-
SƏDR DƏ OLDU, HEÇ NƏ DƏYİŞMƏDİ...
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başa çatır. Bu müddətdə Azərbaycan Avropa Şurası kimi təşkilatın standartlarını xeyli aşağı saldı desək, bir o qədər də yanılmarıq...
Sədr olan təşkilatda bu müddət ərzində elə hadisələr baş verdi ki, düşünmək olardı ki, bu, Avropa deyil, uzaq Afrika ölkəsidir...
Bir neçə il bundan əvvəlin söhbətidi. Ölkədə təqiblərin yenidən vüsət aldığı bir vaxt söhbət zamanı hamı bu fikirdə idi ki, kimi də həbs etsələr Leyla Yunusu həbs edə bilməzlər...
Bu, bir neçə il bundan əvvəl olmuşdu. Amma bir görün nə baş verdi? 2014-cü ildə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda Leyla xanım həyat yoldaşı ilə birlikdə həbs edildi.
Ən başlıcası isə bu müddətdə bu yeganə hadisə deyildi. Bizim «hesablamalarımız»a görə, bu vaxt ərzində 10-a yaxın adam müxtəlif bəhanələrlə saxlanılmış, elə bir o qədər də adam qeyri-ciddi, elə ilk baxışdan süni təsir bağışlayan maddələrlə məsuliyyətə cəlb olunmuşdu.
Bu müddət ərzində siyasi məhbus problemi yenidən aktuallaşmış, Azərbaycan hökumətinə siyasi məhbusların yeni siyahısı təqdim olunmuşdu. Üstəlik, bir neçə məhbusun azad olunması haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı olsa da, onlar azadlığa buraxılmır...
Səhv etmiriksə, belə qərarlar İlqar Məmmədov və Əli İnsanov haqqında bir neçə dəfə səsləndirilib. Amma ölkənin ali məhkəmə instansiyaları hələ də bu qərarları qulaqardına vurmaqda davam edirlər.
BU ÖLKƏDƏ ADAMI NECƏ TƏQSİRLİ ELAN EDİRLƏR?..
Təbii ki, onlar hamısı ali icra hakimiyyətinin qərarlarını gözləyirlər. Ali icra hakimiyyəti isə insanların hüququnu təmin etməyin yalnız bircə yolunu bilir- onları «günah»larını etiraf etməyə məcbur etmək, sonra da «humanist» addım ataraq həmin adamları bağışlamaq...
Amma məhbuslar var ki, onlar bu ssenarini qəbul etmirlər, çünki özlərinin təqsirsiz olduqlarına əmindirlər. Təqsirsiz adamı necə məcbur edəsən ki, o, öz olmayan «təqsir»ini boynuna alsın, üstəlik televiziya ilə bağışlandığına görə hakimiyyətə minnətdarlıq etsin?
Hələ bir bununla da kifayətlənməyib Fəxri Xiyabanda kimlərinsə qəbrini ziyarət etmiş olsun? Bunun özü elə bir cəza deyilmi?
ZƏİF HEÇ DƏ HƏMİŞƏ HAQSIZ OLMUR...
Bəzən elə olur ki, güclü həmişə haqlı olur. Amma bu haqqın və həqiqətin deformasiyası deməkdir. Heç də hər yerdə bu cür olmur, zəifin də öz haqqını sübut edə bildiyi instansiyalar var...
Belə instansiyalardan biri də Avropa İnsan Haqları Məhkəməsidir. Amma onun qərarlarına hörmətlə yanaşmaq üçün birinci növbədə hüquq mədəniyyəti lazımdır. Başqa dövlətlər bu məhkəmənin qərarlarını ona görə yerinə yetirirlər ki, onlar mədəni ölkələrdir...
KRALİÇA VƏKİLİ NİYƏ MÜKAFATLANDIRDI?
Burada bir detal yada düşür. İngiltərə kraliçası Avropa İnsan Haqları Məhkəməsində İngiltərəyə qarşı bir neçə prosesi udan vəkili mükafatlandırır.
Kraliça bunu onunla izah edir ki, həmin vəkil onun vətəndaşlarının hüquqlarını hamıdan yaxşı müdafiə etdiyinə görə mükafatlanmalıdır. Amma bu gün Azərbaycanda Avropa İnsan Haqları Məhkəməsilə fəal əməkdaşlıq edən vəkillərdən biri- İntiqam Əliyev həbsdədir...
Güman edlirdi ki, Nazirlər Komitəsində sədrlik Azərbaycanı, azacıq da olsa, məsuliyyətli olmağa vadar edəcək. Amma bunun əksi oldu. Azərbaycan elə bu dəfə də mental qaydalara uyğun siyasət qurdu, «Bu da bir füsrsətdir, «vint»ləri bir az da bərkidək!» dedilər...
TƏƏSSÜF Kİ, BAŞQA BİR SEÇİM YOX İDİ...
Əslində, Avropa Şurasında sıravi üzv olduğu dövrlərdə də bu ölkə müsbət siyasətilə o qədər də diqqət cəlb etmirdi.
Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi indiki kimi yadımızdadır. O vaxt müxalifətin də razılığı tələb olunurdu. Müxalifət də razılıq verdi. Onlar düşündülər ki, Avropa Şurasına üzv olmamaqdansa, olmaq bütün hallarda daha düzgün yoldur...
Onlar haqlı idilər. Amma bəlkə də heç təsəvvür də etmirdilər ki, ölkə Avropa Şurasına üzv olandan sonra hansı oyunlardan çıxacaq... Amma bunu gözləmək lazım idi, çünki Azərbaycanda böyük «pripiska» ənənələri vardı...
Bu hakimiyyət əvvəlki dövrlərdə kommunizmi necə immitasiya edirdisə, indi demokratiyanı elə həmin üsullarla və həmin şövqlə immitasiya edir...
Bəlkə də elə Avropa Şurasının özündə də başa düşüblər ki, Azərbaycanı bu Birliyə qəbul edərkən daha çox geosiyasi mülahizələrə üstünlük veriblər. Elə onlar da düşünürdü ki, Azərbaycan üçün Şurada olmaq kənarda qalmaqdan daha faydalı olacaq.
Bir sözlə, ortalıqda xoş niyyət vardı. Buna görə isə heç kimi qınamaq olmur...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.