Keçid linkləri

Təcili xəbərlər

Avropalıları Bakıda necə qarşılamalı?


«Dərviş Parisi partladır» filmindən kadr
«Dərviş Parisi partladır» filmindən kadr

-

ADAM DA BU QƏDƏR ÇAY İÇƏR?

Söz sözü çəkər, bir neçə il əvvəlin söhbətidir. Jurnallardan birində Azərbaycanda olmuş bir rus jurnalistin yazısına rast gəldim. Böyük maraqla oxumağa başladım. Amma azacıq oxuyandan sonra məni xəcalət təri götürdü. Jurnalist, az qala, hər addımda rastlaşdığı çayxanalardan yazmışdı. Yazdığına görə, hər çayxananın yanından keçəndə azərbaycanlı dostları «Gəlin bir çay içək» deyirmişlər. Yazıdan, az qala, bir fəryad hiss olunurdu. Və bu fəryad sanki deyirdi, qardaşlar, adam nə qədər çay içər?..

Bunu niyə xatırladım? İndi hamı Avropa Oyunlarına hazırlaşır. Hazırlaşan tək bu işlərə məsul hökumət adamları deyil, taksi sürücüləri, pivə satanlar, kafe və restoran işlədənlər, o cümlədən də çayçılar da hazırlaşırlar...

Bu üzdən məni bir az həyəcan bürüyür. Fikirləşirəm ki, görəsən, özümüz barədə yaxşı rəy yarada biləcəyikmi? Oyunlara gələn qonaqları da çaya tutsaq, onda vay halımıza...

ORALARA GETSƏNİZ...

Biz şərqliyik. Şərqlilərin də yüzillərdənqalma adətləri var. Məsələn, biz qonağı yeməyə çağırmağı, yeyiləsi nə varsa, bircə dəfəyə onun qarşısına qoymağı sevirik. Amma avropalılar bunu xoşlamırlar. Orta statistik avropalı elə ayaqüstü yeməklərə üstünlük verir, əvəzində gəzməyi, görməyi və gördüklərini görüntüləməyi sevir...

20 gün şərqli olduğunuzu unudun. Unutmasanız, xalqı gözdən salacaqsınız. Gedib deyəcəklər ki, bu insanların əlindən Bakını əməlli-başlı görə bilmədik, çünki ayıq vaxtımız olmadı.

Başqa bir hadisəni mənə bir alim dostum danışmışdı. Deməli, sovetlər vaxtında bir ingilis alim Bakıya və Tiflisə gəlir. Bakıda, əsl şərqli kimi, onu bütün günü yeyib-içməyə tuturlar, yazıq ingilisin, demək olar, ayıq vaxtı qalmır. Vidalaşmaq vədəsi yetişəndə ingilis deyir ki, Tiflisdə yaxşı işləyə bildim, amma burada...

Nə demək istəyirəm? Onu deyirəm ki, bizlərin qonaqpərvərlik dediyi şeyi qərblilər o qədər də anlamır və bəyənmirlər. Bizim səxavət anlayışımız, bir qayda olaraq, onların həmin anlayışıyla üst-üstə düşmür...

O üzdən «ecazkar Şərq» deyib onların qarşısında sərvət və səxavət nümayiş etdirməyə dəyməz. İşdir, oralara getsəniz, həmin qərblilər sizi mehmanxanada yerləşdirəcək, ola bilsin, evə yalnız bir dəfə - kofe içməyə çağıracaq. Məsələ yeməyə gəlincə, sizi restorana aparacaq, bəlkə hələ hesabı da özünüz verməli olacaqsınız...

TƏMASLAR ARTSA DA FƏRQ BÖYÜKDÜR...

Qərblə Şərqin əsas fərqi nədədir? Qərbdə hamı eyni qədər zəngin olmasa da, eyni qədər toxdur. Şərqdə isə bu, yalnız «seçilmiş insanlar»a, necə deyərlər, «fərasətlilərə» xasdır. Ona görə də Şərqdə sərvət, var-dövlət və səxavət nümayiş etdirməyi sevirlər. Bu, adicə bir şey olsaydı, hamıda olsaydı və hamının təminatıtəxminən eyni dərəcədə olsaydı, onu nümayiş etdirməyə ehtiyac qalmazdı...

Elə bu səbəbdən təxminən 20 gün şərqli olduğunuzu unudun. Unutmasanız, xalqı gözdən salacaqsınız. Gedib deyəcəklər ki, bu insanların əlindən Bakını əməlli-başlı görə bilmədik, çünki ayıq vaxtımız olmadı. Deyəcəklər, o qədər yeyirdik ki, hərəkət etməyə və gəzməyə həvəsimiz də qalmır, yalnız yatmaq istəyirdik...

Bizlər «birdəfəlik» məclisləri sevirik - oturdunsa, gərək, birdəfəlik «vurasan», sanki son dəfə yeyir və son dəfə içirsən...

BİZ HƏM DƏ QAFQAZLIYIQ...

Bir az əvvəldə Tiflisi bir qədər fərqli obrazda tanıtdım. Bu, mənim uydurmam deyil, eşitdiyimi yazdım. Amma hələ «Əli və Nino» romanında gürcülərin də böyük içki və məclis həvəskarları olmasından yazılırdı... Romanda Əlinin dilindən deyilir ki, bir gün ayıq vaxtımız olmadı, gah bu, gah da o biri qohum bizi qonaq aparır və o ki var içizdirirdi...

Ona görə də şərqlilərə xas olan keyfiyyətlər, əslində, bütün qafqazlılarda var və bununla mübahisə etmək çətindir. Sadəcə, ola bilsin, Gürcüstanda qərbliləri tanıyan və onların xasiyyətinə bələd olanlar daha çoxdur. Amma ümumiyyətlə götürəndə, qafqazlıların hamısı yeyib-içməyi, dadlı yeməkləri, şərabı sevir...

ONLAR DA İÇİR, AMMA...

Avropalılar da çox içirlər, amma bir oturumda yox. Onlar günboyu, amma az-az içirlər. Bizlər «birdəfəlik» məclisləri sevirik - oturdunsa, gərək, birdəfəlik «vurasan», sanki son dəfə yeyir və son dəfə içirsən...

İndi bu yazdıqlarımı oxuyan birisi deyəcək ki, sən qərbliləri haradan tanıyırsan? Demirəm ki, tamam-kamal tanıyıram. Sadəcə, bir az görmüşəm, bir az oxumuşam, bir az da eşitmişəm...

Tam olmasa da, millətlərin ədəbi və bədii irsi həm də onların etnik-mədəni kodlarıdır. Bəli, əgər əsl ingilis yazarını oxuyursansa, bil ki, o, öz əsərində mütləq əsl ingilis tipi yaradıb. Bunları bir-bir ümumiləşdirməklə bütöv bir xalqı tanımış olursan...

İstəməzdim elə təsəvvür yaransın ki, guya mən şərqliləri yamanlayıram. Birincisi, özüm də şərqliyəm və durub özüm-özümü yamanlamayacağam ki?!. Sadəcə, onu deyirəm ki, oyunlar zamanı qonaqların çoxu qərbli olacaq. Qərb isə Şərq demək deyildir. Ən azı, hələlik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG