Keçid linkləri

Təcili xəbərlər

1993-cü ilin final oyunu...


Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı

-

YENƏ ORALARDASAN?

İnsanlar da qəribədir. Heç biri digərinə bənzəməz! Həyata və baş verən olaylara münasibətləri də bir-birindən fərqlidir. Hər şey öz təsirini göstərir: xarakter, təhsil, həyat təcrübəsi və s.

Kimsə baş verənləri normal, «şübhə elementləri» olmadan qarşılayır, kimsə də bu olaylarda nəsə gizlin və sirli məqamlar axtarır...

Çox başınızı ağrıtmadan mətləbə keçirəm: Bir tanışım vardı və məni görüncə, dərhal soruşardı ki, yenə də oralarda - müxalifətdəsən?

Axırda da mütləq qayıdardı ki, əşi, vallah, hamısı oyundur... Ona deyə bilmirdim ki, böyük filosoflar da «həyat bir oyundur» sözlərini dilə gətirirlər. Desəydim, bu, haradasa, məğlubiyyətimin etirafı olardı...

Amma bu gün... Çoxdandır görünməsə də, bu gün o adamı tez-tez yada salıram. Çünki oyun söhbətini bircə an da beynimdən ata bilmirəm.

Çünki baş vermiş olaylarda oyuna bənzər elementlər o qədər çox olub ki...

Və mən bu gün həmin o tanışıma, qiyabi də olsa, «Sən haqlıydın» deyir və bu səbəbdən öz həyatımda gördüyüm iki böyük oyundan söz açmaq istəyirəm...

İKİ BÖYÜK OYUN...

Düzdür, Avropa Oyunları gedir və birdən-birə oyun mövzusuna üz tutmağım elə yozula bilər ki, guya mən də bu idman oyunların təsirinə qapılmışam...

İyun təşrif buyurunca, demək olar, həmişə 1993-cü ilin yay aylarını xatırlayıram. Çünkihəyatımda gördüyüm iki böyük siyasi oyun ən mahir məşqçiləri də mat qoyardı...

Amma yox, elə də yaxşı azarkeş deyiləm və uşaqlıqdan bəri özümün oynamağını üstün saymışam...

Bu yaşa gəlincə, məni - çox düz anladınız - siyasi oyunlar daha çox maraqlandırır...

İyun təşrif buyurunca, demək olar, həmişə 1993-cü ilin yay aylarını xatırlayıram. Çünkihəyatımda gördüyüm iki böyük siyasi oyun ən mahir məşqçiləri də mat qoyardı...

Onlardan birincisi 1991-ci ildəki qiyam - guya Mikheil Gorbachov-u hədəf götürən çevriliş cəhdi idi...

İkincisini isə 1993-cü ilin iyununda - Azərbaycanda gördüm. Bəli, bunlar mənim gördüyüm ən böyük siyasi oyunlar idi... Xüsusən Azərbaycanda gördüklərim məni çox heyrətləndirdi. O vaxt parlamentdəki çıxışları, kimlərə söz verilməsini, kimlərə də verilməməsini izləməklə anlamaq olardı ki, bəli, ölkədə böyük bir oyun gedir...

Bu oyunun da öz predmeti vardı - hakimiyyət uğrunda idi. Oyunu udan hakimiyyəti də qazanacaqdı. Daha az öncə də belə oyunlar olmuş və... artıq final mərhələsi başlamışdı. Daha dramatik və daha gərgin keçən bir mərhələ...

NƏ «ALFA», NƏ DƏ «BETA»...

Anlayıram, «Əşi, oyundur!» sözləri Azərbaycanda bir az ironik çalar qazanıb və hər dəfə onu dilə gətirəndə, özəlliklə sözügedən dövrün aparıcı şəxsləri qayıdırlar ki, əşi, nə oyun-filan, siz elə hər şeyə oyun deyirsiniz... Əslində, «alfa qrupu» bir tərəfdən hücum etmişdi, «beta qrupu» o biri...

Amma reallıqda nə «alfa qrupu» vardı, nə də «beta» - ortada yalnız biz vardıq, biz azərbaycanlılar. Özümüzün bitib-tükənməz ambisiyalarımızla, öz eqomuzla!..

Müxalifətin növbəti mitinqini, daha doğrusu, mitinq cəhdini teatrın pəncərəsindən seyr edən bir rejissor demişdi ki, mən anlaya bilmirəm, əcəba, oyun burada gedir, yoxsa küçədə, mən burada oyun qururam, yoxsa onlar orada?..

Bunu sizə dəqiq deyirəm, çünki o dövrün adamlarının ironiyasının da, səmimi etiraflarının da şahidi olmuşam. Onların bircə-bircə aqibətini də görmüşəm. Həmin adamlar özlərini təmizə çıxarmağı sevir və söhbət başqalarının paxırını açıb-tökməkdən gedəndə, bir az səmimi olmağı da bacarırlar...

Qiymətləndirmək düşüncəsindən tam uzağam və bəzən buna heç ehtiyac da qalmır. Sadəcə, anladığım o idi ki, bu oyun, əslində, hələ 1988-ci ildən başlamışdı. 1993-cü il isə onun finalı, bizlər də bu oyunun piyadalarıydıq!..

ARTIQ HESAB BİLİNİRDİ...

1993-cü ildən sonra da oyun davam etdi, amma ssenari bir qədər dəyişdi - əvvəlki gərginlik və dramatizm qalmadı. Çünki əvvəlki oyundan fərqli olaraq, hesab öncədən bəlli idi...

...Maraqlı bir detalı da xatırlayıram: Müxalifətin növbəti mitinqini, daha doğrusu, mitinq cəhdini teatrın pəncərəsindən seyr edən bir rejissor demişdi ki, mən anlaya bilmirəm, əcəba, oyun burada gedir, yoxsa küçədə, mən burada oyun qururam, yoxsa onlar orada?..

Ertəsi gün az qala bütün müxalifət ona bu sözlərini irad tutdu. Amma rejissor haqlı idi və «suçu» yalnız o idi ki, bu barədə ucadan danışmağın qəbul edilmədiyi bir vaxtda doğrunu dilə gətirmişdi...

Axırda nə oldu? Vaxt keçdi, vədə yetişdi, oyun son mərhələsinə çatdı. Dedilər ki, oyun bitdi. Amma ölkədə siyasi oyunçular nəsli yetişmişdi, axı. Onlar indən belə gərəksiz olmaları fikriylə necə barışaydılar?!. Təbii ki, barışmır və açıq deyirdilər ki, heç olmasa, bir imitasiya – bir yamsılama olsun! Yəni gerçək oyun yoxdursa, heç olmasa, yalançı oyun oynansın!..

Dedilər ki, oyun bitdi. Amma ölkədə siyasi oyunçular nəsli yetişmişdi, axı. Onlar indən belə gərəksiz olmaları fikriylə necə barışaydılar?!. Təbii ki, barışmır və açıq deyirdilər ki, heç olmasa, bir imitasiya – bir yamsılama olsun!

Amma yox, artıq gec idi. Daha oyun bitmişdi. O üzdən daha «Ölkədə oyun gedir!» sözlərini dilimə gətirə bilmirəm - 1988-ci ildə başlanan oyun sona çatmışdı...

HAMI ÖZ OYUNUNU OYNAYIRDI?

Oyunçuların bir qisminin bu illər ərzində edə biləcəyi tək şey - böyük oyunun içində özlərinin kiçik oyunlarını qurmaq idi...

Amma bunu da hamı bacarmadı - yalnız ən zirək və hiyləgərlər, böyük ssenaridən xəbərdar olanlar bunu bacardı. Di gəl, onlar da umduqlarını qazanmadılar, olsa-olsa, qoca çağlarını ciddi problemsiz başa vurmaq üçün nəsə qopardılar...

Böyük əksəriyyətsə oyundan sıfır nəticəylə çıxdı. Onlara yalnız xatirələr qaldı. Təkcə ovundurmayan, təkcə təskinlik gətirməyən, həm də ürək ağrıdan və ürək göynədən xatirələr...

TƏKRAR OYNAMAQ İSTƏRDİNMİ?

Bir daha yazının əvvəlinə qayıtmaq istəyirəm - köhnə tanışıma. O və ya başqa birisi soruşa bilər ki, bu oyunu təkrar oynamaq istərdinmi? Səmimi şəkildə deyirəm: İstərdim, çünki həmin oyunun içində bir ideya da vardı - oyunçuların əksəriyyəti üçün önəmli olmasa da... Məşəqqətlərə dözməyə, gizli-məkrli sövdələşmələrə göz yummağa vadar edən də elə bu idi – insanlar o ideya naminə çox şeylərə dözdülər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG