Keçid linkləri

Təcili xəbərlər

Bələdiyyə seçkiləri: hamı dilxor görünür, hətta hakimiyyətdəkilər də...


Arxiv fotosu: 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri dövrünün plakatları.
Arxiv fotosu: 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri dövrünün plakatları.

-

Gözlə

No media source currently available

0:00 0:04:12 0:00
Direct-ə keçid

NƏDƏN HAKİMİYYƏTDƏKİLƏR OVQATLARINI TƏLX EDİBLƏR?

Müxalifətçilərin, onların tərəfdarlarının bu ölkədə dilxor olması adi bir haldır. Burada təəccüblü heç nə yoxdur.

Amma bir də görürsən ki, hakimiyyət təəssübkeşləri də dixorluq içində vurnuxurlar. Bu, artıq həqiqətən də maraqlıdır. Bəs, nədən hakimiyyət adamları ovqatlarını təlx ediblər? Axı onların hər şeydən çox sevdikləri bir şey - hakimiyyət üçün elə bir təhlükə görünmür...

Səbəb sadədir. İki həftədən sonra ölkədə seçki olmalıdır. Amma bir-iki telesüjeti çıxsaq, seçki görüntüsü yaradan heç nə yoxdur və hakimiyyətə yaxın adamları da dilxor edən odur ki, deyəsən, bu tamaşa çox sönük olacaq - nə rəqiblər görünür, nə təbligat aparan var, nə də namizədliyinin qeydə alınmamasından qeyzlənən... Əsl ölü sükutudur. Hətta iş o yerə çatıb ki, telekanallar bu cür vəziyyətin “səbəb”lərini axtarmağa girişiblər...

BU SEÇKİNİN ƏSL SEÇKİYƏ OXŞAMASINI İSTƏYİRSİNİZMİ?

Amma əbəsdir. Qeyri-adi heç nə baş vermir. Bələdiyyə seçkilərinin əsl seçkiyə bənzəməsini istəyirsinizmi? Bunun üçün çox şey tələb olunmur, yetər ki, iki istiqamətdə fundamental dəyişiklik edəsən...

...seçki görüntüsü yaradan heç nə yoxdur və hakimiyyətə yaxın adamları da dilxor edən odur ki, deyəsən, bu tamaşa çox sönük olacaq - nə rəqiblər görünür, nə təbligat aparan var, nə də namizədliyinin qeydə alınmamasından qeyzlənən...

Birincisi, seçkilərə, lap qədim Çin filosofları demişkən, onların mahiyyətini qaytarmaq lazımdır. Birinci tələb odur ki, seçki seçki olmalıdır. Qutudan bir il əvvəldən məlum adlar deyil, insanların səs verdiyi adamların adı çıxmalıdır...

Nə qədər ki, bu yoxdur, nə seçki ilə maraqlanan olacaq, nə də seçkidə iştirak etmək istəyən. Hakimiyyəti bəlkə də o qeyzləndirir ki, adamlar niyə növbəti dəfə onlara ayrılan siyasi rolları ifa etmək, seçki görüntüsü yaratmaq istəmirlər? Bunun da üzərində baş sındırmağa dəyməz.
İnsanlar yorulublar - bu monoton siyasi tamaşalardan, get-gəl oyunundan beziblər...

Bunu gizlədən də yoxdur. Hamı açıq deyir. Sadəcə, onların səsini-sözünü çatdıran yoxdur. İndi Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Amma bu saydan bəlkə də yüz, min dəfə artıq potensial siyasi məhbus var... Bu adamlar fəal siyasi-ictimai işlə məşğul olmurlar.

Amma baş verənlərə öz tənqidi, skeptik münasibətlərini də gizlətmirlər...
Açıq deyirlər ki, iqtidar-müxalifət oyunu onları bezdirib. Heç kimə inanmadıqlarını, heç kimə etibar etmədilərini də gizlətmirlər. Eləsi var ki, öz cibində hətta hakim partiyanın biletini gəzdirir, özü də deyir ki, bunu iş yerində veriblər...

Müxalifətçilərə gəldikdə isə, onlar da bu seçkiyə maraq göstərmirlər. Əgər efir vaxtı versəydilər, platformalarını divarlara yapışdırmağa imkan versəydilər bəlkə də maraq yaranardı. Heç olmasa, sözlərini deyərdilər. Hələki, söz demək istəyən, öz fikirlərini başqaları ilə bölüşmək istəyən adamlar var bu ölkədə...

BƏLƏDİYYƏLƏRİN ƏSL İŞLƏ MƏŞĞUL OLMASI ÜÇÜN...

Amma söz verən yoxdur. Ona görə də seçki seçkiyə oxşamır. Amma bu da hələ hamısı deyil. Bələdiyyə seçkisinə marağın yaranması üçün elə bələdiyyələrin özlərinə də bir əl gəzdirmək, onlara da adlarına layiq tutum, məzmun vermək lazımdır.

Dünyanın normal ölkələrində Azərbaycandakı kimi icra aparatları, mənzil-kommunal şəbəkəsi yoxdur. Bu işlərin hamısını bələdiyyələr görür. Azərbaycanda bələdiyyələr hansı statusa malikdir, onlar nə iş görür, elə bu da hamıya bəlli...

Müxalifətçilər də bu seçkiyə maraq göstərmirlər. Əgər efir vaxtı verilsəydi, platformalarını divarlara yapışdırmağa imkan verilsəydi bəlkə də onlarda maraq yaranar, heç olmasa, sözlərini deyərdilər. Hələki, öz fikirlərini başqaları ilə bölüşmək istəyən adamlar var bu ölkədə...

Dövlət adamları özləri etiraf edirlər ki, adı korrupsiya qalmaqallarında hallanan qurumlar arasında bələdiyyələr ön sırada gedir. Təssəvvür edirsinizmi, bələdiyyə-seçkili orqan və korrupsiya!.. Seçkili orqanın adının belə qalmaqallarda, korrupsiyada hallanması, ümumiyyətlə, qeyri-adi bir şeydir...

HAMI BİRİ-BİRİNƏ NƏZARƏT ETSƏ...

Seçki əsl seçki kimi keçirilsə, bələdiyyələrə əsl yerli səlahiyyətlər verilsə, onda bu strukturlara insanların etimadını qaytarmaq olar. Bələdiyyə əsl seçkilə formalaşsa onda onun çərçivəsində isntitusional etimadsızlıq - hamının hamıya nəzarəti olacaq, daha heç kim rüşvətə, korrupsiyaya baş vurmayacaq... Ən azı hamı bundan çəkinəcək, ehtiyat edəcək...

Onda nəinki adi seçicilərin, hətta müxalifət partiyalarının da bələdiyyələrə marağı yaranacaq. İndi tutaq ki, Türkiyədə deyilir ki, filan qədər bələdiyyəyə filan partiya nəzarət edir və bu, böyük uğur hesab edilir...

Türkiyə bir tərəfə, yaxın Gürcüstanda indikindən əvvəlki hakimiyyət hakimiyyətə bələdiyyə strukturlarından gəlməmişdimi? Amma Azərbaycanda indi bələdiyyələrin bir fiksiya olması bir tərəfə, hətta indiki şəraitdə belə onlara düzgün seçki keçirmək istəmirlər!..

Ona görə də dilxorçuluq hələ çox olacaq. Çünki daha insanlar heç nəyə inanmır və monoton, yeknəsəq siyasi tamaşaların iştirakçısı olmaq istəmirlər...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir...

XS
SM
MD
LG