-
BÜTÜN MƏSƏLƏLƏRDƏ 12-Cİ OLSAYDIQ VƏ YA ŞAHBAZ VAXTINDA PARİSƏ GETSƏYDİ...
«Avroviziya» da başa çatdı. Deyilənə görə, elə bir uğur qazana bilmədik, axı 12-ci yerlə kifayətlənməli olduq. Amma deyirəm, kaş, futbolumuz da Avropada 12-ci yerdə olaydı. Belə olsaydı, azarkeşlərimizin, necə deyərlər, uçmağa bir qanadı olmazdı...
Açığı, builki mahnı yarışı bir qədər kölgədə qalmışdı. Ölkə artıq bir dəfə bu yarışların qalibi olduğundan, həm də qarşıdan gələn ilk Avropa Oyunlarının daha çox vaxt və diqqət tələb etməsi səbəbindən «Avroviziya» sanki unudulmuşdu...
Amma ötənə güzəşt deyərlər. Məqsədim «Avroviziya»nı saf-çürük etmək deyil, bunun, necə deyərlər, öz xiridarları var və onlar həmin yarışı musiqi tərəfindən tutmuş siyasi özəlliklərinədək tamam-kamal araşdıracaqlar...
Mənə maraqlı gələn yenə də «biz və onlar» – «biz və avropalılar» mövzusudur. Hər dəfə bir Avropa tədbiri keçiriləndə və azərbaycanlılar da ora qatılanda düşünürük ki, azacıq da olsa, irəli getdik, bir az da avropalaşdıq. Amma gerçək Avropanı hər dəfə yalnız xəyallarımızda fəth edə bilirik...
O Parisi ki Mirzə Fətəlinin Şahbazı görmək istəyirdi, o Paris bizim milyonçulara gərək deyildi...
İKİ GƏNC VƏ İKİ FƏRQLİ BAXIŞ...
Maraqlıdır, Avropa deyərkən dərhal iki ədəbi obraz yadıma düşür. Bunlardan biri Mirzə Fətəlinin Şahbazı, digəri Qurban Səidin (bəlkə də Yusif Vəzirin...) Əlisidir - biri Avropaya can atır, digəri, əksinə, həmişə Şərqdə qalmaq istəyirdi. Biri «modernist»lərin simvoluydu, o biri «mühafizəkar»ların....
Bəlkə də Şahbaz vaxtında Parisə getsəydi və bizlər də Parisi o vaxtdan və həm də əməlli-başlı tanısaydıq, sonralar daha asan olar, azərbaycanlılar Parisdən nə götürmək lazım gəldiyini bilər, daha neft milyonçularımız kimi bu şəhərə yalnız eyşi-işrət dalınca yollanmazdılar...
Elə gənc Əli də bəlkə Avropanı ona görə sevmirdi ki, neft milyonçularımız artıq oranın yolunu tamam «ağartmışdılar». O Parisi ki Mirzə Fətəlinin Şahbazı görmək istəyirdi, o Paris bizim milyonçulara gərək deyildi...
Gənc Əli bəysə onların heç birini istəmirdi - nə Paris salonlarının dəbdəbəsini, nə də Sorbonnanı. O, yalnız Şərqdə, Bakıda qalmağı arzulayırdı. Bu gəncin, Şahbazdan fərqli olaraq, nə yeni dil və elm öyrənmək həvəsi, nə də neft milyonçuları kimi, Paris restoranlarında xərcləməyə pulu vardı və ona Bakının tozlu-torpaqlı küçələri yetərliydi...
Deyilənə görə, dünyanın ən uca binası ərəb ölkələrinin birində inşa olunub. Amma insanlar «İnkişaf etmək üçün ərəbləşmək lazımdır!» deməyə tələsmirlər...
AVROPALAŞMAĞI HƏDƏFƏ ÇEVİRSƏK DƏ...
Beləcə, Avropa ilə birgələşə bilmədik. Avropalaşmağı hətta milli məfkurəmizin əsas prinsipinə çevirsək də, Avropa bizdən ötrü yenə də uzaq ada olaraq qaldı...
İndi də qarşıdan ilk Avropa Oyunları gəlir. Sözsüz ki, hər iki gənc – istər Şahbaz, istərsə Əli, buna möhkəmcə təəccüblənərdi...
Amma tələsməyə dəyməz. Hətta ilk Avropa Oyunları da bizi Avropa dəyərlərinə tam yaxınlaşdırmaq iqtidarında deyil. Axı Şərq həmişə Avropanı saray və bu saraylardakı zinətlərlə təəccübləndirməyə çalışıb.
Bu dəfə də belə davranmaq - avropalıların gözünü qamaşdırmaq, onları heyrətləndirmək istəyirik. Amma bu yolla mümkündürmü? Deyilənə görə, dünyanın ən uca binası ərəb ölkələrinin birində inşa olunub. Amma insanlar «İnkişaf etmək üçün ərəbləşmək lazımdır!» deməyə tələsmirlər...
Avropada çoxdan bilirlər ki, Şərq rejimləri cəmiyyətlərini çapıb-talayıb dəbdəbəli saraylar tikir. Onlar artıq bu Şərqi görüblər və necə deyərlər, dabbaqda gönünə bələddirlər. Belə Şərq onlar üçün daha ekzotik də deyil, axı həmin Şərqin, bəlkə də, ən görümlü-baxımlı hissəsi Avropa muzeylərindədir. Onlar başqa Şərqi görmək istərdilər... Amma görmək istədikləri Şərq yoxdur- əvəzində İŞİD var, Taliban var...
İndi qoca Şərqin, əslində, gecələrə ehtiyacı yoxdur. Qoca Şərq bir işıqlı səhərin sorağındadır.
«MİN İKİNCİ GECƏ» OLMAYACAQ...
İŞİD-çilər və talibançılar, guya ki, Şərqin keçmiş şöhrətini özünə qaytarmaq istəyirlər. Amma buna ehtiyac varmı?
Hətta «Min bir gecə» nağılları da bir dəfə olur və İŞİD əhlinin, Talibanın qaytarmaq istədiyi Şərq bir nağıl oldu - onu avropalılar gördü, topladı və nağıla çevirdi, adını da «Min bir gecə» qoydu...
İndi qoca Şərqin, əslində, gecələrə ehtiyacı yoxdur. Qoca Şərq bir işıqlı səhərin sorağındadır. Amma onu yaratmaq asanmı? Bilirsiniz, bir dəfə bir əcnəbi söhbət zamanı bizə nə dedi? Dedi ki, Şərq mədəniyyətində dəbdəbə və israfçılıq çoxdur, amma qənaətcillik və təvazökarlıq azdır...
Bir də dedi ki, sizdə sərvətin necə qazanılmasına prinsipial yanaşmırlar, amma Avropada əksinədir - hər bir manatın hesabı aparılır...
Demirəm ki, həmin əcnəbinin dediklərinin hamısı «iki vur iki»dir. Yox, məsələn, Şərqdə də həmişə halal-haram söhbəti olub. Amma bu, indi bir ilğım kimidir. Necə Avropa bizə ilğım kimi görünürsə, elə... Bəlkə də əsl tragikomediya da budur; yaxşı nə varsa, gözlərimizə yalnız ilğım kimi görünür...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.