Keçid linkləri

Təcili xəbərlər

Türkiyə prezident respublikasına çevriləcək?


Recep Tayyip Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir - 16 iyun 2013.
Recep Tayyip Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir - 16 iyun 2013.

-

BU QƏDƏR DƏ MİTİNQ OLMAZ...

Bəlkə də türkiyəli siyasətçilər haqlıdır. Baxıb görürsən ki, hökumət adamlarının, özəlliklə baş nazirin günü mitinqlərdə keçir. Günü deyəndə ki, iş vaxtının çoxu. Adam istər-istəməz düşünür: ölkə parlament respublikası olmasaydı və hökumət parlament seçkilərinin nəticəsinə görə formalaşdırılmasaydı, bəzi məsələlər sadələşərdi...

Parlament idarəçiliyinin hökuməti gərəkdiyindən daha çox siyasiləşdirdiyi danılmazdır. Bunu demokratiya nəzəriyyəçiləri də qəbul edirlər. Amma belə idarəçilik üsulunun bir çox ölkədə uğurlu nəticə verməsi də bir gerçəkdir...

İndi Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkəni başqanlıq (prezidentlik) üsul-idarəsinə keçirməkdə çox israrlı görünür. Amma bundan ötrü onun vaxtilə həm də de-yure rəhbəri olduğu partiya (AKP) qarşıdan gələn parlament seçkilərini udmalıdır...

Bu partiya növbəti «siyasi aşırım»ı da aşsa, necə deyərlər, daha bizim bu xüsusda deməyə sözümüz qalmaz. Partiya neçə illərdir ki, bir qələbədən o birinə doğru addımlayır...

Əksər müşahidəçilərin fikrincə, durum uzun müddət belə davam edə bilməz. Seçici, əvvəl-axır, eyni partiyanın hökumət qurmasından bezir və yenilik istəyir. Düzdür, hakim partiya bunu nəzərə almağa cəhd göstərir, daim yeni planlarla çıxış edir. Amma bu planlarla orta statistik seçicini maraqlandırmaq elə də asan deyil...

Türkiyədən də qüdrətli və daha mürəkkəb bir ölkə – İngiltərə artıq yüz illərdir ki, parlament üsul-idarəsiylə fəaliyyət göstərirsə, bu, Türkiyədə niyə mümkün olmasın?

ERDOĞAN-I İRƏLİ ATAN ƏYALƏTLƏRDƏKİ GERİLİKDİR?

Təəssüf ki, Türkiyədəki seçkilərin coğrafiyası ilə tanış olmaq imkanım olmayıb və həmişə inteqral göstəricilərlə tanış olmuşam. Amma təhlil adamları, Türkiyəni tanıyanlar belə bir fikir söyləyirlər ki, Erdoğan-ın partiyası daha çox əyalətin hesabına qalib gəlir.

Bu fikirdə rasional tərəf var. Amma qosqoca İstanbulu əyalət saymaq mümkündürmü? Axı hakim partiya bu dünya şəhərində də yetərincə sanballı nəticələr göstərə bilib...

İndi növbəti parlament seçkisinə çox qalmayıb. Əsas odur ki, Türkiyədə, sözün həqiqi mənasında, seçki keçirilir. Orada, digər müsəlman ölkələrində olduğu kimi, səsləri saxtalaşdırmır və ya İrandakı kimi ali ruhani elitasının irəlicədən seçdiyi adamları seçkiyə buraxmırlar. Orada azad və demokratik, həm də ədalətli seçki keçirirlər...

İNGİLTƏRƏDƏ VARSA...

Hakim partiya intellektuallarının prezident idarəçiliyi barədə söylədiklərini birmənalı qəbul etmək olmaz. Məsələn, Türkiyədən də qüdrətli və daha mürəkkəb bir ölkə – İngiltərə artıq yüz illərdir ki, parlament üsul-idarəsiylə fəaliyyət göstərirsə, bu, Türkiyədə niyə mümkün olmasın?

Onlarca başqa ölkəni də misal göstərmək olar. Qərb analitikləri arasında parlament üsul-idarəsini daha statik və daha dayanıqlı sayanlar az deyil. Mübahisə etmək olar. İlk baxışda qeyri-adi görünə bilər, amma... Amma nə etmək olar? Təhlillər belə göstərir...

Elə indinin özündə də Gürcüstanda baş nazirlə prezident arasında siyasi ixtilaflar adi bir hala çevrilib və hətta filan tədbirə kimin getməsi də böyük mübahisə doğurur...

Üstəlik, bəzi gənc dövlətlərin parlament üsul-idarəsini seçməsi adama daha məntiqli gəlir. Amma baxıb görürsən ki, əks tendensiya - prezident respublikasına meyllər daha qabarıqdır. Bunu, təbii ki, siyasi konyunkturaya da bağlamaq olar. Bir misal göstərəcəyəm...

GÜRCÜSTAN TƏCRÜBƏSİ...

Məsələn, qonşu Gürcüstanda Mikheil Saakashvili-nin prezidentlik dönəmində iki zidd tendensiya yaşandı. Saakashvili-nin prezidentliyi boyunca prezident səlahiyyətlərinin artırılması meyli daha qabarıq sezilirdi. Amma onun hakimiyyət müddəti sona yaxınlaşınca konstitusiya Saakashvili-nin prezidentlik müddətinin bitməsini diktə etdi (orada prezidentlər üçün iki dəfəlik məhdudiyyət qüvvədədir). Bax bu zaman sabiq prezident baş nazirin səlahiyyətini artırmağa cəhd göstərdi. Çünki Saakashvili bu dəfə parlament seçkisini udmaq və baş nazir olmaq niyyətində idi. Amma bunu bacarmadı...

Elə indinin özündə də Gürcüstanda baş nazirlə prezident arasında siyasi ixtilaflar adi bir hala çevrilib və hətta filan tədbirə kimin getməsi də böyük mübahisə doğurur...

HAMININ PREZİDENTİ OLA BİLMƏYİB...

Qayıdaq Türkiyəyə. Təbii ki, R.T.Erdoğan güclü siyasi fiqurdur. Amma bəzən güclü siyasi fiqurlar ziyan da gətirir...

İndi deyilənlərə inansaq, ölkə siyasi sabitlik sayəsində inkişaf edir. İqtisadi göstəricilər təlaş və həyəcana əsas vermir. Amma bunu da qeyd etməyi vacib sayıram ki, Erdoğan hələ də bütün türkiyəlilərin prezidenti ola bilməyib. O, bəzən ifrat dərəcədə siyasi çıxışlar edir, müxalifətlə prezident kimi deyil, hakim partiya lideri kimi davranır.

Anlayırıq ki, bu, böyük siyasətdir və hakimiyyət məsələsidir. Amma böyük siyasətçilərdən, özəlliklə böyük ölkələrin siyasətçilərindən bir keyfiyyət də tələb olunur - böyük təmkin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG