Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə «iranlaşma» sindromu


Vladimir Putin və İlham Əliyev Rusiya hərbi gəmisində - 2013
Vladimir Putin və İlham Əliyev Rusiya hərbi gəmisində - 2013

-

AZALIB-ARTAN MÜSTƏQİLLİK...

Hansımız bu hissləri keçirməmişik? Əlimiz hər şeydən üzüləndə, hər şeyin itirildiyini və bir daha geri qayıtmayacağını görəndə, bu vaxta qədər etdiklərimizin də heç nəyi dəyişmək iqtidarında olmadığını anlayanda bir təsəllimiz olub: özümüzə demişik ki, nə olsun, Azərbaycan ki müstəqildir!..

Bu, son təsəllimiz olub. Hətta ağlımıza da gətirməmişik, daha doğrusu, bunu düşünməyədə cəsarət etməmişik ki, bir gün bu məsələyə də hansısa mənada kölgə düşər və başlarıq ölkənin müstəqilliyinə şübhə etməyə...

AZƏRBAYCAN RUSİYADAN EHTİYATLANIR, YOXSA...

Nədən bunları demək məcburiyyətində qaldıq? Artıq bir neçə dəfə vurğulamağa çalışmışıq ki, rəsmi Bakının amerikafobiyasının arxasında tamam başqa mətləblər dayanır...

Azərbaycan Avropa Şurasında Rusiyaya qarşı sanksiyalara etiraz edəndə, bu fikir bir az da gücləndi...

Başa düşdük ki, ölkə Rusiyadan ehtiyat edir, özü də çox ehtiyat edir. Amma o vaxt da, elə indi də düşünürük ki, bu, təkcə müəyyən milli maraqların diktə etdiyi qorxu deyil; bəlkə də ən doğrusu bu olardı ki, birdəfəlik etiraf edəsən ki, Azərbaycan hakimiyyəti Rusiyadan çox asılıdır...

O dərəcədə asılıdır ki, hətta hakimiyyət düşərgəsində Rusiyaya müəyyən mənada «lobbiçilik» edən güclü siyasi cinah da var...

Əslində, Rusiya prezidenti Vladimir Putin iki il əvvəl hərbi gəmilərin müşayiətilə Bakıya təşrif buyuranda və növbəti dəfə ölkədəki seçkilərə «xeyir-dua» verəndə və bunun müqabilində bir milyard dollarlıq sazişlə yola salınanda anlamalıydıq ki, arxayınçılığa çox da böyük əsaslar yoxdur...

Amma o vaxt ictimaiyyət bu siqnalı düzgün tuta bilmədi, çünki həmin vaxt bütün müxalifət olmasa da, onun çox əhəmiyyətli hissəsinin özü də Rusiyadan nicat gözləyirdi və hamı bir sual üstündə baş sındırırdı ki, görən, Rusiya hansı namizədin üstündə dayanacaq?

Rusiya seçimini etdi və indiki hakimiyyətin üstündə dayandı... İndi də rəsmi Bakı seçim məqamında Rusiyanın üzərində dayanır...

Təbii ki, son aylarda baş verən olaylar Azərbaycana bir qədər ehtiyatlı davranmağı diktə etməli idi... Di gəl, Roma papasından daha böyük xristian kimi görünməyə də dəyməzdi...

BİR FOBİYADAN O BİRİSİNƏ KEÇMƏMƏK ÜÇÜN...

Elə təsəvvür yaranmasın ki, fobiyaya yeni fobiya ilə cavab veririk. Yox, çalışırıq ki, Rusiyanı əvvəlki kimi müdhiş bir ölkə kimi təsəvvür etməyək. Amma hamı şərqi Ukraynada nələr baş verdiyini televiziyalardan öz gözlərilə görür, xəbərləri eşidir...

Dünya boş yerə dəli olmayıb. Əgər rusiyalı müğənni, özü də məşhur müğənni «Mənim ölkəm dəli olubmu?»- deyə oxuyursa, deməli burada nəsə var...

Təbii ki, son aylarda baş verən olaylar Azərbaycana bir qədər ehtiyatlı davranmağı diktə etməli idi... Di gəl, Roma papasından daha böyük xristian kimi görünməyə də dəyməzdi...

«ARANI VURAN» AMERİKALI HƏMSƏDRMİ?..

İndi konkret olaraq nə baş verir? Doğrusu, Minsk Qrupunun amerikalı həmsədrinin fəaliyyətini fərdi şəkildə izləmirik və çox vaxt da bilmirik ki, o özünün sosial şəbəkələrdəki səhifələrində Azərbaycan haqda nə yazır...

Düzdür, həmsədr ölkələrin Minsk Qrupundakı təmsilçilərinin təyinat praktikası bir o qədər də aydın deyil.

Amerikalı həmsədr James B. Warlick
Amerikalı həmsədr James B. Warlick

Amma bir məsələ var ki,narazılıq və həqiqətən də problem varsa, Azərbaycan bu təyinatlara təsir göstərməyin yollarını aramalı, buna görə ABŞ-dan küsməməli, əksinə, bu ölkə hökumətinin diqqətinə çatdırmalıdır ki, Minsk Qrupunun həmsədri, ən azı, tərəfsiz adamlar sırasından seçilməlidir...

Amma əvəzində nə görürük? Deyirlər ki, filankəs filan qəzetdə Azərbaycan hakimiyyətinin əleyhinə müsahibə verib. Gəlin fikirləşək və görək, filankəsin mövqeyi nə dərəcədə ABŞ hökumətinin mövqeyini əks etdirir?..

Güman etmirik ki, hakimiyyətdə belə sadə şeyləri bilən yoxdur. Yox, onlar hər şeyi çox gözəl bilirlər. Bəs onda problem nədədir? Amerikalı həmsədrin sosial şəbəkələrdəki yazılarındamı?..

RƏSMİ BAKI TEHRANI ÖTÜB KEÇİB...

Arabir elə təəssürat yaranır ki, sanki rəsmi Bakı ABŞ-la müharibə ərəfəsindədir. Bir vaxt İran Azərbaycan hökumətindən bəzi şeylər tələb edəndə buna qətiyyən yol vermirdilər. Hətta o vaxt Azərbaycan rəsmilərindən birinin dediyi sözlər indi də yadımızdadır; o demişdi ki, İran istəyir ki, biz onun dostları ilə dost, düşmənlərilə düşmən olaq...

İndi isə İran rahat ola bilər; Azərbaycan hökuməti öz amerikafobiyası ilə İranı da ötüb keçib...

İndi İran rahat ola bilər; Azərbaycan hökuməti öz amerikafobiyası ilə İranı da ötüb keçib...

Nədən bu məsələlərə bir qədər emosional reaksiya veririk? Səbəbi sadədir. Bu vaxta qədər belə hesab etmişik ki, Azərbaycanın nicatı və inkişafı Qərblə, xüsusən ABŞ-la konfrontasiyada yox, onlarla konstruktiv əməkdaşlıqdadır.

Amma indi elə təəssürat yaranır ki, rəsmi Bakı münasibətləri yoluna qoyacaq məqamları deyil, əksinə, onları kəskinləşdirə biləcək məqamları qabardır...

Bu, hələ hamısı deyil. Ən maraqlısı bilirsiniz nədir? Hakimiyyət ABŞ-la bağlı öz «dinləmə»lərini keçirir. Orada hamı Qərbi, xüsusən ABŞ-ı «tənqid» edir. Olsun...

Di gəl, dərhal sual yaranır: Bəs müxalifət – indiyədək özünə «qərbçi» deyən müxalifət haradadır? Onlar niyə «dinləmə»keçirmir?..

Və yaxud hakimiyyət təmsilçiləriylə dialoqa qatılan müxalifətçilər niyə onların diqqətinə çatdırmırlar ki, anti-Qərb, anti-ABŞ ritorikası Azərbaycana elə bir yüksəklik gətirmir, onun imicini aşağı salır və ölkəni İranla, Şimali Koreya ilə bir sırada tutmağa əsas verir...

PARLAMENT VARSA, DİNLƏMƏLƏR DƏ OLMALIDIR, AMMA...

Təbii ki, hər bir ölkə başqa bir ölkə ilə əlaqələri barədə dinləmə keçirə, mövcud münasibətlərin təhlilini apara bilər. Bu, normal haldır. Bundan ötrü parlamentdə beynəlxalq əlaqələr komitəsi var. Üstəlik, parlament varsa, belə dinləmələr də olmalıdır, çünki parlamentin bir funksiyası da hökumətdən bu və ya digər məsələ ilə bağlı arayış istəməkdir...

Digər ölkələrdə, məsələn, Gürcüstanda hətta NATO ilə, Qərblə inteqrasiya məsələləri üzrə xüsusi nazirlik var.

Amma belə dinləmələr münasibətlərdəki problemləri aradan qaldırmaq məqsədi güdməlidir, yeni problemlər yaratmaq yox. Problem onsuz da çoxdur və avtoritar siyasi sistemlərin bir xüsusiyyəti də odur ki, onlar daim belə problemlərin sayını artırır, çünki bir siyasi mexanizm kimi effektiv deyillər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG