.
Hazırda smartfonların təkmilləşirilməsi o qədər rutin halını alıb ki, istehlakçılar artıq buna vərdiş ediblər. “Washington Post”un yazdığına görə, istifadəçilər hər il daha yaxşı cihaz üçün təxminən 11 milyard dollarlarına sanki tüpürürlər.
TƏMİRƏ PUL XƏRCLƏMƏ, TƏZƏSİNİ DƏ ALMA
Finlandiyanın Circular Devices şirkətinin istehsalı olan PuzzlePhone modulyar smartfonları belə bir dövrdə ortaya çıxan azsaylı cəsarətli məhsullardan hesab oluna bilər. Google-in da geniş reklam etdiyi Project Ara layihəsi olan bu smartfonlar asanlıqla əvəz oluna bilən hissələr kimi nəzərdə tutulur. Məsələn, batareyalar və ya sınmış ekran asanlıqla dəyişdirilə bilər. Başqa sözlə, təmirə daha çox pul xərcləməkdənsə və ya yeni telefon almaqdansa, bu smartfonun hər hansısa bir hissəsini yenisi, hətta daha güclüsü ilə əvəzləmək mümkündür.
Smartfon üç əsas hissədən ibarətdir: beyin (hesablayıcı komponentlər), ürək (batareya) və onurğa sütunu (displey). İstifadəçi bu hissələri ayrı-ayrılıqda dəyişdirmək imkanına malikdir.
BƏDXƏRCLİYƏ SON
“İnsanlar var ki, daha güclü yox, sadəcə daha böyük ekran istəyir. Bunun üçün onlar 600 dollar xərcləmək məcburiyyətində deyillər. Yeni LCD sadəcə 150 dollara başa gələ bilər və ya 50 dollar batareyaya xərcləməklə istifadəçi telefonunu növbəti ilədək heç bir narahatlıq olmadan istifadə edə bilər”
Circular Devices şirkətinin təsisçisi Alejandro Santacreu belə deyir.
“Əsas məqsəd insanlara belə bir seçim verməkdir” deyə, o əlavə edir.
Santacreu iddia edir ki, başlıca istəyi bədxərclik və səmərəsizliyin qarşısını almaqdır. O öz şirkətinin əsas rolunu geniş yayılmanı stimullaşdırmaq üçün vacib olan standartlaşdırılmış ekosistemi təchiz etməkdə görür. “Biz növbəti Apple və ya Samsung olmaq iddiasında deyilik. Mən heç də digər müstəqil şirkətlərin PuzzlePhone üçün hissələr satmasının əleyhinə deyiləm. Biz əksinə deyirik ki, dəstək göstərmək üçün burdayıq” – Santacrue belə deyir.
QİYMƏTİ ORTABAB OLACAQ
Sözügedən smartfonların bu ilin ikinci yarısında satışa çıxarılacağı gözlənir. İlkin pərakəndə satış qiyməti bəlli olmasa da, şirkət təsisçisinin dediyinə görə, söhbət bazarda digər smartfonlara nisbətdə orta bir məbləğdən gedəcək.
“Biz başa düşürük ki, layihəmiz əbədi bir şey olmayacaq, amma biz 5-10 il istifadə oluna bilən bir şey yaratsaq çox xoşbəxt olarıq” – deyə Santacreu əlavə edir: “Hər bir kəs ona hazırda malik olduğundan daha yaxşı xidmət göstərəcək bir cihaza layiqdir”.