Keçid linkləri

Təcili xəbərlər

Siyasətçinin məsuliyyət meyarı...


-

Bu günlərdə 4 ilini tamamlayan Suriya hadisələri cəmiyyətlərinin hələ demokratiyaya hazır olmadığını, demokratiyanın böyük fəsadlara gətirib çıxardığını düşünən, inkişafı yalnız diktatura və ya avtoritar idarəçiliklə bağlayanların dilində “tutarlı” arqumentə çevrilib; peşman olursan bir söz deyəsən, o saat qayıdırlar ki, Suriyanı görmürsünüzmü, yoxsa istəyirsiniz buralar da Suriya olsun?..

Təbii ki, “ərəb baharları” örnək ola bilmədi. Ümidlər və gözləntilər böyük idi. Amma bir daha aydın oldu ki, diktaturaları devirmək və ya onlarla mübarizəyə başlamaq hələ birinci addımdır, əslində, gerçək iş bundan sonra başlayır...
Məsələn, Suriyaya örnəyinə üz tutsaq, gərək, biz də soruşaq, biz də sual verək ki, bəs bu vaxtadək hansı Suriya vardı? O Suriyanı itirdiklərinə görə insanlar doğrudanmı təəssüflənməlidirlər?

Diktaturaların hamısı bir-birinin “kopiyasıdır”

Bəli, bu vaxtacan da azad və çiçəklənən Suriya yox idi, axı azad və çiçəklənən diktaturalar olmur. Onların hamısı biri-birinin “kopiyası”dır. Birini eninə-uzununa öyrənincə, dərhal hamısındakı vəziyyət gün kimi aydın olur...
Yanılmırıqsa, Bəşər Əsədin atası 30 il hakimiyyətdə qalmışdı. Burada adi hesabın elə bir əhəmiyyəti yoxdur, ola bilsin, 5-10 il az və ya çox olub, fərq etməz...

Əsas odur ki, Əsədlərin hakimiyyəti dövründə Suriya fövqəladə vəziyyət şəraitində yaşamışdı. Bəşər Əsəd gələndən sonra da bu vəziyyət dəyişmədi. Fövqəladə vəziyyət guya indiki proseslər başlayandan sonra götürüldü və əvəzində Bəşər Əsəd öz xalqına müharibə elan etdi...

Bu müharibə 4 ildir ara vermir. Bu zaman dilimində böyük səhvlər də olub. Elə həmin səhvlərdən biri də vaxtında siyasi müxalifətə “stavka” edilməməsi idi.
Amma ən böyük günah, təbii ki, Bəşər Əsədin və onun təmsil etdiyi şəcərənin boynuna düşür. Suriya niyə bu hala düşdü? Ona görə ki, bu ölkəni 30-40 il süngü ilə idarə etmişdilər, üstəlik, elə əvvəllər də babat bir şey olmamışdı...

“İnadkar” diktaturaların məntiqi sonluğu

Bəşər Əsəd hakimiyyəti ona görə vermir ki, çoxlu evlər yıxıb, çoxlu qanlar töküb, üstəlik, onu qəbul edən ölkə də yoxdur... İndi nə etmək olar? Bir adam özünü çıxılmaz vəziyyətə sala bilər.

Suriyalılar demokratik məntiqi, demokratik düşüncə və yaşam tərzini haradan götürə bilərdilər ki? Ölkənin içində olmamışdı, qonşularda da yox idi...
Əslində bu proses bütün “inadkar” diktaturaların məntiqi sonluğudur. Bəşər Əsəd və daha əvvəl də atası ölkənin belə sonluğunun təməlini qoymuşdular...
Deyirlər ki, Bəşər Əsəd hakimiyyəti ona görə vermir ki, çoxlu evlər yıxıb, çoxlu qanlar töküb, üstəlik, onu qəbul edən ölkə də yoxdur... İndi nə etmək olar? Bir adam özünü çıxılmaz vəziyyətə sala bilər. Bu o deməkdirmi ki, ölkə də çıxılmaz vəziyyətə düşməlidir? Bir adam özünü ölümə də məhkum edə bilər. Bu o deməkdirmi ki, bütün millət ölməlidir?

Siyasətçinin məsuliyyət hissi olmalıdır. Yaxınları ona çox şey aşılaya bilər, amma onun da ağlı var, axı. O da düşünməlidir ki, bu yolla özümü və ölkəmi hara sürükləyirəm?..

Bundan ötrü örnək və misallar da az deyil. Mən Səddam Hüseyni daim xatırlayıram. Səddam özünü və İraqı nə günə saldı? Normal ölümlə də ölə bilmədi. İraq da elə vəziyyətə düşdü ki, əslində, vətənpərvər iraqlılar Səddam Hüseynin nəşini tapıb onu bir də cəzalandırmalıdırlar...

Diktatorun oyundan “qəhrəman” çıxmaq əzmi...

Bəşər Əsəd
Bəşər Əsəd

Bəşər Əsədə bu yaxınlarda işarə edildi. Bir neçə dəfə təkzib olunsa da, ABŞ-ın dövlət katibi Con Kerri bildirdi ki, onlar prinsipcə, Əsədlə danışıq apara bilərlər. Bir daha deyirik ki, bəyanat bir neçə dəfə təkzib olundu, amma tamam inkar da olunmadı. Çox güman, bununla amerikalılar öz vətəndaşlarının və müttəfiqlərinin reaksiyasını yoxlamaq istəyirdilər. Amma bu bəyanata Bəşər Əsədin cavab reaksiyası nə oldu? Yenə də boğazdan yuxarı ritorika! Halbuki həmin bəyanatdan dörd əllə yapışmalı idi – yalnız özü üçün də yox, Suriya naminə...

O, hələ də anlamır ki, bu qədər itkidən sonra daha hakimiyyətdə qala bilməz. Əslində o, hakimiyyətdən getməyi və Suriyanın normal vəziyyətə qayıtması ilə bağlı danışıqlara can atmalıdr. Amma bunu etməyə tələsmir, hələ də oyundan “qəhrəman” kimi çıxmaq əzmini “nümayiş etdirir”...

Nə deməkdir bu? O deməkdir ki, Bəşər Əsəd üçün heç bir meyar yoxdur və o, bu 4 ildə heç bir nəticə çıxarmayıb...

Bəli, bu adamlar - diktatorlar bəlkə o üzdən belə davranırlar ki, millətlərini bir heç sayırlar. Hitler - bəli, o ağılsız vəhşi düşünürdü ki, müharibədə məğlub olmuş, onun ambisiyalarını ödəməmiş bir millət kimi, almanlar ondan sonra hətta yaşamaq hüququna da layiq deyillər!..

Tarix nə göstərdi?

Amma tarix nə göstərdi? Göstərdi ki, yaşamaq hüququna layiq olmayan bir subyekt varsa, o da elə diktatorların, despotların özləridir. Millətsə heç vaxt bu hüquqdan məhrum edilə bilməz...

Bunu düşünmək belə mümkün deyil. Kim belə düşünə bilər? Bəli, məhz o diktatorlar, özü-özündən “Stalindən sonra nə olacaq?”– deyə soruşan Stalinlər, xalqına “Yaşamağa layiq deyilsən!” deyən Hitlerlər və onların kiçik, cırtdan “kopiya”ları-Bəşər Əsədlər..


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG