Keçid linkləri

Təcili xəbərlər

İnflyasiya psixologiyası...


İnflyasiya
İnflyasiya

-

SOYUQ HAVALAR OLMASAYDI...

Bu son bir həftədə azərbaycanlıların böyük əksəriyyəti üçün əsl bəd xəbər manatın rəsmi kursunun dəyişdirilməsi haqqında xəbər oldu. Düzdür, ilk günlərin qarlı və şaxtalı havası bu xəbərin şokunu bir qədər azaltdı, axı soyuq havalar ucbatından adamlar dərhal alış-verişə çıxa bilmədilər. Di gəl, az sonra – elə ertəsi gün inflyasiyanın ilk böyük həmləsini hiss etdilər...

Amma şok yenə də yaşandı - əvvəlcə dollar, sonra da manat qıtlığı yarandı. Ola bilsin, kimlərsə kursun ilk «rəqs»lərindən – oynaşmalarından faydalanmağa çalışdı...

Ən bəd xəbərsə siqaretçəkənləri gözləyirdi: bircə günün içində bəzi siqaretlər düz 50 faiz bahalaşdı... Bəzi digər mallarsa bir başqa problem yaşatdı – məzənnə dəyişikliyinin ertəsi günü belə xəbərlər yayıldı ki, bir çox mağaza malların qiymətlərini «tənzimləmək» üçün malların satışını dayandırıb...

BİR SƏBƏBDƏN YARANIR, ON SƏBƏBDƏN GÜCLƏNİR...

Elə bu detaldan görünür ki, inflyasiya bir səbəbdən yaranırsa da, bir neçə səbəbdən əlavə güc qazanır. Məsələn, psixoloji amillərdən impuls alır - alıcılarla satıcılar arasında inamsızlıq, qorxu-ürkü və panika yaranır. Bu da özünü onda göstərir ki, qısa müddətə ya qiymətlər fantastik dərəcədə sıçrayır, ya da ki, vitrin və piştaxtalar boşalır...

Təbii ki, nə kursun dəyişməsi, nə də növbəti bahalıq dalğasının gəlməsi elə də qeyri-adi hadisə deyil. Prinsipcə, bu, əvvəlcədən gözlənirdi...

Sadəcə, hökumətin gözündə bu vaxta qədər toplanmış valyuta ehtiyatı o qədər böyük görünürdü ki, onlar belə halları az qala istisna edir, hətta əcnəbiləri belə əmanətlərini manatla saxlamağa çağırırdılar...

Amma ya vəlvələdən, ya da zəlzələdən, bu, artıq baş verib. Hətta belə bir faktı da etiraf etməyə məcburuq ki, maliyyə qərarları, adətən, öz qəfilliyilə seçilir, proses qəfil baş verir. Bu qərar da bir neçə gün əvvəldən elan olunsaydı, bəlkə daha artıq sosial panika yaşanacaqdı...

NÖVBƏTİ TƏNZİMLƏNMƏYƏDƏK...

İndi proses gedib, əsas iqtisadi «oyun» başlayır. Bu oyunda ya bazar, ya da dövlət, ya da hər ikisi birgə hər şeyi təzədən tənzimləməlidirlər...

Təbii, burada başqa bir faktor da var. Bu da neftin və qazın qiymətidir. Ona görə də indiki inflyasiyanı böyük uğurla «Putin inflyasiyası» adlandırmaq olar...

Demirik ki, tənzimlənmə olmayacaq. Olacaq. Sadəcə, bir az vaxt lazımdır. Bu prosesdə ən ağrılı məqam odur ki, istehlakçı adlanan təbəqənin üstünə olduqca ağır yük düşəcək.

Təbii, burada başqa bir faktor da var. Bu da neftin və qazın qiymətidir. Ona görə də indiki inflyasiyanı böyük uğurla «Putin inflyasiyası» adlandırmaq olar...

Əgər bu gün Vladimir Putin geri çəkilsə, Ukraynadan əlini götürsə, neftin və qazın qiyməti çox tez bir zamanda yenə də qalxa bilər...

Sözsüz ki, bu, ölkə içində qərarlaşmış qiymətlərə artıq təsir etməyəcək, ona görə ki, necə deyərlər, bir dəfə qalxan qiymət bir daha enmir, onu yalnız bircə yolla «endirmək» olar - milli valyutanı denominasiya etməklə...

Elə bu səbəbdən də neftin qiyməti artsa, digər qiymətlər qalacaq, amma vətəndaşların və dövlətin gəliri bir az çoxalacaq və bu, ona gətirib çıxaracaq ki, əhali qiymətlərin ağırlığından bir qədər qurtulacaq...

Bunlar, təbii ki, ehtimal və ssenarilərdir. Böyük Wolfgang Goethe demişkən, nəzəriyyələr quru, amma həyat həmişə yamyaşıldır.

İNSANLAR DEYİNMƏYƏ BAŞLAYACAQ...

Ona görə də azacıq gözləmək lazım gələcək, ən çətini birinci həftə və yaxud birinci ay olacaq. Sonra şok, ən azı,psixoloji cəhətdən çəkiləcək və insanlar daha heyrətlənməyəcəklər. Daha «heç filan qiymətə də filan şey olar?» deməyəcəklər, onlar sadəcə, mızıldanmağa və deyinməyə başlayacaqlar...

Bütün bu deyinmə və mızıldanmalarsa nəyə gətirib çıxaracaq, - bax bunu demək artıq çətindir. Hətta elə ola bilər ki, ciddi sosial narazılıq yaranmasın, axı bir neçə il öncəki böyük bahalaşma gözəçarpan sosial etirazlar doğurmadı. Bəlkə bu dəfə də elə olacaq, kim bilir?!

Nə qədər bəlağətli nitqlər söylənsə də, Azərbaycan iqtisadiyyatı da xammal satışı üzərində qurulan iqtisadiyyatdır. Bu iqtisadiyyatın, tutalım, Gürcüstan iqtisadiyyatından fərqi neftdən və qazdan gələn gəlirlər deyildimi?..

AZƏRBAYCAN MÖCÜZƏSİ HAQDA DEYİLƏNLƏR...

Əsas odur ki, prosesdən düzgün nəticə çıxarılsın. Bu proseslərin əsas nəticəsi nədir? Aydın oldu ki, qeyri-neft sektoru haqqında az qala zildən siyasi nəğmələr oxunsa da, ölkə iqtisadiyyatı çox ciddi şəkildə neftdən asılıdır...

Bir məsələ də bir qədər aydın deyil. Deyirlər ki, milli valyutanın qiymətini sabit saxlamaq üçün dövlət hər il bir-iki milyard dollar xərcləyirmiş. Daha yaxşı olmazdımı ki, bu vəsaitin heç olmasa, yarısı iqtisadiyyata yönəldilsin? Bəlkə həmin vəsait neftdənkənar sektorun inkişafına yönəldilsəydi, daha səmərəli olardı?...

Hər halda, hökumət bu haqda düşünməlidir. Hətta sovet dövründə iqtisadi inkişafın iki yolu göstərilirdi: intensiv və ekstensiv. Bunlardan biri xammalın istismarına yönələn, sırf xammal üzərində qurulan inkişaf idi...

Nə qədər bəlağətli nitqlər söylənsə də, Azərbaycan iqtisadiyyatı da xammal satışı üzərində qurulan iqtisadiyyatdır. Bu iqtisadiyyatın, tutalım, Gürcüstan iqtisadiyyatından fərqi neftdən və qazdan gələn gəlirlər deyildimi?..

Kaş elə olsun ki, ikinci - bu dəfə artıq professional şok yaşanmasın. Axı birdən məlum olar ki, bu illər ərzində ölkə iqtisadiyyatı Gürcüstan iqtisadiyyatı ilə müqayisədə elə də irəli getməyib..

Bunu biləndə məmurlar nə edər? Dərhal ürəklərini tutmazlarmı? Təbii ki, onlar həqiqətən də bu ölkənin taleyinin fərqindədirlərsə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG