir. Bu səbəbdən, ya da başqa hansısa səbəbdən bizdə “qolodomor” haqda danışılmır.

Amma aydın məsələdir ki, kollektivləşdirmədə kütləvi aclıq olması məntiqidir.

Mövzum bu deyil. SSRİ-nin yaranması, Stalin dövrünün oturuşması bu imperiyadakı insanlar üçün çox ağrılı olub. Orada yaşamaq uğrunda əsl mübarizə gedib.

Güllələnməmək üçün yaltaqlanmalı idin, satılmamaq üçün satmalı idin, ac qalmamaq üçün isə yeməli idin, hətta insan əti də. Bunları etməyən çox az adam sağ qaldı.

Onlar istisna qəhrəmanlardır və ya təsadüfün qoruduğu adamlardır. Kütlə, əksəriyyət isə bunları edib – yaltaqlanıb, satılıb, bir-birini yeyib.

Və beləliklə, bütöv bir yaltaq, satqın, “hannibal” nəsil yetişib (burda adamyeyən sözünü hərfi başa düşmək lazım deyil artıq).

Bizim valideynlərimiz o nəslin övladlarıdır, tərbiyəni onlardan alıblar.

Valideynlərimizin çoxu SSRİ dağılana qədər repressiya, kütləvi siyasi qətliam kimi ağır hadisələr görməyiblər. Amma görməkdən qorxublar və yaltaqlanmağı, satmağı, bir-birinin ətini yeməyi həyatın mütləq, dəyişilməz hissələrindən biri kimi qəbul ediblər.

Bir təcrübə haqqında internetdə yazırlar tez-tez: bir qrup meymunu salırlar qəfəsə. Onlara banan verirlər. Amma meymunlar banana yaxın duranda təzyiqli su ilə onları qovurlar.

Bu hal bir neçə dəfə təkrarlanandan sonra meymunlar ac olanda da banana yaxın durmurlar.

Sonra meymunlardan birini çıxarıb yenisini salırlar. Yenə banan verirlər. Yeni meymun banana yaxın durmaq istəyəndə köhnələr onu tutub “başa salırlar”. Sonra “köhnələr”dən birini də çıxarıb yenisini salırlar.

O da banana yaxın durmaq istəyəndə “başa salırlar”. Belə-belə təzyiqli suyu görmüş bütün meymunlar qəfəsdən çıxarılır və yeniləri salınır. Qəfəsdəki meymunların heç biri təzyiqli su görməyiblər.

İndi isə rejim “trio-tərbiyə”nin qalıqlarını istismar etməyə girişib. “Avropa oyunları” adlı pul yemə teatrına kölələr lazımdır

Amma yeni meymun qəfəsə salınanda onlar onu banana yaxın durmağa qoymurlar.

Bizim valideynlərimiz də “təzyiqli su” görməmişdilər. Amma bizə başa salırdılar ki, “banan”a yaxın durmaq olmaz.

Çünki 30-cu illərdə “təzyiqli su”yu görüb sağ qala bilmiş adamlar onları başa salıblar. Onlar da sağ qala bilmək üçün yaltaqlanıblar, satıblar, bir-birlərini yeyiblər.

Nəsil itirmək ona görə çox ağır bir şeydir ki, bunun ziyanını aradan qaldırmağa əsrlər lazım olur. İndi bizi 30-cu illərdən heç 1 əsr də ayırmır. Bizim valideynlərimizə 4-5 illik “perestroyka” dövrünün və 1 illik milli hökumət dövrünün azad mühitindən başqa heç vaxt azadlıq verilməyib. Sonralar onlar bunu almaq üçün çox da həvəsli olmayıblar.

Və öz övladlarını dədə-baba qaydası ilə tərbiyə etməyə davam ediblər – yaltaqlan, sat, başqalarını ye.

Həmin qısa azadlıq dövrlərində belə tərbiyə ayıb idi, buna qarşı ictimai qınaq var idi. İndi isə nəinki bu ictimai qınaq yoxdur, əksinə - həvəsləndirmə, hətta mükafatlandırma var.

Amma nəsil dəyişikliyi təkcə tərbiyə məsələsi deyil, həm də zaman, təkamül məsələsidir. Biz təkcə tərbiyə ilə yetişməmişik axı. Biz ki internetdən istifadə edirik (özü də hələlik saytlara baxmaq cəzalandırılmır).

Bizim nəslin bir qismi “yaltaqlan, sat, ye” tərbiyəsini aşa bildi, hətta təzyiqli suyu vurmağa onları məcbur etdi, banana əl atdı. Biz “30-cu illər laboratoriyası”nın nailiyyətlərinin ardıcıllığını sındırdıq. Biz onları suyu yenidən vurmağa məcbur etdik.

Amma dediyim kimi, biz bizim nəslin bir hissəsiyik, təəssüf ki, az bir hissəsiyik. Və bir daha təəssüf ki, bizim də içimizdə hamı o mənfur “trio-tərbiyə”dən xali deyil.

İnsanlarda az da olsa, nələrsə qalıb. Buna görə də insanları çox da qınaya bilmirəm. Uman yerdən küsərlər. Uman yerlərimi azaldıram ki, daha az küsüm, yoxsa bütün inamım məhv olar.

İndi isə rejim “trio-tərbiyə”nin qalıqlarını istismar etməyə girişib. “Avropa oyunları” adlı pul yemə teatrına kölələr lazımdır – könüllü və könülsüz. Könüllülər ucuz qiymətə satılanlardır.

Pulla Avropa oyunlarında işləyənlər isə baha satılanlardır. Amma satılanlardır. Bunların bəziləri yaltaqlanmır. Deməli, onlarda “trio-tərbiyə”nin bir elementi itib.

Bir-birlərinin ətini yeməyənlər də var. Bu element də itib bəzilərində. Amma satırlar. Prinsiplərini, vicdanlarını satırlar.

Qiyməti də bilirəm – 20 gün üçün 1500-5000 manat (bu, hələ mən biləndir). Kimsə bunu baha saya bilər. Mən isə satılmayan şeylər üçün verilən bütün məbləğləri rədd edirəm. Adı üstündə - SATILMAYAN.

Bir var müftə adamlar – bunlar könüllülərdir. Bir də var satılmayan adamlar. Satılmayanlar müftə deyil. Satılanlar isə bunların arasındadır. Özlərini ət də saymırlar, balıq da. Amma onlar vicdanları qabağında hesabat verdikləri kimi ortada deyillər. Onlar SATILIRLAR.

Kimlərsə yaltaqlanır, kimlərsə başqalarının ətini yeyir, kimlərsə isə satılır. Trio hələ də işləyir: yaltaqlan, sat, ye. Qınamıram. Nəsil dəyişməlidir. Ağrılıdır, amma olmalıdır.

P.S. Bu triodan xilas ola bilənlərə eşq olsun. Ölkə sizin çiyinlərinizdədir.

10 iyun 2015-ci il

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG