-
ƏVVƏL «YOX» DEDİLƏR, AMMA SONRA...
Hakimiyyətdə olduğu müddətdə ilk dəfə təkbaşına hökumət formalaşdırmaqdan məhrum qalan AKP – Türkiyənin hakim partiyası qibtə ediləsi durumda deyil. Parlamentə seçkilər bitincə, AKP qanunverici orqana düşən digər partiyaların kəskin reaksiyası ilə qarşılaşdı. Bu partiyalar elə münasibət sərgilədilər ki, artıq hamı təkrar seçkilərin zəruri olacağını düşündü...
Amma zaman, həqiqətən də, hər şeyə çarə tapır: öz mövqelərinə yenidən baxmağa başlayan partiyalar çox tez bir zamanda koalision hökumət formalaşdırmaq üçün öz şərtlərini açıqladılar...
İndi Türkiyə cəmiyyəti daha bir seçimlə üz-üzə qalıb: amma bu dəfə yalnız hakim partiya seçəcək və müxalif partiyalardan hansının şərtlərinin ona daha məqbul olmasına qərar verəcək...
Təbii ki, elə indidən müəyyən ehtimallar səsləndirmək olar. Məsələn, müxalif MHP-nin mühafizəkar ənənələri AKP-nin onu koalisiya tərəfdaşı kimi seçmək imkanını artırır. Mandat sayı baxımından parlamentdə ikinci partiya olması CHP-nin də şanslarını artırır...
Amma bunlar əsas deyil. Əsas odur ki, parlamentə düşən heç bir partiya təkrar seçki üçün sinov getmir. Bu isə koalisiya formulunun gec-tez tapılacağına ümidləri çoxaldır...
Əsas odur ki, parlamentə düşən heç bir partiya təkrar seçki üçün sinov getmir. Bu isə koalisiya formulunun gec-tez tapılacağına ümidləri çoxaldır...
ƏLVİDA, PREZİDENT RESPUBLİKASI?
İndi AKP-nin parlamentdə mütləq çoxluq qazana bilməməsinin ən böyük nəticəsi odur ki, hakim partiya konstitusion quruluşla bağlı planlarını qeyri-müəyyən müddətədək ertələməli oldu...
Hətta koalisiya formulu tapılsa da, yeni tərəfdaşların bu planlara «hə» deməsi real görünmür, çünki parlamentdəki müxalif partiyaların rolu parlament idarəçiliyi ilə təmin edilir. Bu partiyaların, necə deyərlər, üstündə oturduqları ağacın budaqlarını kəsəcəyini düşünmək siyasi reallıqdan çox uzaqlaşmaq demək olardı...
ŞÜBHƏLƏR, TƏRƏDDÜDLƏR...
O ki qaldı hansı sistemin daha effektiv olmasına, əslində, nəticə göz önündədir. İndiki şəraitdə parlament idarəçiliyinin mənfilikləri çox aydın görünür - koalision formul axtarışı nə qədər çətindirsə, gələcəkdə bu koalisiyanın dağılması bir o qədər asandır...
Təbii ki, prezident idarəçiliyi siyasi sistemin siyasi konyunkturadan asılılığını xeyli azaldır. Üstəlik, hökumət daha az siyasiləşmiş olur... Türkiyədə prezident idarəçilik modeli olsaydı, aydındır ki, hökumət formalaşdırarkən, indiki çətinliklər yaşanmayacaqdı...
Düzdür, kimsə deyə bilər ki, indiki model hökumətin işinin şəffaflığına təminat verir və cəmiyyətin maraqlarını gözardı etməməsi üçün hökumət üzərində məhz belə bir nəzarət lazımdır. Bəs bu modelin çatışmazlıqları, qüsurları nədir? Parlament idarəçiliyinin tərəfdarları da etiraf edirlər ki, parlament idarəçiliyi qərarların qəbulunu ləngidir. Bu halda hər bir qərarı daha çox adam və daha çox instansiya ilə razılaşdırmaq zərurəti yaranır...
Bəs demək olarmı ki, cəmiyyət prezident Recep Tayyip Erdoğan-ın planlarını dəstəkləmədi? Bu suala həm «hə», həm də «yox» cavabını vermək olar.
Sözsüz ki, prezident idarəçiliyi zamanı da parlamentin hökumət üzərində nəzarəti olur, amma parlament idarəçiliyində bu nəzarət daha tez gözə çarpır. Ən azı ona görə ki, hökumət bilavasitə parlament seçkilərinin nəticələrinə görə formalaşır...
Bəs demək olarmı ki, cəmiyyət prezident Recep Tayyip Erdoğan-ın planlarını dəstəkləmədi? Bu suala həm «hə», həm də «yox» cavabını vermək olar. AKP parlamentdə mütləq çoxluğu qazana bilməsə də, ən çox səs toplayan partiya oldu. Bu isə o deməkdir ki, cəmiyyətin hakim partiyaya dəstəyi var. Amma qeyd etdiyimiz kimi, mütləq çoxluq alınmadı, yəni AKP planlarının əleyhdarları da az deyil...
POBLEMLƏRİ KİM YARADIR?
Bilirsiniz əsas nədir? Əsas odur ki, Türkiyədə ictimai düşüncə vektoru düzgün səmtə yönəlib. Ölkələr var ki orada siyasətçilər cəmiyyətə problem yaratmaqla məşğuldur. Məsələn, Azərbaycan belə ölkələrdəndir və burada insanlar daim düşünmək məcburiyyətindədir ki, görəsən, hakimiyyətin indi nəyi yasaqlayacaq?
Ölkələr də var, orada cəmiyyət siyasətçilərə problem yaradır. Düşünürük ki, Türkiyə belə ölkələrdəndir. Cəmiyyət öz seçimini edir və siyasi qüvvələr də «Ən düzgün qərar millətin qərarıdır!» demək məcburiyyətində qalır və millətin cızdığı konturlar hüdudunda öz siyasətlərini qurmağa məcbur olurlar...
O üzdən, böyük hesabla götürəndə, Türkiyənin tutduğu yol daha perspektivlidir –bəlli çətinliklər ehtiva etsə də. Bir daha deyirik ki, demokratiyalarda qərarlar bir az çətin qəbul olunur, amma qəbul olunmuş qərarlar cəmiyyətin daha böyük kəsiminin iradəsini əks etdirir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.