-
KİTAB «TAYA»LARININ YANINDAN ÖTƏRKƏN...
Bunları yazmağa, artıq tarixə qovuşmuş epoxanın ədəbiyyatına ötəri göz gəzdirməyə bizi iki detal təhrik etdi.
Birinci detal: Bakıda nəşriyyatlardan birində işlədiyimiz vaxt bəzi yazıçıların kitablarını döşəmədən tavana kimi qalanmış görər... Və hər dəfə də bu kitab «taya»sının yanından keçəndə düşünərdik ki, görən, biz buna «taya» deməkdə səhv etmirik ki?..
Düzdür, tayanı ev heyvanları üçün qurarlar. Bu «taya» isə nəşriyyatdakı kiçik gəmiricilər üçün idi...
Başqa bir detalsa odur ki, bu yaxınlarda, təxminən bir ay əvvəl bir daha «Sakit Don» filminə baxdıq. Əsəri lap çoxdan oxumuşduq. Amma kino bizə illər əvvəl yaşadığımız duyğuları təkrar yaşatdı...
ƏKSƏRİYYƏT KEÇMİŞİNİ XATIRLAMAĞI SEVMƏSƏ DƏ...
Adamlar var, sovet dövrünü xatırlamağı sevməz, bu dövrü məmnuniyyətlə öz həyatlarından qoparıb atmaq istərlər. Amma bizim belə bir fikrimiz olmayıb, indi də yoxdur...
Bəlkə də ona görə ki, o rejimlə elə bir siyasi bağlılığımız olmayıb. O dövrdə, sadəcə, uşaqlığımız və gəncliyimiz keçib. Ona görə də o dövrün ədəbiyyatı da, musiqisi də, istər-istəməz, adamda kövrək duyğular oyadır...
Bilirsiniz, dövrün özü, əslinə qalsa, nə ədəbiyyat yaradır, nə musiqi, nə də ki, başqa bir sənət - bütün dövrlərin konyunkturası da olur, əsl sənəti də...
Əsl ədəbiyyatı da, musiqini də, elə başqa sənətləri də istedadlı insanlar yaradırlar – bu, bir çox hallarda onlara böyük mənəvi iztirablar və hətta sosial məhrumiyyətlər hesabına başa gəlsə də...
«Axırıncı aşırım», «Dəli Kür» və yaxud «Yeddi oğul istərəm» filmlərindəki dialoqların sətiraltı mənalarını indi daha yaxşı anlamırıqmı?..
Bu mənada «Sakit Don» filmi qənaətimizi bir daha təsdiqlədi və qeyri-ixtiyari olaraq özümüzə dedik ki, əcəba, axı bu, həqiqətən də böyük ədəbiyyatdır!..
HƏQİQƏTİ DEMƏK ÜÇÜN NƏLƏR ETMİRDİLƏR?
Baxıb görürsən ki, yazıçı doğrudan da çox böyük ustalıq göstərib. Axı həqiqətin mənfi, yaxud müsbət qəhrəmanın dilindən səslənməsinin nə fərqi var?..
Məgər əsas o deyilmi ki, əsl həqiqət elə o vaxtlar da səslənib? Üstəlik, bu, bəlkə həmin dövrdə öz fikirlərini çatdırmaq və senzuranı aşmaq üçün yaradıcı insanların istifadə etdiyi bədii üslub və ya bədii-estetik kod idi?..
İndi həmin dövrün ədəbi-bədii nümunələrinin ekranlaşdırıldığı filmləri, xüsusən milli filmləri, eləcə də bəzi ədəbi-bədii nümunələrin özlərini də yenidən kəşf etmirikmi?..
«Axırıncı aşırım», «Dəli Kür» və yaxud «Yeddi oğul istərəm» filmlərindəki dialoqların sətiraltı mənalarını indi daha yaxşı anlamırıqmı?..
BÖYÜK SEVGİ HAQDA...
Tez-tez «həqiqət» deyəndə düşünməyin ki, sosial ədəbiyyat çərçivəsinə pərçimlənmişik. Yox, böyük ədəbiyyat həmişə böyük sevgi haqqında olur və bu sevgidən hər şey, hər kəs payını götürür...
Vaxtilə biz də yazmışıq, elə başqaları da dəfələrlə yazıblar ki, iki şeyi qarışdırmaq lazım deyil: biri var, sovet ədəbiyyatı və əsl ideoloji ədəbiyyat, biri də var, sovet dövrünün ədəbiyyatı...
Bu sevgidə hər şey olur; insan da, Yaradanın özü də və hətta adi coğrafiya da; Don çayı da, lap elə Don çölləri də romanın əsas qəhrəmanları deyillərmi?..
Adam özü də bilmir ki, bu nədir? Böyük epos? Böyük roman? Və yaxud da heç vaxt qocalmaz bir məhəbbət hekayəsi?..
Kitab (daha doğrusu, kitablar!) əlimizin altında olmadığından filmdən misallar gətirməyə məcburuq. Arvadı əsərin baş qəhrəmanına - Qriqoriyə deyir ki, saçın-saqqalın ağarıb, uşaqların böyüyüb, amma sən hələ də...
Bilirsiniz, insan həyatının nəşəsi də, faciəsi də elə budur; saç-saqqal ağarır, diş tökülür, amma bir gülüş, bir baxış, bir təravətli və işvəli yeriş şeytan olub səni bircə anın içində yoldan çıxarır...
Həyatın böyüklüyü, yaranışın tragikomizmi də elə budur; saç-saqqal ağarır, diş tökülür, amma yenə də gözün elə orada-burada, necə deyərlər, bu tumanda - o tumanda qalır...
Mikhail Sholokhov həm də bunu göstərə bilib. O göstərə bilib ki, insan budur və məhz elə buna görə də sevmək üstündə cənnətdən qovulub, heç bir ideya, heç bir nəzəriyyə bu məxluqda bir işvəli yeriş qədər təəssürat yaratmaq gücündə deyil...
Biz hətta Azərbaycan ədəbiyyatındakı 60-cı illər nəslinin yaradıcılığını heç vaxt sovet ədəbiyyatı saymamışıq...
SOVET DÖVRÜNDƏ YAZMAĞA MƏHKUM OLUNANLAR...
Bu üzdən bir daha deyirik: Vaxtilə biz də yazmışıq, elə başqaları da dəfələrlə yazıblar ki, iki şeyi qarışdırmaq lazım deyil: biri var, sovet ədəbiyyatı və əsl ideoloji ədəbiyyat, biri də var, sovet dövrünün ədəbiyyatı...
Ola bilsin, bir qədər mübahisəli görünəcək. Amma biz hətta Azərbaycan ədəbiyyatındakı 60-cı illər nəslinin yaradıcılığını heç vaxt sovet ədəbiyyatı saymamışıq... Bu insanların bir hissəsi artıq dünyasını dəyişib, bəziləri də dəyişmək ərəfəsindədir. Bəlkə gec də olsa, bu adamlara həqiqi ədəbi qiymət verməyin vaxtıdır?...
Bizim üçün M.Sholokhov da, sadəcə, sovet dövrünün yazıçısıdır. Bu mənada rus ədəbiyyatının taleyi fərqli olub, sovet dövrü ədəbiyyata hər şeyi diktə edə bilməyib - Mikhail Bulgakov da, Andrei Platonov da və bir çox başqaları da sovet dövrünün yazarları olublar...
Amma kimin dili gələr ki, onlara «sovet yazıçısı» desin? Həm də bu, yalnız adıçəkilən yazarlarla da bağlı deyil. Vladimir Mayakovsky sovet şairindən də betər sovet şairi olub! Amma kimsə, ədəbiyyatdan azacıq da olsa başı çıxan adam inkar edə bilərmi ki, Vladimir Mayakovsky həqiqətən də böyük şair idi?..
BİR GÜN ONLAR DA UÇAR...
Ona görə də kitablardan taya, ən dəhşətlisi, tonqal qalamağa tələsməyin. Onları əvvəlcə əlinizə alın və bir vərəqləyin, bəlkə də o saralmış vərəqlərdə elə şeylər yazılıb ki, onları bu günün ən əla növ kağızında tapa bilməzsən...
Yoxsa, bir gün onlar da - köhnə kitablar da qanad açıb uçar və lap elə bir uşaq filmində deyildiyi kimi: «Gedək bizi başqaları oxusunlar!» deyərlər...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.