.
BU ÖLKƏDƏ ADAM DAHA HEÇ NƏYƏ TƏƏCCÜBLƏNMİR...
Meyarlar itəndə çox şey ola bilir. Ona görə də eşidəndə ki, ABŞ-da insan haqlarının vəziyyətilə bağlı Azərbaycanda “dinləmələr” keçirilib, bir o qədər də təəccüblənmədik - nədən olmasa da, siyasətdə reallıq hissinin itirilməsinin fəsadlarından bəlkə də hamıdan çox yazmışıq...
Dünyada onlarla dövlət var. Bu dövlətlərin əksəriyyətində insan haqlarının vəziyyəti ABŞ-ın diqqətində olur. Təbii ki, tənqid olunan, qınanan ölkələrin də təmsilçiləri çalışırlar ki, hansısa formada ABŞ-ı “sancsınlar”... Amma bu ikili münasibətlərdə total dəyişikliklərə gətirib çıxarmır...
TƏCRİDÇİLİKDƏN İNSAN HAQLARI DİPLOMATİYASINA QƏDƏR...
Media xəbərlərinə görə Bakıdakı “dinləmələr”in bir detalı da ABŞ-ın xarici siyasətindəki “paradokslar” olub. Amma doğrudanmı burada “paradoks” var?
Bu yerdə Henry Kissinger-in “Diplomatiya” əsərini oxumaq kara gələ bilər...
Uzun müddət ABŞ-da iki diplomatiya konsepsiyası toqquşub.
Bir qisim belə hesab edib ki, Avrasiyadan uzaqda olduğuna görə bu ölkə dünya işlərinə qarışmamalı, digərləri isə düşünüblər ki, əksinə, ABŞ dünyadakı proseslərdə yaxından iştirak etməli və öz təcrübəsini, dəyərlərini başqa ölkələrə yaymağa çalışmalıdır.
SSSRİ-nin məşhur amerikanistlərindən olan məşhur Valentin Zorin sovet televiziyasının siyasi şərhçisi və çox məşhur beynəlxalq jurnalist idi... SSRİ-nin süqutundan sonra bu adam illərlə yalançı anti-amerikan təbliğatı ilə məşğul olduğuna və insanları aldatdığına görə üzr istədi!..
20-ci əsrdə birinci tendensiya üstünlük təşkil etdi və qalib oldu. ABŞ prezidentləri xarici siyasətə prinsiplər gətirdi, beynəlxalq hüquq formalaşmağa başladı və tədricən insanlar (təbii ki, siyasətçilər!) buna alışmağa başladılar...
20-ci əsrin ikinci yarısında isə ABŞ-ın xarici siyasətində bu proses daha da dərinləşdi. Bu ölkə insan haqlarını diplomatik münasibətlərin predmetinə çevirdi, yəni tərəfdaş olduğu ölkələrdə insan haqlarının və demokratiyanın, xüsusən də bazar iqtisadiyyatının vəziyyətinə diqqətli olmağa çalışdı...
Belə tendensiya xüsusən James Karter-in prezidentlik müddətində daha da qabardı. Və hətta belə bir ifadə də formalaşdı: Karter-in insan haqları diplomatiyası...
Qərəz, ABŞ siyasətində insan haqları ilə diplomatiyanın çulğalaşmasının qısa, bir neçə sətirlik “xronolojisi” budur.
Əgər ABŞ demokratik dövlət olmasaydı, qüdrətli bir dövlətə çevrilməsəydi, o halda onun digər ölkələrdəki vəziyyəti təftiş etmək cəhdləri Azərbaycanın ABŞ-da “insan haqlarınını vəziyyəti”ni araşdırması kimi çox gülünc görünərdi...
VALENTİN ZORİN NİYƏ ÜZR İSTƏMİŞDİ?..
Belə cəhdlər, özü də daha böyük, qat-qat böyük miqyaslarda keçmiş SSRİ-də olurdu - ABŞ haqqında “monoqrafiya”lar yazılır, filmlər çəkilir, anti-Amerika təbliğat “rolik”ləri hazırlanırdı...
O dövrün özünün məşhur amerikanistləri vardı. Bu adamlar ABŞ-ın siyasəti və iqtisadiyyatı üzrə mütəxəssis hesab olunurdular. Onlardan biri də məşhur Valentin Zorin idi. Bu adam professor idi, SSRİ televiziyasının siyasi şərhçisi və çox məşhur bir beynəlxalq jurnalist idi...
Bu adamı yaşlı adamlar çox yaxşı xatrılayır. Qərəz, SSRİ-nin süqutundan sonra bu adam görün, neylədi? O özünün jurnalistlik fəaliyyətinə görə bütün keçmiş sovet xalqından üzr istədi! Bəli, bu adam illərlə yalançı anti-amerikan təbliğatı ilə məşğul olduğuna və insanları aldatdığına görə üzr istədi!..
Bu misalı niyə xatırladıq? Sadəcə, anti-amerikan təbliğatının finalını göstərmək istədik. Yox, heç vaxt hesab etməmişik ki, ABŞ ideal dövlətdir, dünyada, hətta təbiətdə ideal heç nə yoxdur, təsadüfi deyil ki, fizik və kimyaçı qardaşlarımız bir ideal model təklif edəndə dərhal deyirlər ki, bəs bu, bir qədər təcrübədən uzaq və mücərrəd modeldir...
YUMOR HİSSİ YAXŞIDIR, AMMA...
Ona qalsa, heç demokratiyanın özü də ideal deyil. Burada Winston Churchill-in bir fikri yada düşür ki, demokratiya ideal deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını icad edə bilməyib...
Əgər ABŞ demokratik dövlət olmasaydı, qüdrətli bir dövlətə çevrilməsəydi, o halda onun digər ölkələrdəki vəziyyəti təftiş etmək cəhdləri Azərbaycanın ABŞ-da “insan haqlarınını vəziyyəti”ni araşdırması kimi çox gülünc görünərdi...
Bəs, indi nə olub? Bu ölkədə nə baş verir? Bəlkə Azərbaycanda demokratiyadan ideal model tapıblar? 20 və 21-ci əsrlər dünyaya yeni bir siyasi fəlsəfə gətirdi. Azərbaycan da bu fəlsəfəni BMT-yə və ATƏT-ə, xüsusən də Avropa Şurasına üzv olarkən qəbul etdiyini bəyan etdi. Ona görə də bəzi nüansları təkrar-təkrar xatırlatmağa adam, necə deyələr, utanır...
Avropa Şurası 2 fundamental prinsip üzərində bərqərar olub. Bunlardan biri insan haqlarının universiallığı, digəri isə insan haqlarının aliliyidir. Bu prinsiplərdən belə bir siyasi fəlsəfə yaranır ki, insan haqları ən azı heç bir Avropa dövlətinin “daxili işi”, necə deyərlər, “iç problemi” deyil...
Azərbaycan ABŞ-da insan haqlarının vəziyyətilə bağlı “dinləmələr” keçirə bilərmi?
Bilər. Yəqin ki, amerikalılar buna çox sakit yanaşacaq. Amma hər hansı bir dövlət bu “dinləmləri” ciddi qəbul edəcəkmi? Məsələ də bundadır ki, etməyəcək. Bunu bilə-bilə niyə dünyanı özünə güldürəsən ki?...
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.