Keçid linkləri

Təcili xəbərlər

Bir şair köçdü bu dünyadan...


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

-

NİHİLİSTLƏRLƏ KİÇİK POLEMİKA...

Bir neçə il bundan əvvəlin söhbətidir. Ədəbiyyatdan söhbət edirdik. Həmsöhbətimizdən biri ele hey Səməd Vurğunun “günah”larından danışır, onun öz istedadını necə sovet hakimiyyətinin maraqlarına qurban verməsindən gileylənirdi...

Bəlkə də onun bu “mülahizə”lərinə reaksiya verməmək də olardı. Amma həmsöhbətim sözünün yekununa çatıb “Azərbaycan ədəbiyyatında S.Vurğun adlı şair qalmayacaq!” deyəndə dözə bilmədim, qayıtdım ki, Səməd Vurğunu ən azı Yusif və Vaqif Səmədoğlulara görə anacaqlar, amma səni isə heç kim xatırlamayacaq...

Sonradan bir az sərt cavab verdiyimə görə özümü də qınadım. Amma nə etmək olar? Mən də nihilistləri sevmirəm... Əgər nihilizm kreativ olsa və inkar edilənlərin əvəzinə yeni dəyərli nəsə təklif edilsə, bunu başa düşmək olar, amma əksər hallarda total nihilistlərə daha çox təsadüf edilir, onların işi-gücü isə yalnız inkar etməkdir...

ADAMLAR VAR Kİ, ONLAR HAQQINDA HƏMİŞƏ YAXŞI DANIŞIRLAR...

Bu kiçik girişi niyə etdim? Dünən şair Vaqif Səmədoğlu vəfat etdi. Adamlar var ki, onların haqqında yalnız öləndə yaxşı şeylər deyirlər, adamlar da var ki, onların haqqında həmişə yaxşı danışırlar...

Vaqif Səmədoğlu məhz ikincilərdən idi- onun haqqında hamı və həmişə yaxşı şeylər danışırdı...

İki şair vardı ki, onlar haqqında təbəssümsüz danışmaq mümkün deyildi. Bu iki şair haqqında, onların dostlara-tanışlara münasibəti, ümumiyyətlə, həyata və dünyaya baxışlarıı haqqında o qədər xoş, bir az da gülməli şeylər danışmışdılar ki, bu adamları təbəssümsüz yada salmaq qeyri-mümkün idi... Biri Hüseyn Arif, o birisi isə Vaqif Səmədoğlu idi...

“MƏN ÖLƏNDƏ... “

İş elə gətirdi ki, hətta bəzi azərbaycanlı şairlərin və yazıçıların əsərlərilə ilk tanışlığımız rus dilində oldu. Moskva Universitetinin foyesində bir neçə kitab və qəzet köşkü vardı. Bir dəfə orada Vaqif Səmədoğlunun kitabını gördüm.

Doğrusu, adı indi heç yadımda deyil. Nə isə, kitabı aldım və dərhal da otaqda vərəqləməyə, sürətlə oxumağa başladım. Diqqətimi bir misra cəlb etdi və qələmlə onun altından xətt çəkdim...

Misranı Azərbaycan dilinə təbii ki, bədii tərcümə kimi çevirə bilmərəm. Amma mənası bu idi ki, mən öləndə məni isti geyindirərsiniz...

İlk baxışda qeyri-adi heç nə yox idi, adi şeir və adi misra idi. Amma onu oxuyanda rütubətli məzarın soyuğu keçdi sanki canımdan və mən məzarın soyuğunu duydum...

Sonradan Vaqif bəy deyirdi ki, mən ölüm şairiyəm, ölüm haqqında məndən çox yazan yoxdur. Amma düşünürük (ola bilsin, səhv edirik!) ki, bəlkə də bu onun son vaxtlar keçirdiyi hislərlə bağlı idi, şair ağır xəstə idi və özünü ölümə hazırlayırdı...

İKİ QARDAŞ KİMİ HƏM YAXIN, HƏM DƏ UZAQ...

Onun poeziyasının ümumi xəttini müəyyən etməkdə acizəm. Mən Yusif Səmədoğlunu daha yaxşı bilirəm, nəinki Vaqif Səmədoğlunu. Onlar biri-birinə həm bənzəyirdi, həm də bənzəmirdi...

Hər ikisi bir vaxt müxalifətçi olmuşdu. Sonradan isə, necə deyərlər, yollar ayrılmışdı. Vaqif bəy də müxalifətdə bir xeyli vaxt keçirdi və sonra da gedib deputat oldu. Amma müxalifətçilərdən heç kimin onun haqqında pis, aşağılayıcı tonda danışdığını eşitmədik. O, özü isə deyirdi ki, mən onlara-müxalifətçilərə qəlyan çəkməyi öyrətdim, onlar mənə nə öyrətdi?..

BİR ŞEİR PARÇASI...

Onun müxalifətçiliyini də bir poeziya aktı, sərbəst vəzndə yazılmış, dağınıq bir şeir kimi qəbul edirdilər. Hamı gözləyirdi ki, bu şeir bir gün bitə bilər, bir gün onun son misrası yazıla bilər...

Bir gün şeir həqiqətən də bitdi... Hamı da bunu çox sakit qarşıladı... Bəlkə də başqa nəsə də oldu... Amma ümumilikdə hər şey çox sakit keçdi...

Adamlar da cürbəcür olurlar. Elələri olur ki,

partiya funksionerləri dərhal başa düşür ki, onu özünküləşdirə, bir partiyanın adamı edə bilməyəcəklər. Haradasa Vaqif bəy də belələrindən idi. Niyə də yox? O dövrdə o, artıq tanınmış və hamı tərəfindən etiraf olunan şair idi... Belələrinin adının əvvəlində ümumilli sözünü yazanda elə bir narahatlıq keçirmirsən...

Onun özünün də elə bir siyasi iddiası yox idi. Partiyaya gələndə hamı başına toplaşırdı. Heç kim ondan qeyri-adi siyasi açıqlama-filan gözləmirdi. Düzdür, şairlər, yazıçılar özlərinə siyasətçi deyənlərə bir az ironiya ilə yanaşırlar. Hətta bir neçəsi müsahibə verərək özünü “Filankəsdən sonra ən böyük siyasətçi” saydığını da demişdi...

Amma Vaqif bəyin siyasəti onun Səməd Vurğunun oğlu olması, yaşadığı ömür, yazdığı şeirlər və bir də ki, zarafatları idi...

Bir gün o, bu dünyadan baş götürüb getdi. Şeirlər isə qaldı... Zarafatlar qaldı...

Heç kim də demədi ki, bu dünyadan siyasətçi köçdü... Hamı dedi ki, bir ŞAİR getdi bu dünyadan...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG