Keçid linkləri

Təcili xəbərlər

Zülmətdə işıq həsrəti...


Son qurultay Müsavata yenilik gətirmədi.
Son qurultay Müsavata yenilik gətirmədi.

-

Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

ZAHİRƏN AZ ŞEY DƏYİŞİB...

Hətta ən nikbin adamlar da Azərbaycandakı siyasi vəziyyətdən danışanda məyusluğunu gizlədə bilmir. İlk baxışda hər şey öz qaydasındadır-qərargahlar olmasa da, partiyalar var, böyük satış problemlərii yaşasalar da, qəzetlər güc ilə bəla nəşr olunmaqda davam edir, hətta qarşıdan gələn bələdiyyə seçkilərilə maraqlananlar da tapılır...

Amma baxıb görürsən ki, bu kədərli fon belə nə vaxtsa qənaətbəxş görünə bilərdi. İndi isə o, daha çox narahatlıq və təlaş predmetidir. Ona görə ki, tənəzzül tükənmir, müxalifət partiyalarının onsuz da seyrək sıraları bir az da seyrəlməkdə davam edir.

İlk baxışda qeyri-adi heç nə baş verməyib. Aparıcı müxalifət partiyalarından birində-Müsavatda sədr dəyişikliyi baş verib.

Seçki, etiraf etmək lazımdır ki, tam alternativ qaydada keçmişdi, əsas rəqiblər də onu cüzi səs fərqilə başa vurmuşdular...

Amma ehtiraslar səngimir. Elə bir gün olmur ki, bu partiyadan istefalar haqqında xəbərlər yayılmasın-insanlar biri-birinin ardınca yeni sədri legitim hesab etmir, bəzisi özü partiyanı tərk edir, bəzilərini də, lap keçmişdə olduğu kimi, «kommunizm qurucusunun əxlaq kodeksinə yaraşmayan davranış»ına görə təşkilat sıralarından xaric edirlər...

SƏDR BAŞQA BİRİSİ DƏ SEÇİLSƏYDİ...

Əslində partiyadan istefalar əvvəlcədən də gözlənirdi. Sədr Arif Hacılı deyil, Qubad İbadoğlu seçilsəydi belə, istefalar olacaqdı. Məsələ bundadır ki, indiki formatda və biçimdə partiya İsa Qəmbər üçün nəzərdə tutulmuşdu və bütün mənalarda bu partiya onun partiyası idi...

Həm də insanların bir qismi daha müxalifətdə qalmağın perspektivini görmür, digər qismi isə öz qarşısında siyasi örnək hiss etmir...

Aradan 25 ilə yaxın vaxt keçib. Adam inana bilmir, təəccüb qalır ki, doğrudanmı, bu adamların hələ də deyilməmiş sözləri qalıb?..

Amma ən kədərlisi bilirsiniz nədir? Bütün bu proseslərdə bir işıq, zəif də olsa, bir işıq görüntüsü yoxdur... Bəyanatlar da sönük və maraqsız, iradlar arxaik, bəhanələr isə primitiv təsir bağışlayır...

Heç kim yeni proqram təklif etmir, heç kim yeni ideya səsləndirmir, heç kim bir təşəbbüsdə bulunmur. Hamı da «mübarizə» apardığını deyir. Nədir həmin bu mübarizə, nədən ibarətdir o, bunu heç kim izah etməyə təşəbbüs göstərmir.

Dərindən baxanda bu illər ərzində Azərbaycanın siyasi palitrası çox yeknəsəq olub. Digər əski sovet ölkələrində siyasi konfiqurasiya çox dəyişib. İndi Azərbaycanın müxalifət düşərgəsində mübarizə paranlar Zviad Gamsakhurdia-nın, Vytautas Landsbergis-in siyasi yaşıdları hesab edilə bilərlər.

Gürcüstanda və yaxud da ki, Litvada bu illər ərzində o qədər dəyişiklik olub ki, o ölkələrdə bəlkə də bu adları artıq heç xatırlamırlar da ...

HEÇ KİM ÖZ POSTUNU VERMƏYİB...

Niyə belə olub? Məsələ bundadır ki, Azərbaycanda nə hakimiyyət, nə də müxalifət siyasi konfiqurasiyanın dəyişməsində maraqlı olmayıblar-nə hakim partiyanın, nə də müxalifətin funksionerləri öz mövqelərini əldən verməyib, lap açığı, partiyadaxili statik, «dəmir-beton» mühiti stimullaşdırıblar...

Halbuki aradan 25 ilə yaxın vaxt keçib. Adam inana bilmir, təəccüb qalır ki, doğrudanmı, bu adamların hələ də deyilməmiş sözləri qalıb?..

Ona görə də «Bu düşərgə siyasətdən getsə nə olacaq?» soruşulanda heç nə demək istəmirsən və çox istəyirsən deyəsən ki, nə vardısa, elə o da olacaq...

Bu gün İsa Qəmbərin öz kabinetində oturması təkcə simvolik və şərti məna kəsb etmir. Bu, hardasa o deməkdir ki, bu partiya indi də İsa Qəmbərin və Arif Hacılının partiyasıdır.

Amma bir gün hamı getməlidi. İsa Qəmbər də nə vaxtsa getməli idi, digər partiya liderləri də, hətta bu sətirlərin müəllifi də... Çünki bu, həyatdır. Onun ən azı bir «qocalıq» adlı sonluğu var...

ADAMLAR DA İKİ CÜR OLUR...

Sadəcə, bu aspektdən yanaşanda iki cür adam olur. Biri özündən sonra heç kimin olmamasını istəyir, digəri isə arzu edir ki, özündən sonra yeni adamlar gəlsin, həyat davam etsin. Astronomik və bioloji amilləri bir tərəfə qoysaq, ən azı bir insan həyatı ilə müqayisədə əbədi olan elə həyatın özüdür...

Etiraf etmək lazımdır ki, bu son qurultay Müsavata yenilik gətirmədi. Həm partiyanı tərk edənlər, həm də hələ gözləyənlərin bir qismi bu fikirdədir. Arif Hacılının siyasətdə sözünü demək üçün kifayət qədər vaxtı olmuşdu... Hamı onun siyasi potensialını da bilir, üslubunu da...

Ona görə də bu gün İsa Qəmbərin öz kabinetində oturması təkcə simvolik və şərti məna kəsb etmir. Bu, hardasa o deməkdir ki, bu partiya indi də İsa Qəmbərin və Arif Hacılının partiyasıdır. Əvvəllər belə deyildimi? Məsələ də elə bundadır ki, əvvəllər də belə idi...

Amma insanlar bir-bir, iki-iki partiyadan gedirlər. Bəlkə də onlar da bu sönük siyasi həyata son demək üçün bir fürsət gözləyirdi? Hər şey ola bilər.

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG