Keçid linkləri

Təcili xəbərlər

Unutmuşuqsa, bağışla...


Elmar Hüseynov
Elmar Hüseynov

-

ÖZÜMÜZ SENZORA ÇEVRİLMİŞİK...

Elmarın da qətlindən düz 10 il ötdü. Axır vaxtlar ürəklərimiz o qədər soyuyub ki, dostdan danışmağı da yadırğamışıq - hər bir sözü, az qala, min dəfə ölçüb-biçir, dünyanın ən qəddar senzoru kimi, fikirlərimizi dönə-dönə redaktə edirik...

Bu, bəlkə də heç bizdən də asılı deyil: həyatda qalanlara səbir diləmək bədbəxtlik üz vermiş insana digərlərinin edə biləcəyi yeganə kömək və yeganə təsəllidir...

Amma səbir edə-edə bir də görürük ki, səbrimizlə dünyanın, bəlkə də, ən böyük ədalətsizliyinin, haqsızlığının üstünü ört-basdır etmişik, dünyanın, bəlkə də, ən qəddar qatilləriylə «cinayət ortağı» olmuşuq...

ACİZ OLDUĞUNU ETİRAF ETMƏK...

Amma nə etmək olar? İnsan üçün ən ağır şey aciz olduğunu etiraf etməkdir. Hər il - Elmarın qətlinin hər ildönümündə yazarkən, özümüzün bəzi məsələlərdə nə qədər aciz olduğumuzu əyani şəkildə başa düşür, anlayırıq...

Amma başqa yol da yox. Yaşamalı və Elmarı yaşatmalıyıq. Onun buna ehtiyacı vardı, ya yox, - bilmirəm. Amma adama elə gəlir ki, insanlar ta o vaxta qədər yaşayırlar ki, kimsə onları anmış, xatırlamış olsun...

O BİZƏ JURNALİSTİKANI QAYTARDI...

Elmar nə etdi? Bu sualın cavabını ən geniş kontekstdə açmaq bizim üçün çətindir. Amma bu sətirlərin müəllifi üçün çox şey etdi, demək olar, onu yenidən öz peşəsinə qaytardı...

O vaxt jurnalistikadan tamam-kamal küsmüşdük və düşünürdük ki, jurnalistika Yerüzünün ən əskik, ən aşağı peşəsidir. Amma Elmar ölümü ilə bu fikri alt-üst etdi və gözümüzdə, bəzən «dünyanın ən qədim peşəsi» kimi aşağılandırılan jurnalistikanı bir daha diriltdi, onu ucaltdı. Anladıq ki, əslində, bu son illərdə əskilən müstəqil jurnalistika deyil, onun siyasi opponentləridir, məhz onlar sözün dəyərini, çəkisini öldürmək və onu cəmiyyətin gözündə heçə endirmək üçün medianı min bir çirkaba bulaşdırırlar...

O vaxt sanki çox jurnalist öz peşəsini yenidən kəşf etdi, onu yenidən tanıdı. Beləcə, jurnalistika yaşadı. Düzdür, bunun üçün insanlardan böyük fədakarlıq və əzm tələb olundu. Amma buna dəyərdi...

Son illərdə jurnalistikada elə yeni adlar meydana çıxdı, elə cəsarətli insanlar peyda oldu ki, adam 5 il, 10 il əvvəl belə olacağını, bu cür adamların tapılacağını ağlına da gətirməzdi...

BU, HEÇ DƏ TƏSƏLLİ DEYİL...

İnsana aciz olduğunu anlamaq nə qədər ağırdırsa, əbəs yerə yaşamadığını başa düşmək, dərk etmək də bir o qədər xoşdur...

Kimsə bunları bir toxtaq, bir təsəlli kimi, bəlkə də aciz, ətrafında heç nəyi dəyişmək iqtidarında olmayan, az qala marginal bir insanın təsəllisi kimi qəbul edə bilər. Amma belədirmi? Düşünmürük...

Son illərdə jurnalistikada elə yeni adlar meydana çıxdı, elə cəsarətli insanlar peyda oldu ki, adam 5 il, 10 il əvvəl belə olacağını, bu cür adamların tapılacağını ağlına da gətirməzdi...

ÇOX ŞEY EDƏ BİLMƏSƏK DƏ...

Bir qədər əvvəl ümumi acizlikdən gileyləndik. Düzdür, bu illər ərzində çox şey edə bilməsək də, hətta Elmarın qatillərinin tapılıb cəzalandırılmasına nail ola bilməsək də, başqa çox maraqlı işlər oldu...

Əvvəllər ölkədə yüz-yüz əlli adam yazırdı və müstəqil jurnalistikanın əleyhdarları onları susdurmaq üçün dəridən-qabıqdan çıxırdılar. Hətta son illərdə elə təsəvvür yaranmışdı ki, bu adamlar sanki istədiklərinə nail olublar və kağız mətbuatı, demək olar, sıradan çıxarıblar...

O deyirdi ki, həvəsi olan həvəskar həvəsi olmayan peşəkardan qat-qat yaxşıdır. İndi ictimai jurnalistikanı da həvəskarların meydanı adlandırmaq olar.

...Amma üzdən belə görünürdü. Bir vaxt yüz-yüz əlli adam yazırdısa, indi, az qala, hamı, bütün cəmiyyət yazır və kağız mətbuatı ram etdiklərini, sıradan çıxardıqlarını düşünənlər indi əsl möcüzə ilə - bu dəfə artıq ictimai jurnalistika ilə üz-üzə qalıblar...

Onu da susdurmaq üçün dəridən-qabıqdan çıxırlar - guya ictimai jurnalistika insanların əxlaqını pozur, ailələri dağıdır və s. və. i. Amma əbəs yerə, əslində, onlar - «azad söz ovçuları» anlamalıdırlar ki, insanların ürəyində toplanmış enerji, bəzən də acı və nisgil mütləq bir yol tapıb dişarıya çıxmalıdır...

ADAM YAZIYA GÖRƏ PUL ALMAĞA DA UTANIR...

Bunun adını nə istəyirsiniz, onu da qoyun. Amma mahiyyət eynidir. Bir vaxt Elmar da, elə biz jurnalistlərin hamısı da tək görünürdük...

Ancaq ictimai jurnalistika meydana çıxınca, elə şeylər yazıldı, elə ifadələr tapıldı ki, özümüz də mat qaldıq. Bəzən elə olur ki, adam bir peşəkar jurnalist kimi yazdıqlarının əvəzində pul almaqdan da utanır, axı insanlar pulsuz-filansız böyük informasiya şəbəkəsi yaradıblar...

Burada Elmarın bir sözü yadımıza düşür. O deyirdi ki, həvəsi olan həvəskar həvəsi olmayan peşəkardan qat-qat yaxşıdır. İndi ictimai jurnalistikanı da həvəskarların meydanı adlandırmaq olar. Amma kim deyə bilər ki, həqiqətən də həvəsi olan bu həvəskarlar bundan sonra hələ nələr yazacaqlar? Bəlkə elə bir vaxt gələcək ki, bizi - özünü peşəkar sayanları da ötüb keçəcək və insanların media və bütövlükdə jurnalistika haqqındakı təsəvvürlərini alt-üst edəcəklər?..

O vaxt nə deyəcəyik? Deyəcəyik ki, Elmar, unutmuşuqsa bağışla, başımız bu ictimai jurnalistika ilə yarışa elə qarışmışdı ki...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG